Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3054/2020 25.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili İbrahimov Nizami Hafiz oğlunun, Cavabdeh Hümbətov Rəhman Hümbət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və borcun cavabdehdən tutulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və borcun cavabdehdən tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında xx xxxx 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və 22225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İbrahimov Nizami Hafiz oğlu iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı aralarında xx xxxx 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 22225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində borc pul vermişdir. Tərəflərin arasında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu 2 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək hissə-hissə qaytarmalı olduğu halda müqavilə üzrə götürdüyü öhdəliyi pozaraq iddiaçıya qaytarmalı olduğu borcdan 1 manat belə ödəməmişdir. İddiaçı dəfələrlə cavabdehdən borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsini tələb etməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən yayınır. Hesab edir ki, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Çünki cavabdeh müqavilə üzrə öhdəliklərini hissə-hissə bu günədək ödəmiş olsaydı borcun böyük bir hissəsi ödənilmiş olacaqdı. Qeyd etdiklərinə əsasən o, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı ilə aralarındakı müqavilə formal bağlanmışdır. İddiaçı ona hər hansı bir məbləğdə borc verməmişdir. Ona görə də hesab edir ki aralarındakı borc müqaviləsi qanunsuzdur. Əgər qanuni olmuş olsa idi belə hazırda onun həmin borc məbləğini ödəmək üçün maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Cavabdeh 22225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh iddiaçıdan aldığı borcu 2 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bundan başqa işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx xxxx 2020-ci il tarixli borc müqaviləsi üzrə bu günədək heç bir ödəniş etməmiş, ödəniş etməsinə dair, həmçinin müqavilənin etibarsız hesab edilməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan müqavilə vardır. Həmin müqavilə mahiyyəti etibarı ilə borc müqaviləsidir və bağlanılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş forma və şərtlərə riayət edildiyindən onun etibarsızlığı üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinin göstərişinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa, iş materialları və işin araşdırılan hallarına əsasən müəyyən edildi ki, iddiçı tərəfindən cavabdehə müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə dair bildiriş göndərilməmiş, ancaq iddiaçı şifahi olaraq cavabdehdən borcun qaytarılmasını tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiçı tərəfindən müqavilənin bir tərəfli qaydada ləğv edilməsinə dair cavabdehə yazılı bildiriş göndərilməsə də, öhdəliyin icrası barədə iddia irəli sürülməsi və bu barədə məhkəmə bildirişlərinin cavabdehə çatması qeyd etməyə əsas verir ki, cavabdeh öhdəliyini xatırlatma üzrə gecikdirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsinə aid hissədə əsaslıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə cavabdehin borc müqaviləsi üzrə hissəhissə etməli olduğu ödənişləri faktiki olaraq icra etmək iqtidarında olmadığından və bununla bağlı iddiaçıya hər hansı bir təminat verə bilmədiyindən iddia tələbi 22225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində borcun vaxtından əvvəl qaytarılmasına aid hissədə əsaslıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2020-ci il tarixli borc (kredit) müqaviləsi ləğv edilsin. Cavabdeh 22225 (iyirmi iki min iki yüz iyirmi beş) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3054/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3054/2020
25.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver