Məhkəmə qərarları › İş №2(060)-3099/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3099/2022

25.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3099/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 747,66 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir. 2002ci il tarixdən göstərilən ünvanda ailə üzvlərilə birlikdə məcburi köçkün kimi məskunlaşmışlar və hal-hazırda yaşayırlar. Cavabdehin nümayəndələri tərəfindən mülkiyyətində olan mənzildə "su təchizatı və kanalizasiya xidmətləri"nə görə xx.xx.2022-ci il tarixə 747,66 manat borcunun olması, borc məbləği ödənilmədiyi halda su təchizatının dayandırılacağı bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən əsassız olaraq onun ünvanında 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmışdır. Halbuki qeyd olunan mənzildə 2002-ci il tarixdən 7 nəfər ailə üzvünün məcburi köçkün kimi limiti nəzərə alınmamış və əsassız olaraq borc məbləği hesablanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1-də Cavabdeh ASC-nin “Sumqayıt Sukanal İdarəsinin abonent bazasında abonent kimi 01.01,2002-ci il tarixdən iddiaçının adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə xx.xx.2022-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” 790,66 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb cavabdehin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda xx.xx.2002-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Ünvanda xx.xx.2018-ci il tarixdə sayğac quraşdırılmışdır. Etiraz ərizəsində abonentin illər üzrə hesabatına dair cədvəl əks etdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci ildə, Laçın rayonu, Güləbird kəndində anadan olmuş, həmin ünvanda da qeydiyyatdadır. 12 saylı Mənzil-Kommunal Sahəsinin 315 saylı arayışında göstərilmişdir ki, iddiaçı məcburi köçkündür, ünvan 1 ünvanında ailə üzvləri ilə 2002-ci ildən məskunlaşıb. İşdə olan abonent kartında iddiaçının su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartında iddiaçının 2022-ci il də daxil olmaqla su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcu öz əksini tapmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2002-ci il tarixli, 30254251 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda iddiaçının 2011-2022-ci ilər üzrə su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcu öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. İddiaçı ona cavabdeh tərəfindən əsassız olaraq 747,66 manat borc hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Mülki Məcəllədə göstərilmişdir ki, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər (550). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1.). İşdən göründüyü kimi iddiaçının silinməsini xahiş etdiyi borcun 743,40 manatı 5 il əvvəlki dövrdə yaranmış borcdur. Məhkəmə hesab edir ki, həmin borcla bağlı qanunvericiliklə müəyyən edilmiş tələbetmə müddəti keçdiyi üçün iddia tələbi həmin borcun silinməsi hissəsində təmin edilməlidir. Yerdə qalan məbləğ isə iddiaçının son beş il ərzində yaranmış borcu olduğu üçün iddia həmin borcun silinməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 743 (yeddi yüz qırx üç) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar