Məhkəmə qərarları › İş №2(060)-3071/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3071/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3071/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qarşı tərtib etdiyi 15.12.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 950 (doqquz yüz əlli) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00430 saylı abonent hesabından (saldo) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür və 2012-ci ildən Sumqayıt şəhəri, yeni yaşayış massivi 3-cü məhəllədə fərdi yaşayış evini inşa etməyə başlamışdır. 2014-cü ildən evin bir otağını və mətbəxini təmir edərək ailəsi ilə birgə həmin evdə məskunlaşmışdır. Təxminən 2014-2015-ci ildən yaşadığı həmin evə qaz sayğacı quraşdırılmış və 2017-ci ilin fevral ayınadək məcburi köçkün ailəsi olduğu üçün aylıq qaz sərfıyyatının dəyəri dövlət büdcəsi hesabına həmin tarixdən sonra isə mütəmadi olaraq sərf etdiyi qazın dəyəri iddiaçı tərəfindən əvvəlcədən ödənilmişdir. 29.12.2021-ci il tarixdə qaz sayğacı cavabdeh təşkilatın əməkdaşları tərəfindən yeni smart kart tipli sayğacla əvəz edilmişdir. 2022-ci ilin yanvar ayında sayğacın smart kartına növbəti dəfə ödəniş edib sayğaca yükləyərkən ödədiyi məbləğin sayğaca tam yüklənmədiyini müşahidə etmişdir. Məsələ ilə əlaqədar Qaz İstismar İdarəsinə müraciət edərkən iddiaçıya bildirilmişdir ki, guya cari ilin fevral ayında iddiaçının mənzilində rezin boru vasitəsilə sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də iddiaçıya 90 gün müddətinə əlavə olaraq 950 (doqquz yüz əlli) manat borc hesablandığından ödədiyi vəsaitin bir hissəsi həmin borcdan çıxılmışdır. İdarənin əməkdaşları iddiaçıya gecə vaxtı çəkilmiş şəkillər və 15.12.2021-ci il tarixli akt təqdim edərək öz hərəkətlərinin əsaslı olmasını sübut etmək istəmişlər. İddiaçı Qaz istismar idarəsinin əməkdaşlarına onların bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Çünki iddiaçıya təqdim olunmuş aktdan xəbəri olmadığı halda orada qeyd edilmişdir ki guya abonent aktı imzalamaqdan imtina etmişdir. Əgər həmin akt tərtib olunarkən iddiaçı dəvət olunsaydı həmin şəxslərə evinin daxilinə də baxış keçirilməsinə şərait yaradardı ki, bu zaman həmin rezin boru xəttinin iddiaçının yaşadığı mənzilə heç bir aidiyyətinin olmadığı müəyyən edilmiş olardı. Həmin müəssisənin əməkdaşları isə iddiaçıya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15.12.2021-ci il tarixli ******* nömrəli aktın yazıldığını və həmin akta əsasən hesablanmış 950 (doqquz yüz əlli) manat cərimə məbləği ödənilməsini iddiaçıdan tələb etmişdirlər. Qeyd olunanlara əsasən hesab edir ki, Azəriqaz İB-nin sözügedən hərəkətləri ilə iddiaçının istehlakçı hüquqları kobud şəkildə pozularaq onun üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarının müdafiəsi yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir.Aşağıda sadalanan əsaslara görə «Azəriqaz» İB tərəfindən hesablanmış 950 (doqquz yüz əlli) manat cərimə məbləği silinməlidir. Yuxarıda qeyd olunduğu kimi “Azəriqaz” İB-nin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15.12.2021-ci il tarixli ******* nömrəli aktı mənim iştirakım olmadan tərtib etmiş və aktda güya abonent imzadan imtina etmişdir şəklində həqiqətə uyğun olmayan məlumat qeyd edərək birtərəfli qaydada təsdiq etmişlər ki, bu da sözügedən aktın qanunsuz və qərəzli tərtib edildiyini sübut edir. Belə ki, əgər mənim iştirakı təmin edilsəydi evimin daxilinə də baxış keçirilməklə sayğacdan kənar xətdin mənim evimdə istifadə olunmadığı müəyyən edilmiş olacaqdı. Lakin Azəriqazın əməkdaşları tərəfindən həqiqət müəyyən edilmədən mənim üzərimə əlavə öhdəlik qoyulmuşdur. Cavabdeh tərəfindən 4x24x90=8640 riyazi hesablama yolu ilə iddiaçıya güya itirilmiş qazın bərpası üçün cərimə tətbiq edilmişdir. Həmin hesablamadan görünür ki, cavabdeh hesab etmişdir ki, güya iddiaçının evində 1 saatda 4 kubmetr qaz sərf edilir və bunu günün 24 saatına vurmaqla bir sutka ərzində evdə 96 kubmetr qaz sərf olunduğu qənaətinə gəlmişlər. Cavabdeh həmçinin hesab etmişdir ki, 15.12.2021-ci il tarixdən əvvəlki 90 gün tarixdən başlayaraq, yəni təxminən həmin ilin 15 sentyabr tarixindən iddiaçının evində günlük 96 m3 təbii qaz sərf edilmişdir. Halbuki, iddiaçının evi 85 m2 sahəli, 1 mərtəbəli 3 otaqdan ibarətdir. Orada qaz cihazı olaraq 1 ədəd 24-lük kombi, 1 ədəd 3 gözlü mətbəxt qaz sobası mövcuddur. Göründüyü kimi qeyd edilən sahəli evdə istifadədə olan qaz qurğularının bir gün ərzində 96 m3 qaz sərfi heç bir ağlabatan məntiqə və həmin qurğuların texniki göstəricilərinə uyğun deyil. Hələ ki, ilin sentyabr, oktyabr və noyabr aylarında fərdi yaşayış evində belə bir həcmdə qaz sərfiyyatmın qeydə alınması mümkünsüzür. Çünki ölkədə qış mövsümü noyabr ayının sonundan başlayır və həmin dövrədək evlərdə istilik sistemlərindən istifadə olunmur. Qeyd olunanlardan başqa cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq hər ay ərazidə qaz sayğaclarına baxış keçirirlər və əgər iddiaçı tərəfindın həqiqətən belə bir hala yol verilmiş olsaydı onlar da bu halı qeydə almış olardılar. Bütün bunlar bir daha onu göstərir ki, cavabdehin iddiaçıya qarşı hərəkətlərinin heç bir məntiqi və hüquqi əsası olmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Əlavə olaraq bildirdi ki, sayğac yaşadığı evdən kənarda yerləşir. Buna görə də sayğaca müdaxiləyə görə məsuliyyət daşımır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktı qanunsuz, həmin akt əsasında hesablanmış cərimənin əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 oğlu iddia tələbi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 15.12.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 27.04.2021-ci ildə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı (№1002AQ**********1) sayğaca baxış keçirilmiş, rezin boru vasitəsilə sayğacdan kənar qaz istifadə olunduğu aşkar olunmuşdur. - “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən 15.12.2021-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı 15.12.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 950 manat cərimə hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X5 Reyestrinə daxil edilməsidir. X2 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X5 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X5 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə itirilmiş qazın dəyərinin, habelə sayğaça görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1000 manatadək olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 3-cü məhəllə (Yaşıldərə) ev 3, mənzil 43 ünvanına (abonent kodu: **********00430) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.12.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 950 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, Yeni yaşayış massivi, 3-cü məhəllə (Yaşıldərə) ev 3, mənzil 43 ünvanına (abonent kodu: **********00430) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15.12.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 950 manat məbləğində borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İBdən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar