Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3034/2021 03.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və Cavabdeh2 və onların vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun dövlət notariusu X1 tərəfindən təsdiq olunmuş 01 avqust 2018ci il tarixli, 7E-2229 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, Sumqayıt "Asan xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 05.08.2018-ci il tarixli, 4Ə-2755 reyestr nömrəli bağışlanma müqaviləsinin və Cavabdeh2 adına qeydiyyata alınaraq 08.08.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəflər barışıq sazişi bağlandığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdilər. Cavabdehlər məhkəmə iclasında iddia tələbinə xitam verilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Cavabdehlərin vəkili X5 məhkəmə iclasında iddia tələbinə xitam verilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və hər üç şəxs tərəfindən təsdiqlənmiş 03.09.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. Cavabdehlər iddiaçıya 2021-ci ilin oktyabr ayından başlayaraq, hər ay 400 (dörd yüz) manat olmaqla, 20 ay müddətinə 8000 (səkkiz min) manat ödəməyi öhdələrinə götürürlər.
2. Ödəniş hər ayın 10-dan gec olmayaraq iddiaçının cavabdehlərə təqdim etdiyi bank kartına köçürüləcək.
3. İddiaçı cavabdehlərə qarşı hazırki mülki iş üzrə olan bütün iddialarından əl çəkir və gələcəkdə onlara qarşı bu iş üzrə mübahisə predmeti olan obyekt üzrə əmlak xarakterli hər hansı bir iddia irəli sürməkdən imtina edir.
4. Barışıq sazişi tərəflərdən hər hansı birinin təqsiri üzündən pozularsa, qarşı tərəfin digər tərəfə 2000 (iki min) manat təzminat ödəyir.
5. Barışıq sazişi pozularsa, hazırkı barışıq sazişi əsasında icra vərəqəsi yazılaraq bu şərtlərlə icraya yönəldiləcək.
6. Tərəflərə barışıq sazişinin məzmunu və nəticələri aydındır.
7. Barışıq sazişi 3 nüsxədə tərtib edilməklə, ikisi tərəflərdə qalır, 1 nüsxə isə məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə ərizəçi, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Bu Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlanma müqaviləsinin və çıxarışın ləğv olunması tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. Cavabdehlər iddiaçıya 2021-ci ilin oktyabr ayından başlayaraq, hər ay 400 (dörd yüz) manat olmaqla, 20 ay müddətinə 8000 (səkkiz min) manat ödəməyi öhdələrinə götürürlər.
2. Ödəniş hər ayın 10-dan gec olmayaraq iddiaçının cavabdehlərə təqdim etdiyi bank kartına köçürüləcək.
3. İddiaçı cavabdehlərə qarşı hazırki mülki iş üzrə olan bütün iddialarından əl çəkir və gələcəkdə onlara qarşı bu iş üzrə mübahisə predmeti olan obyekt üzrə əmlak xarakterli hər hansı bir iddia irəli sürməkdən imtina edir.
4. Barışıq sazişi tərəflərdən hər hansı birinin təqsiri üzündən pozularsa, qarşı tərəfin digər tərəfə 2000 (iki min) manat təzminat ödəyir.
5. Barışıq sazişi pozularsa, hazırkı barışıq sazişi əsasında icra vərəqəsi yazılaraq bu şərtlərlə icraya yönəldiləcək.
6. Tərəflərə barışıq sazişinin məzmunu və nəticələri aydındır.
7. Barışıq sazişi 3 nüsxədə tərtib edilməklə, ikisi tərəflərdə qalır, 1 nüsxə isə məhkəməyə təqdim edilir. İddiaçı tərəfindən ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumu X2 tərəfindən ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Əfqan Ələkbərov