Məhkəmə qərarları › İş №2(060)-3143/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3143/2024

10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3143/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 10 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən yaşadığı ünvan 1 ünvanına əsassız olaraq artıq hesablanmış 160.06 (yüz altmış manat altı qəpik) məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan Sumqayıt şəhəri, ev 3/57, 27 saylı mənzili xx.xx.2022-ci il tarixində alıb. Mənzili alandan sonra ona məlum olub ki, mənzilin su sayğacında 160.06 manat borc qalığı var. Abunə haqqında çıxarışdan da görünür ki, mənzilin su sayğacında olan qalıq borcu mənzili aldığı ildən əvvəlki dövrə aiddir. Nəyə görə o, istifadə etmədiyi suya görə pul ödəməlidir?! Hesab edir ki, onun istifadə etmədiyi, başqasının istifadə etdiyi borcun onun adında qalması qeyri-qanuni bir əməldir. Onun evinə yazılmış həmin borc silinməli, borc sıfırlanaraq sayğacda öz əksini tapmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda yaşadıqları evi 25 noyabr 2022-ci il tarixində alıb. Lakin təxminən 3 ay sonra oraya köçmüşdür. Evi aldıqdan sonra sayğacları da öz adına keçirmək istəmiş, lakin, su sayğacında borc olduğu bildirilmişdir. Hesab edir ki, borc məcburi köçkün borcudur və məhkəmə tərəfindən silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əslində iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, abonent kodu iddiaçının adına deyil. Mübahisəli mənzildə sayğac 2010-cu ildə quraşdırılıb. Evin keçmiş sahibinin məcburi köçkün olması ilə bağlı güzəştlər də nəzərə alınıb. Hazırda silinməsi tələb olunan borc sərfiyyat üzrə yaranmışdır. Deməli, keçmiş sakin sudan limitdən artıq istifadə edib. İddiaçı 2022-ci ildə evi alarkən kommunal borclarının olubolmaması ilə bağlı arayış almalı idi. Onu da bildirir ki, iddiaçı evi aldıqdan sonra da sərfiyyat borcu yaranmışdır. Onun dövründə də 46 manat sudan istifadəyə görə borc yaranmışdır. Nümayəndə qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin kartından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, 27 saylı mənzildə İlhamə Muradovanın adına xx.xx.2002-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə 160,06 manat borc hesablanmışdır. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, 27 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 53 nömrəli reyestr kitabının 113 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 3/57, 27 saylı mənzildə sudan istifadəyə görə hesablaşma xx.xx.2010-cu il tarixdə quraşdırılmış sayğac əsasında aparılmışdır. Sonradan xx.xx.2018-ci il tarixdə həmin mənzilə yeni sayğac quraşdırılmışdır. Sözügedən mənzildə hal-hazırda sayğacın göstəricisinə əsasən 160.06 manat sudan istifadəyə görə borc hesablanmışdır. Hazırda iddiaçı 160.06 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 31-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir. Qanunun 32-ci maddəsinə əsasən birinci hissəsində istehlakçılar verilən suyun həcminin hesablanması ilə əlaqədar aşağıdakıları həyata keçirməlidirlər: a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq; b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək; c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək; ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su təchizatı müəssisəsinə təqdim etmək. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həmçinin qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə iddiaçıya hesablanmış 160.06 manat borcun silinməsi üçün heç bir əsas yoxdur. Belə ki, Mülki Məcəlləsinin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Həmin Məcəllənin 572.2-ci maddəsinə əsasən bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi hazırda silinməsini tələb etdiyi borcun evin əvvəlki sahiblərinə aid olmasına istinad edir. İş materiallarından və iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, iddiaçı mübahisəli mənzili 25 noyabr 2022-ci il tarixində alqı-satqı müqaviləsi əsasında almış, 2023-cü ildən isə həmin mənzilə köçməklə orada yaşamağa başlamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilə hesablanmış 160.06 manat borcun bir hissəsi - 120.05 manat 2022-ci il və ondan əvvəlki illər üzrə, qalan 46 manat hissəsi isə 2023-cü il üzrə sərfiyyatla əlaqədar yaranmış borcdur. Göründüyü kimi iddiaçı sözügedən mənzili əvvəlki mülkiyyətçidən alqı-satqı yolu ilə əldə edərkən yüklü şəkildə qəbul etmiş və müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Qüvvədə olan qanunvericilik mülkiyyətçinin dəyişməsi halını borcun silinməsi üçün əsas kimi müəyyən etməmişdir. Həmçinin, alqı-satqı edərkən, mənzilə dair problemli məsələlərin – həmin mənzilə dair borcun olub-olmaması, mənzil üzərində həbsin olubolmaması, mənzilin ipoteka predmeti olub-olmaması və s. müəyyən edilməsi alıcının risk dairəsinə aiddir. Odur ki, iddiaçının sudan istifadəyə görə borcu olan mənzili alması həmin borcun silinməsinə əsas verə bilməz. Məhkəmə onu da qeyd edir ki, borcun əvvəlki istehlakçı, yoxsa sonrakı istehlakçı tərəfindən yaranmasından asılı olmayaraq istənilən halda su sərfiyyatı ilə əlaqədar yaranmış borc ödənilməlidir. Belə ki, mübahisələndirilən borc məbləğinin evin əvvəlki və ya sonrakı mülkiyyətçisinə aid olmasından asılı olmayaraq, su təchizatı müəssisəsi bununla bağlı risk daşımır. Əks halda borcun kimin tərəfindən yaranmasından asılı olmayaraq bu cür hallar su təchizatı müəssisəsinin mənafeyinə zərər vurmaqla yanaşı, həm də su təchizatı müəssisəsi ilə istehlakçılar arasında qeyri-müəyyən presedentlərin yaranmasına səbəb ola bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, borcun mənzilin iddiaçının sahibliyinə keçdiyi dövrdən sonra yaranmış hissəsi (46 manat) sudan istifadə ilə əlaqədar (sərfiyyatla bağlı) yarandığından həmin hissədə də borcun silinməsi üçün hər hansı qanuni əsas yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ünvana su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 160.06 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar