Məhkəmə qərarları › İş №2(060)-3083/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3083/2025

12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3083/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Laçınov Etibar Babaşah oğlunun iştirakı ilə, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2rşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2rşı iddia qaldıraraq, cavabdeh tərəfindən Sumqayıt şəhəri, Qızılağac küçəsi, “Xəzri” yaşayış massivində yerləşən fərdi yaşayış evində (**********000) saylı koda istifadə olunmamış xidmətlərə görə əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən kanalizasiya xidmətlərinə görə hesablanmış 285,60 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Qızılağac küçəsi, “Xəzri” yaşayış massivində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birikdə yaşayır. Qeyd olunan fərdi yaşayış evində xx.xx.2011-ci il tarixdə kod (**********000) açılaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılıb. Sonradan xx.xx.2015-ci il tarixdə fərdi yaşayış evində su sayğacı quraşdırılaraq hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Cavabdehin nümayəndələri yaşadıqları fərdi yaşayış evində ümumiyyətlə kanalizasiya xidməti göstərilməməsinə baxmayaraq 2011-ci il tarixdən etibarən əsassız olaraq onun heç bir məlumatı olmadan kanalizasiya xidmətlərinə görə ondan artıq pul tələb ediblər. Hesab edir ki, cavabdeh tərəfindən istifadə olunmamış xidmətlərə görə hesablanmış məbləğ əsassızdır. Cavabdeh təşkilata müraciət edərək illər üzrə əsassız olaraq hesablanmış artıq pul məbləğinin silinməsini xahiş etsə də, bunun mümkün olmadığını bildirdilər. Ona görə də, illər üzrə əsassız olaraq hesablanmış məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Laçınov Etibar Babaşah oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X4 nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçıya məxsus ünvanda xx.xx.2011-ci ildə abonent kodu açılmış, hesabat 3 nəfər ailə üzvünə görə normativ qaydada hesabat aparılmışdır. xx.xx.2015-ci ildə sayğac quraşdırılmışdır. İddiaçının 2025ci ildə rəsmi müraciəti olmuş, kanalizasiya olmadığı halda yazılmış kanalizasiya xidmələrindən istifadəyə görə borcun silinməsini istəmişdir. Onun müraciəti müsbət həll olunmuşdur. 2011-2025-ci illər arasında kanalizasiya xidmətlərindən istifadəyə görə 285,60 manat hesabat aparılmışdır.

Tədqiq olunan sübutlar:

7. Abonent kartından görünür ki, kanalizasiya xdmətlərinə görə 2011-2024-ci illər üzrə 281,82 manat məbləğində hesabat aparılmışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun

-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın

-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 tərəfindən ünvan 1 ünvanına (abonent kodu:**********000) xx.xx.2011-ci il tarixindən su təchizatı sistemindən suyun buraxılması xidmətləri göstərilmiş və bu barədə 30729695 saylı müqavilə bağlanmışdır. Həmin ünvana dair abonent kodu İddiaçı məxsusdur. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 tərəfindən qeyd olunan ünvana tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsinə görə 2011-2024-ci illər üzrə 281,82 manat məbləğində hesabat aparılmışdır.

14. İddiaçı hal-hazırda həmin borc məbləğinin silinməsini məhkəmədən xahiş edir.

15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 tərəfindən İddiaçı (abonent kodu: **********000) yalnız su təchizatı sistemindən suyun buraxılması xidməti göstərilmişdir. Lakin abonent kartından görünür ki, abonentin tullantı sularının axıdılması xidmətlərinə görə 2011-ci ildə 9,90 manat, 2012-ci ildə 10,80 manat, 2013-cü ildə 10,80 manat, 2014-cü ildə 10,80 manat, 2015-ci ildə 10,56 manat, 2016-cı ildə 14,76 manat, 2017-ci ildə 33,60 manat, 2018-ci ildə 24,30 manat, 2021-ci ildə 8,70 manat, 2022-ci ildə 59,10 manat, 2023-cü ildə 42 manat, 2024-cü ildə 46,50 manat məbləğlərində hesabat aparılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən tullantı sularının axıdılması xidmətləri göstərilmədiyi halda , əsassız olaraq hesabat aparılmışdır.

16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 tərəfindən ünvan 1 ünvanında tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 281 (iki yüz səksən bir) manat, 82 (səksən iki) qəpik məbləğində borc **********000 saylı abunə hesabından silinsin. Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X3 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar