Məhkəmə qərarları › İş №2(060)-3075/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3075/2023

06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3075/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 263, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 40 saylı fərdi yaşayış evinə hesablanmış 134.98 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 263, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 40 saylı fərdi yaşayış evində yaşayır. Həmin ev onun xüsusi mülkiyyətindədir. Hazırda həmin yaşayış evi üzrə 134.98 manat məbləğində mənzilin keçmiş sahibinin istifadəsi nəticəsində yaranmış qaçqın borcu vardır. O, cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 263, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 40 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Abunə haqqında çıxarışdan görünür ki, 134.98 manat silinməli qaçqın borcu mövcuddur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 263, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 40 saylı fərdi yaşayış evinə xx.xx.2016-ci ilə kimi hesablanmış sərfiyyat borcu 134.98 manat təşkil edir. Həmin məbləğ dondurulmuş məcburi köçkün borcudur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 1045.01 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 134.98 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinməli” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatadək olduqda olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 30/4 saylı evin 47 saylı mənzilində yaşayan X2 istifadəsində olan **********01180 saylı abonent koduna hesablanmış 1045.01 manat borc silinməli və iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 263, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 40 saylı fərdi yaşayış evi üzrə qeydiyyata alınmış **********02284 saylı abonent koduna hesablanmış 134,98 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar