Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3094/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Dəmir yol stansiyasında iddiaçının istifadəsində olan 0.01818 ha torpaq sahəsində yerləşən 2 saylı, 42,83 kv.m ümumi, 42,83 kv.m yaşayış sahəsindən ibarət 1 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh idarənin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilə xx.xx.2023-cü il tarixli, 031402 saylı “kənar xəttə” qoşulmağı barədə akt tərtib edilmişdir. Bu akt əsasında iddiaçının mənzilinə 1 495,35 manat borc hesablanmışdır. Həmin mənzilin sayğacı var və iddiaçı tərəfindən sayğac üzrə vaxtında ödənişlər edilmişdir. İddiaçının sayğac üzrə son ödənişi xx.xx.2023-cü ildə edilmişdir. Bu aktın hansı şəraitdə və nə üçün yazılması, hansı kənar xəttin aşkarlanması iddiaçıya məlum deyildir. Dəfələrlə cavabdeh təşkilatın yerlərə nəzarət edən əməkdaşlarına müraciət etsə də, onlar bu aktın mərkəzi təşkilat əməkdaşları tərəfindən yazılmasını bildirərək iddiaçıya hər hansı aydınlıq gətirməmişlər. Bu akt tərtib edilərkən iddiaçının iştirakı olmamışdır. Cavabdeh təşkilat tamamilə qanunsuz və qanunvericiliyə zidd akt tərtib etmişlər. Nəticədə iddiaçının bir istehlakçı hüquqları pozulmuş və üzərinə əsassız borc hesablanmışdır. Göstərilənlərə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Dəmiryol stansiyasında iddiaçının istifadəsində olan 0.01818 ha torpaq sahəsində yerləşən ev 2, 1 saylı mənzilə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 031402 saylı aktın qanunsuz hesab edilməsi və əsassız hesablanmış 1 495,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" ASC-nin NDM № 031402 saylı, 06 fevral 2023-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Sumqayıt şəhəri, Tağıyev stansiyasında yerləşən ünvanda (abonent kodu **********00140) quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacda kənar xətdən istifadə edilir. Sayğac çöl divarda yerləşir.
7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına abonentə sayğac oxunması üzrə 1291 manat, aktlar bölməsi üzrə 1498,97 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 1495,42 manat təşkil edir.
8. İş materiallarında olan "xxxx" ASC-nin Akt komissiyasının xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, NDM № 031402 saylı, 06 fevral 2023-cü il tarixli akt əsasında cəmi 1493,80 manat məbləğində borc hesablanmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında quraşdırılmış elektrik sayğacının abonent kodu İddiaçı adına qeydiyyatdadır. İddiaçı məlum olmuşdur ki, həmin mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən manat 1495,35 məbləğində borc hesablanmışdır.
10. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir əsaslı sübut təqdim olunmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
13. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
15. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.
16. Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir.
17. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
18. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
19. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
20. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
21. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
22. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
23. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı mənzilin çöl divarında quraşdırılmış sayğaca kənar xəttin qoşulması müəyyən olunmuşdur. Qeyd olunan nöqsanı müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisindən sərfiyyata görə cərimə hesablamışdır. Halbuki, yuxarıda istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
24. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirildiyi zaman, kənar xəttin qoşulması aşkar edilsə də, həmin xəttin iddiaçının yaşadığı mənzilə aparılması (yəni daxil olması) aşkar olunmamışdır.
25. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
26. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı 1495,35 manat borcun silinməsini tələb etsə də, NDM № 031402 saylı, 06 fevral 2023-cü il tarixli akta əsasən onun borcu 1493,83 manat təşkil edir.
27. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmaqla, cavabdeh "xxxx" ASC tərəfindən 06 fevral 2023-cü il tarixdə tərtib edilmiş NDM № 031402 saylı akt əsasında hesablanmış 1493,83 (bir min dörd yüz doxsan üç manat, səksən üç qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu **********00140) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Nəticə hissəsi:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən 06 fevral 2023-cü il tarixdə tərtib edilmiş NDM № 031402 saylı akt əsasında hesablanmış 1493,83 (bir min dörd yüz doxsan üç manat, səksən üç qəpik) manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu **********00140) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva