Məhkəmə qərarları › İş №2(060)-3117/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3117/2024

06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3117/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv olunması və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 15 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı akta görə Əsassız yazılmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə, Yeni yaşayış massivi ərazisində ona məxsus fərdi yaşayış evinə "Azəriqaz” İstehsalat Birliyinın əməkdaşları tərəfindən tərtib edılmış xx.xx.2023-cü ıl tarixli ******* saylı akta əsasən 3110,40 manat (sayğacın zavod nömrəsi **********8, abonent kodu **********04160) əsassız olaraq yazılmış cərimə borcunun araşdırılıb silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər, Yaşıldərə, Yenı yaşayış massivi ərazisində ona məxsus fərdı yaşayış evinə heç bir xəbərdarlıq etmədən Sumqayıt qaz istismar sahəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 3110,40 manat (sayğacın zavod nömrəsi **********8, abonent kodu **********04160) cərimə borcu yazılmışdır. Əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə ona 3110,40 manat manat cərimə yazmışdır. Guya xəttə müdaxilə olmuşdur. Onun tərəfindən heç bır müdaxilə olmayıb. Heç bir günahı da yoxdur. Cavabdeh İB-nə halhazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin cərimə qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. Vaxtlı-vaxtında qaz sərfiyyatına olan borcu kartla ödəyir. Heç bir borcu yoxdur. 'Azəriqaz” İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının guya pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akta görə yazılmış 3110,40 manat cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş qaz sərfiyyatının hesablaşma dövründəkı göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaz sərfiyyatının istifadəsinə görə mövcud qərarların müvafiq maddəsinə əsasən qaz təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş alır. Cavabdeh təşkilat isə onun istifadə etmədiyi qaz sərfiyyatına görə ödəniş tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “əsassız yazılmış cərimə borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırılır ki, Sumqayıt şəhəri, “Yaşıldərə“, Yeni yaşayış massivi ünvanına əməkdaşları tərəfindən baxış keçirilərkən Əhmədova Hicran Rafiq qızına məxsus **********8 saylı sayğacdan kənar qeyri-qanuni qoşulma halı müəyyən edilmişdir və yerində ’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan ’Abonent sayğacdan kənar qeyriqanuni qazdan istifadə edir” qeyd olunmuşdur (fotoşəkil və video görüntü mövcuddur). Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x12x360=25920m3 x 0,12qəpik=3110,40 (üc min yüz on manat qırx qəpik) manat dəymiş zərər hesablanmısdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi X1 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər". Bütün yuxarıda göstərilənləri nəzərə alaraq 2(060)-3117/2024 saylı mülki iş üzrə İddiaçı “ əsassız yazılmış cərimə borcun silinməsi” tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qaza müdaxilə etdiyi üçün ona cərimə yazılmışdır. Təqsirini qəbul edir, həqiqətən kənar xətdən istifadə etmişdir. Lakin cərimə çox hesablanmışdır və həmin məbləği ödəmək imkanı yoxdur. Evi həyət evidir və 3 otaqlıdır. Evdə qaz plitəsi və kombidən istifadə edilir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəfindən sayğaca müdaxilə edilib, sayğaca kənar xətt qoşulub. Bu fakt videogörüntüdə aydın görünür. Bununla əlaqədar müvafiq akt da tərtib olunub və nəticədə iddiaçıya cərimə hesablanıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumaqayıt şəhəri, Yaşıldərə massivi, 0020-4160 7 ünvanında İddiaçı adına açılmış qaz sayğacına müdaxilə olunması və abonentin rezin boru vasitəsi ilə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Sumaqayıt şəhəri, Yaşıldərə massivi, 0020-4160 7 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 3110.40 manat borc hesablanmışdır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Sumaqayıt şəhəri, Yaşıldərə massivi, 0020-4160 7 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 25920 m3 müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına əsas ******* saylı, xx.xx.2023-cü il tarixli aktdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Sumaqayıt şəhəri, Yaşıldərə massivi, 0020-4160 7 ünvanında sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, sayğaca müdaxilə (rezin boru vasitəsilə) edildiyi aşkar olunduğundan Cavabdeh İB tərəfindən ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında iddiaçıya borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzildə qazdan kənar xətt vasitəsilə istifadə edilmişdir. Lakin videodiskdə olan görüntülərdən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının qazdan kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 360 gün müddətinə hesablanması ağlabatan deyil. Əks yanaşma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hesabatın 90 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyan 90 gün müddətinə hesablanmaqla, eyni zamanda bir gün üçün sərfiyyatın miqdarı 4m3 qəbul edilməklə (4m3 x 12 saat x 90 gün= 4320 m3 x 12 qəpik=518.40 manat) təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləğdə (518.40 manat) borcun tələb edilməsi əsaslıdır, 2592 (3110.40-518.40) manat borcun tələb edilməsi hissəsində isə əsaslı deyil. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 2592 manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Yaşıldərə massivi, 0020-4160 ünvanına (abonent kodu: **********04160) hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar