Məhkəmə qərarları › İş №2(060)-3053/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3053/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3053/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********550) hesablanmış 298.28 manat borcun silinməsi barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsi müdafiə edərək göstərdi ki, hazırda ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən onun yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********550) bu günkü tarixə 596.55 manat borc hesablanmışdır. Yaşadığı ünvanda sayğac olmadığına görə həmin borc metodik olaraq hesablanmışdır Cavabdehin ona göndərdiyi bildirişdə ünvanda yaşayışçı kimi 2 nəfər göstərilməsinə baxmayaraq həmin ünvanda ondan başqa heç kim yaşamır. Ona görə hesab edir ki , əlavə bir nəfərə görə hesablanmış metodik borc məhkəmə tərəfindən silinməlidir. Dəfələrlə həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina edərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ASC tərəfindən yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********550) hesablanmış 298.28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının yaşadığı mənzildə 2016-cı ilin iyuniyul aylarında sudan istifadə olunmuşdur. İddiaçı tərəfindən bu illər ərzində isttifadə etdiyi suya görə ödənişlər olunmamışdır. Yalnız bu ildə 30 manat ödəniş etmişdir. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş- xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı əsassız olaraq hesablanmış 298 (iki yüz doxsan səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan “Abonent kartından” görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10\A, mənzil 55-ə 2016-2022-ci il üzrə 605,55 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh Sumqayıt rayon sukanal idarəsinin hesab fakturasından görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/A, mənzil 55-ə 596,55 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şükürov Kəmalə Şakir qızı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, 2-ci paralel küçə, ev 55 –də qeydiyyatdadır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşarı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini su təchizatı və kanalizasiya müəssisəsi ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi “Abonent haqqında məlumat”a əsaslanır. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Cavabdeh tərəf dəlillərinin əsaslı və iddianın əsası kimi istinad edilən halların əsassız olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən bir nəfər üçün hesablanmış debitor borc olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, 2-ci paralel küçəsi, mənzil 55 (abonent kodu: **********550) ünvanına hesablanmış 298 (iki yüz doxsan səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, 2-ci paralel küçəsi, mənzil 55 (abonent kodu: **********550) ünvanına hesablanmış 298 (iki yüz doxsan səkkiz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borc silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar