Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3119/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinə 2.000 manat olmaqla, ümumilikdə 14.000 məbləğində manat kompensasiya verilməklə onların və Cavabdeh5 yetkinlik yaşına çatmayan qızı 14.03.2019-cu il təvəllüdlü Əliyeva Mədinə Həndəm qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinə 2.500 manat olmaqla, ümumilikdə 15.000 məbləğində manat kompensasiya verilməklə onların və cavabdeh Cavabdeh5 yetkinlik yaşına çatmayan qızı 14.03.2019-cu il təvəllüdlü Əliyeva Mədinə Həndəm qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında olan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin ünvanda qeydiyyatdadır və həmin ünvanda da ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh1 onun doğma qardaşı, digər cavabdehlər isə qardaşının ailə üzvləridir. Cavabdehlər ona məxsus mənzildə qeydiyyatda olsalar da, 2008-ci ildən ona məxsus mənzildə yaşamırlar. Belə ki, həmin vaxtdan cavabdehlər daimi yaşamaq üçün ona məxsus mənzili tərk etmişlər. Cavabdehlər ona məxsus mənzildə yaşamasalar da, həmin ünvanda qeydiyyatdadırlar. Həmçinin Cavabdeh5 yetkinlik yaşına çatmayan qızı 14.03.2019-cu il təvəllüdlü Əliyeva Mədinə Həndəm qızı da mənzildə qeydiyyatdadır. Bu məqsədlə iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərə hər birinə kompensasiya verməklə onların həmin mənzildə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirdi ki, cavabdehlər 2008-ci ildən həmin mənzildə yaşamırlar. Mənzil ata mülkiyyətidir. Cəmilə, Aysel, Səbinə və Şəbnəm ailə qurub evdən çıxmışdırlar. O, iddia tələbini müdafiə etdiyini və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddiaçı ilə eyni məzmunlu izhat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir, o və digər cavabdehlər sözügedən mənzilə istifadə hüquqlarının itirilməsinə etiraz etmirlər. O, iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 56 saylı evin, 11 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 16.10.2010-cu ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı 11.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh6, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Əliyeva Mədinə Həndəm qızı Sumqayıt şəhəri, 13-cü mikrorayonda, 56 saylı evin, 11 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh3 imzaladıqları ərizədən görünür ki, hazırki iddianı qəbul edirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 56 saylı evin, 11 saylı mənzili 16.10.2010-cu ildən iddiaçının mülkiyyətindədir. Cavabdeh1 onun doğma qardaşı, digər cavabdehlər isə qardaşının ailə üzvləridir. Cavabdehlər iddiaçıya məxsus mənzildə qeydiyyatda olsalar da, 2008-ci ildən mənzildə yaşamırlar. Cavabdehlərin mübahisəli evə istifadə hüququ vardır və təklif olunan kompensasiyanın müqabilində istifadə hüquqlarına xitam verilməsinə razıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki,Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, öz müstəqilliyini elan etmiş, hüquqi və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət hüququna münasibət tamamilə dəyişmişdir. Konstitusiyanın 13 və 29 maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu, mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarınnın istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsi tələb etmək hüququnu verməsə də, o, yaşayış istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Şərh edilənləri və cavabdehlərin iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə cavabdehlərin hər birinə 2500 manat olmaqla cəmi 15.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə, mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Bununla da, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və Cavabdeh5 hər birinə 2.500 manat olmaqla, ümumilikdə 15.000 məbləğində manat kompensasiya verilməklə onların və Cavabdeh5 Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 56 saylı evin, 11 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 hər birinə 2.500 manat olmaqla, ümumilikdə 15.000 məbləğində manat kompensasiya verilməklə onların və Cavabdeh5 yetkinlik yaşına çatmayan qızı 14.03.2019-cu il təvəllüdlü Əliyeva Mədinə Həndəm qızının Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 56 saylı evin, 11 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay kecdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3119/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3119/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver