Məhkəmə qərarları › İş №2(060)-3141/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3141/2023

16.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3141/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvana dair elektrik enerjisindən istifadəyə görə müqavilə onunla bağlanmışdır. Aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı-vaxtında etmişdir. 2022-ci il sentyabr ayında cavabdeh orqanın əməkdaşları gəlmiş,mənzildən kənarda yəni çöldəki xətti yuxarı qaldırmaq üçün xətti divarın arasında yerləşdimək istədikdə demişlər ki, orada qanunsuz qoşulma xətti vardır. Hansı ki, həmin xətt olmuş olsa belə onlara aidiyyəti olmamışdır. Həmin zaman onlara da bildirmişdir. Akt tərtib edərək ona qanunsuz olaraq cərimə hesablamışdılar. Qeyd edir ki, əlavə yoxlama gəlmiş və heç bir qanunsuzluq aşkar olunmamışdır. Abonentin saldosundan görünür ki, ona elektrik enerjisindən istifadəyə görə qanunsuz olaraq 539,78 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə şifahi müraciət etsə də borc silinməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20, mənzil 27 ünvanına əsassız hesablanmış 539,78 manat cərimə borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, əvvəlki məhkəmə iclasında da izahat vermişdir. Blokda taxta vurmuşlar. O da həmin zaman əməliyyat olmuşdur. Demişdir ki, içəri girib baxsınlar. Lakin demişdir ki, onun içəri girməyə ixtiyarı yoxdur. Əməkdaş daha sonra gəlmiş, yoxlamış və bildirmişdir ki, heç nə görə bilmir. Akta imza etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, İsmayıllı rayonu, Zeyvə kəndində xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. ünvan 2 ünvanında qeydiyyatdadır. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev(Bina):0010, mənzil:1185 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 08 sentyabr 2022-ci il tarixli, 274565 nömrəli aktdan görünür ki, mənzilə məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, blok işıqlandırmasından diametri 2x2.5 mm qalınlığında olan mis naqil vasitəsi ilə mənzilə kənar xətt daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən 534.21 manat borc hesablanmışdır. Həmin akt yoxlama zamanı iddiaçıya məxsus mənzilə elektrik hesabat sayğacının blok işıqlandırmasından diametri 2x2.5 mm qalınlığında olan mis naqil vasitəsi ilə mənzilə kənar xətt daxil olması halı aşkar edildiyi üçün tərtib edilmişdir. Lakin işin araşdırılan hallarına əsasən iddiaçının mənzilindən kənarda yəni mənzilin girişində kənar kəttin qoşulması, həmçinin onun iddiaçı tərəfdən qoşulması, mənzildə işıqdan istifadənin həmin xətt vasitəsi həyata keçirilməsi təsdiq edilmir.Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, blok işıqlandırmasından diametri 2x2.5 mm qalınlığında olan mis naqil vasitəsi ilə mənzilə kənar xətt daxil olması halı öz təsdiqini tapmır. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda elektrik hesabat sayğacının blok işıqlandırmasından diametri 2x2.5 mm qalınlığında olan mis naqil vasitəsi ilə mənzilə kənar xətt daxil olması halında iddiaçı tərəfindən edilməsi, həmçinin mənzildən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması zəruri olduğundan bu edilməmiş, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmiş, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus ünvan 2 (saldo üzrə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev(Bina):0010, mənzil:1185) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 534.21 (beş yüz otuz dörd manat iyirmi bir qəpik) manat məbləğində borc **********01185 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 (saldo üzrə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev(Bina):0010, mənzil:1185) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 534.21 (beş yüz otuz dörd manat iyirmi bir qəpik) manat məbləğində borc **********01185 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar