Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-304/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4752 saylı evə əsassız olaraq yazılmış 1611 manat 20 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4752 saylı fərdi yaşayış evinin sahibidir. Cavabdehin **********23460 saylı kodu ilə abonentidir. Cavabdeh tərəfindən əsassız olaraq 1611 manat 20 qəpik borc yazılmışdır. 02.09.2020-ci ildə cavabdehin işçiləri tərəfindən iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib edilmişdir. Sonradan iddiaçıya 1611 manat 20 qəpik borc yazılmışdır. Həmin borc əsassızdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, cavabdehin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********23460 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQİ********** nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-03398-1 saylı akta əsasən sayğacın klapanının işlək olmaması, sayğacda “ALARM-1” rejiminin aşkar olunması və sair müəyyən olunmuşdur. Həmin faktla bağlı 21.12.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmışdır. 30.12.2020-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 2160 kub metr təşkil etmişdir. Hesablanmış 216 manat məbləğində dəymiş ziyan 2020-ci ilin dekabr ayından abonentin koduna yerləşdirilmişdir. İddiaçının hal-hazırda 1827,30 manat borcu vardır. Bundan 216 manat hesablanmış və abonent koduna yerləşdirilmiş dəymiş ziyandır, 1611,30 manat isə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış debitor borcdur. İddia tələbində qeyd olunmuş və silinməsi tələb edilən 1611,30 manat məbləğində borc istifadə edilmiş, lakin dəyəri ödənilməmiş təbii qaza görə yaranmış debitor borcdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 4752 saylı evə yalnız ay aylarında gedir. Həmin ev 30 ildir ki, alınıb, lakin daimi yaşayış olmayıb. Fərdi yaşayış evinin özəlləşdirilməsi isə 2009-cu ildə olub. Cavabdeh tərəfindən həmin ünvana quraşdırılmış qaz sayğacı yol kənarında yerləşir. Sayğaca olunan hər hansı bir müdaxiləyə görə cavabdehlik daşımır. Həmin üvnanda əvvəldən qaz sayğacı olub. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1972-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4752 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 02.09.200-ci il tarixli, ******* saylı akt əsasında iddiaçıya məxsus evin qaz sayğacı dövlət yoxlamasına aparılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.12.2020-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 4752 saylı evin qaz sayğacı dövlət yoxlanılmasına aparılmış və müəyyən edilmişdir ki, 1202AQ1********** nömrəli sayğacın klapanı işlək deyil. Aktda dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.12.2020-ci il tarixdə iddiaçıya 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın **********23460 saylı abonent saldosunda 2020-ci il üçün cavabdehə akt əsasında 216 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində ona əsassız hesablanmış 1611,20 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, iddiaçının təbii qazdan istifadəyə görə ümumi borcu akt əsasında 216 manat borc hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi qalan borc isə onun sayğac əsasında yaranmış borcudur. Belə olan halda isə həmn borcun silinməsi tələbi əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddia qismən təmin edilməli, iddiaçıya 21.12.2020-ci il tarixli akt əsasında hesablanmış 216 manat borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4752 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-304/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-304/2022
06.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver