Məhkəmə qərarları › İş №2(060)-3042/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3042/2023

04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3042/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxslər kimi göstərməklə) Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı orderin və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışının X4 mənsub olması hüquqi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X9 xx.xx.2022-ci ildə vəfat etmişdir. Atasının sağlığında Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 26 iyun 1970-ci il tarixli Qərarı ilə ünvan 1 ünvanında, ümumi sahəsi 32,8 kv.metr mənzil ayrılmış və bu barədə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 12 iyul 1970-ci il tarixli, 08/203 saylı order verilmişdir. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı orderdə binanın nömrəsi "31/14”, mənzil “3/83” qeyd edilsə də, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışında binanın nömrəsi “14”, mənzil “3” göstərilmişdir. Həmçinin sözügedən orderdə və arxiv çıxarışında mənzil sahibi kimi “X10” yazılsa da, ölüm haqqında şəhadətnamədə ərizəçinin atasının adı “X9” qeyd olunmuşdur. Qeyd olunan səbəblərdən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı ərizəçinin müraciətinə imtina cavabı vermişdir. İşə məhkəmədə baxılarkən məhkəmə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi də iş üzrə maraqlı şəxs kimi cəlb edilmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, orderdə və arxiv çıxarışında mənzilin nömrəsi müxtəlif göstərilsə də, mənzil istismar sahəsinin arayışı ilə müəyyən edilir ki, həmin nömrələr eyni mənzilə aiddir. Eyni zamanda XDS-nin icraiyyə komitəsinin qərarı və order dövrün tələbinə uyğun olaraq rus dilində tərtib edildiyindən “Qazı” adı “Kazi” kimi qeyd edilib. Tərcümə nüsxələrində isə “K” hərfi səhvən “N” kimi qeyd edilib. Qeyd edilənlərə əsasən nümayəndə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən ərizəçi xx.xx.1966-cı ildə anadan olmuşdur. Onun atası X9, anası isə X3. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X9 ilə X8 arasında nikah xx.xx.1963-cü il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Umarov, arvada Umarova soyadları verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli arxiv çıxarışı ilə müəyyən olunur ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1970ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 14-cü evin, 3 nömrəli mənzili X5 verilmişdir. xx.xx.1970-ci ildə verilmiş 08/203 saylı orderə əsasən Sumqayıt şəhəri, 31 nömrəli evin 3/83 nömrəli mənzili özündən başqa 3 nəfərdən ibarət ailə üzvü ilə birlikdə X5 verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli arauışına əsasən ərizəçi ünvan 3 ünvan 4-cü mikrorayon, ev 31/14, mənzil 83 ilə eynidir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X9 xx.xx.2022-ci ildə ildə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə əsasən Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1970-ci il tarixli, 08/203 nömrəli orderində binanın nömrəsi “31”, mənzil “3/83” qeyd edilsə də, Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışında binanın nömrəsi “14” mənzil “3” göstərilmişdir. Bundan əlavə sözügedən orderdə və arxiv çıxarışında mənzil sahibi kimi “X13” oğlu yazılsa da, ölüm haqqında şəhadətnamə sənədində ata adı “Qazı” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 orderdə və arxiv çıxarışında göstərilən mənzillərin eyni mənzil olmasını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.5.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə tədqiq olunan sübutları ümumiləşdirərək qeyd edir ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı order və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışında göstərilən mənzillərin eyni mənzil olması və həmin mənzillərin verildiyi şəxsin X9 olması iş üzrə tədqiq olunmuş sübutlarla təsdiq edilir. Bu səbəbdən ərizə təmin edilməli, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı orderin və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışın X4 mənsub olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12 iyul 1970-ci il tarixli, 08/203 saylı orderin və Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv çıxarışının X4 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar