Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-313/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusun cavabdehlərdən alınaraq onlara qaytarılması, Cavabdeh2 Cavabdeh1 aldığı 13000 manat pul vəsaitinin Cavabdeh2 tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək İddiaçı1 və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusun cavabdehlərdən alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar tələbi onunla əsaslandırmışdırlar ki, iddiaçılar arasında olan razılaşmaya əsasən İddiaçı2 İddiaçı1 mülkiyyətində olan ** CH *** dövlət nömrə nişanlı, Ford Transit 150D Van markalı mikroavtobusu 9600 manata nağd qaydada satın almışdır. Nəqliyyat vasitəsinin pulunu ödədikdən sonra xx.xx.2018-ci il tarixdə mülkiyyətçi kimi X3 ona bir il müddətinə baş etibarnamə vermişdir. Mikroavtobusla Sumqayıt-Bakı reysi ilə sərnişindaşıma xidməti ilə məşğul olmuş, bir müddət sonra işləmək üçün xarici ölkələrə getmək qərarına gəlmişdir. İş üzrə cavabdehlərdən Cavabdeh2 ilə birikdə sərnişindaşıma xidməti ilə məşğul olmuşdur. O, ölkə ərazisindən kənara getmək qərarına gəldikdən sonra Cavabdeh2 nəqliyyat vasitəsini yalnız idarə etmək üçün etibarnamə verərək belə razılaşmışlar ki, o, burada olmadığı müddət ərzində o, sərnişindaşıma fəaliyyəti ilə məşğul olmağa davam edərək ona pul ödəyəcəkdi. Bu şəkildə razılaşmadan sonra o, mübahisələndirilən nəqliyyat vasitəsini Cavabdeh2 verərək xarici ölkəyə getmişdir. Onun burada olmadığından istifadfə edən Cavabdeh2 X1 yaşadığı ünvana, yəni Bərdə rayonu, Yenidaşkənd kəndinə gedərək guya avtomaşını aldığını, ona verilmiş etibarnaməni həyat yoldaşı şalvarının cibində yuduğunu bildirərək ona baş etibarnamə verməsini İddiaçı1 xahiş etmiş, sonuncu da inanaraq Cavabdeh2 baş etibarnamə vermişdir. Bundan sonra Cavabdeh2 nəqliyyat vasitəsini Cavabdeh1 satmışdır. Hesab edirlər ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliyin tələbinin pozulması ilə bağlandığından etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisələndirilən müqavilə İddiaçı1 tərəfindən imzalanmamışdır, həmin müqavilənin bağlanmasında sonuncu iştirak etməmişdir, bu baxımdan müqavilənin etibarsız hesab edilməsini əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 18 yanvar 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, o, təxminən 2018-ci illərdə usta yanında köməkçi işləmişdir. Xəyalı məhəllə sakini kimi tanımışdır. İddiaçı2 avtomobilini təmir üçün onların yanına gətirmişdi. Həm qonşu olduğu üçün, həm də avtomobili onlar təmir etdiyi üçün onunla aralarında ünsiyyət yaranmışdı. Samiri isə avtovağzalda sürücü işlədiyinə görə tanımışdır. Samir də avtomaşın təmiri ilə əlaqədar onun yanına gəlib-getmişdir. Xəyalla danışıq zamanı Xəyal ona demişdi ki, o, avtomobilini icarəyə vermək istəyir və istəyən olsa ona məlumat versin. O da bu barədə Samirə demiş, Samir özünün də elə bir avtomobil axtardığını demişdi. Bundan sonra o, Xəyalın telefon nömrəsini Samirə vermişdir. Onlar özləri danışıb görüşmüşlər. O, danışıqlarda iştirak etməmişdir. Sonra eşitmişdir ki, Xəyal avtomaşını Samirə gündəlik haqq müqabilində icarəyə verib. Bir müddət sonra isə Xəyaldan eşitmişdir ki, Samir Xəyaldan icarəyə götürdüyü həmin avtomaşını 3-cü bir şəxsə satıb. 18 yanvar 2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Samir Ələkbərov ifadəsində bildirdi ki, Xəyal dostudur, Kamranı isə Xəyal mikroavtobusu alanda görüb-tanımışdır. Xəyal mikroavtobusu Kamrandan 9600 manata aldı, bir müddət sonra həmin avtomibili Samirə icarəyə vermişdir. Təxminən 2 il əvvəl bu söhbət olmuşdu. Samir və Xəyal arasında avtomaşının icarəyə verilməsi ilə bağlı olan söhbətdə o, da iştirak etmişdir. Xəyal və Samir arasında olan razılaşmaya əsasən Samir icarə haqqı olaraq hər 450 manat ödəməli idi. Avtomaşının idarə edilməsi üçün Xəyal Samirə etibarnamə vermişdir. Sonradan eşitmişdir ki, Samir Xəyalın xəbəri olmadan Kamrandan etibarnamə almış və avtomaşını digər şəxsə satmışdır. Bundan sonra Xəyal bunun üçün polis orqanlarına müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır: Mülki iş materiallarında olan: “Satıcı” İddiaçı1 və “Alıcı” Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Satıcı mülkiyyətində olan ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobusu 11.000 manata alıcıya satıb və bu məbləği “Satıcı” “Alıcıdan” alıb. İddiaçıların nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. 4/328 nömrəli 25 aprel 2022-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 19 iyun 2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müvaqiləsində (kserosurəti mülki işin 57-ci vərəqindədir) “Satıcı”nın s.a.a., imzası” qrafasında “İddiaçı1E” əlyazmaları qarşısındakı imza- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunan 19 iyun 2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müvaqiləsinin bağlanmasına əsas olan sənədlərdən görünür ki, İddiaçı1 ** CH *** dövlət nömrə nişanlı, Ford Transit markalı mikroavtobusa dair sərəncam vermək və digər hərəkətlər etmək hüququ ilə bağlı səlahiyyətləri etibarnamə əsasında xx.xx.2019-cu ildə bir il müddətinə, xx.xx.2020-ci il tarixədək Cavabdeh2 vermişdir (Etibarnamə ƏN-Vİ № 795499). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh1 arasında nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı bu müqavilənin onun tərəfindən icra edilmədiyini, eləcə də Cavabdeh2 tərəfindən aldadılaraq mübahisə predmeti olan nəqliyyat vasitəsinə dair etibarnamə verdiyini iddia edərək müqavilənin etibarsız hesab edilməsini və əmlakının geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, mövcud mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü fəslində nəzərdə tutulan «Əqdlərin etibarsızlığı» müddəlarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər, əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işin hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddia tələbində göstərilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar məhkəmə araşdırması zamanı mötəbər və təkzib olunmaz sübutlarla öz təsdiqini tampadığından iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqd qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və əqdin etibarsız hesab edilməsi ilə bağlı şərtlər müəyyən edilmədi. Məhkəmə iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə gəlincə, sonuncuların ifadələrində göstərilmiş halları iddianın təmin edilməsi üçün kifayət qədər güclü və yetərli sübut kimi qəbul etmir. Məhkəmə həmçinin məhkəmə-xəttşünaslıq ekspertizasının müəyyən etdiyi - 19 iyun 2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müvaqiləsinin İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması ilə bağlı halı əqdin etibarsız hesab edilməsi üçün yetərli əsas hesab etmir. Məhkəmənin qənaətincə bu xüsusat əqdin subyekt tərkibinə dair şərtlərin qüsurlu olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, tədqiq edilmiş sənədlərdən göründüyü kimi həmin müqavilə bağlanarkən müvafiq dövlət orqanına mülkiyyətçi İddiaçı1 adından mübahisə predmeti olan avtomaşına dair hərəkətlərin edilməsi ilə üçün Cavabdeh2 verilmiş etibarnamə təqdim olunmuşdur. Həmin etibarnamənin alqı-satqı müqaviləsi bağlanarkən təqdim edilməsi onun göstərir ki, avtomaşının özgəninkiləşdirilməsi zamanı etibarnamə əsasında hərəkət edilmişdir. Müqavilə mətnində tərəf olaraq mülkiyyətçinin adının göstərilməsi, etibarnamə əsasında hərəkət edən şəxs barədə qeydin aparılmaması, məhkəmə araşdırması zamanı mübahisələndirilən müqavilədə iddiaçının adı qarşısındakı imzanın ona məxsus olmamasının müəyyən edilməsi halları və məhz bu xüsusatlara görə müqavilənin etibarsız hesab edilməsini məhkəmə qanuni hesab etmir. Məhkəmənin qənaətincə sadalanan bu hallar formal əsas olmaqla müqavilənin etibarsız hesab edilməsi üçün yetərli deyildir. Bundan başqa, məhkəmə iddianın rədd edilməsi ilə bağlı qənaətə gələrkən işin faktiki hallarına- etibarnamənin verildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək iddiaçı tərəfindən həmin etibarnamənin mübahisələndirilməməsi ilə bağlı halı nəzərə almış və bu baxımdan məhkəmə iddiaçının aldatma nəticəsində nəqliyyat vasitəsinə dair etibarnamə verməsi barədə göstərdiklərini inandırıcı hesab etmir. Bundaq başqa, Mülki Məcəllənin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə toplanmış və tədqiq olunmuş iş materiallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 illik müddət ötürülmüşdür. Məhkəmə iddia üzrə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin " əmlakın geri qaytarılması" hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi «əmlakın geri qaytarılması» hissəsində də təmin edilə bilməz. Məhkəmə eləcə də İddiaçı2 münasibətdə hesab edir ki, iddiaçı araşdırılan mübahisə üzrə subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-313/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-313/2022
31.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver