Məhkəmə qərarları › İş №2(060)-3164/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3164/2023

21.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3164/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 7500 manat məbləğində kompensasiya verilməklə onun iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27-də yerləşən 14 saylı mənzilə istifadə hüququna xitam verilməsi, ailə üzvləri - həyat yoldaşı Cavabdeh2 qızı və azyaşlı uşaqları X4 və X1 əmlakları ilə birlikdə mənzildən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 27, mənzil 14-də yerləşməklə yaşayış sahəsi 52,3 kv.metr olan 4 otaqdan ibarətdir. Bu mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına xx.xx.2011-ci il tarixli, MA0250433 nömrəli çıxarış da verilmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Cavabdehlərin birgə nikahdan 2 azyaşlı övladları da vardır. Dəfələrlə cavabdehlərlə iddiaçı arasında mübahisələr baş verir, onlar iddiaçıya öz mənzilində rahat yaşamağa, əmlakı üzərində sərbəst sərəncam verməyə imkan vermirlər. İddiaçıya məxsus olan mənzildə aylıq kirayə haqqının 200 manat olması nəzərə almaqla o, bir ailənin üzvləri olan cavabdehlərə 7500 manat kompensasiya təklif edir və bu məbləğ ailənin oxşar şəraitli bir mənzildə 3 ildən artıq bir müddətdə kirayədə yaşamalarına imkan verir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehlərlə razılıq əldə edilməmişdir. İddiaçı cavabdehlərə 7500 manat kompensasiya təklif etsə də, kompensasiyanın məbləğini 10 000 manata qədər artıra bilər. Evin bazar dəyəri hal-hazırda təxminən 80 000 - 85000 manat civarındadır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. 10 000 manat məbləğində kompensasiya belə olduqca azdır. Evin hal-hazırda bazar dəyəri 100 000-dən çoxdur. İddiaçı tərəfindən əslində ona mənzildən çıxmaq üçün 30 000 manat təklif edilmişdir. O, iddiaçıya bildirib ki, oktyabr ayına kimi ona möhlət versin. Onun qaynı oktyabr ayında ona evə almaq üçün pul verəcəyini vəd edib. O, iddiaçıdan alacağı kompensasiya və qaynının verəcəyi pulla özünə ev ala bilər. Lakin, iddiaçı oktyabr ayına kimi gözləyə bilməyəciyini bildirib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2məhkəmə iclasında izahat verərək bildirdi ki, 10 000 manat kompensasiya almaqla mənzildən çıxmağa razı deyil. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Cavabdeh2 xx.xx.1991-ci ildə, Dəvəçi rayonu, Ağbaş kəndində, Cavabdeh1 xx.xx.1984-cü ildə anadan olmuşlar. Tərəflər Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 27, mənzil 14 (bundan sonra – mübahisəli mənzil) ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1995-ci il tarixli, 3/3 nömrəli orderi ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçıya verilmişdir. Həmin orderdə iddiaçının ailə üzvü kimi Cavabdeh1 adı qeyd edilmişdir. MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1995-ci il tarixli, 3/3 nömrəli orderinə, Mənzil İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli, 3066 nömrəli 2 nömrəli forma arayışına, Sumqayıt şəhər 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 7E14-9465, 7E14-9466, 7E14-9467, 7E14- 9469 nömrəli razılıq ərizələrinə əsasən ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X3, X2, X5 və Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinin rəisinə ərizə ünvanlayaraq ünvan 4çının adına özəlləşdirilməsinə razı olduqlarını qeyd etmişlər. Nikah haqqında şəhadətnamənin surətinə əsasən cavabdehlər arasında nikah xx.xx.2016-cı ildə, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada isə Babayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən X4 xx.xx.2021-ci ildə, Bakı şəhərində, X6 isə xx.xx.2019-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh1, anası isə Cavabdeh2dır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında xx.xx.1995-ci ildə iddiaçıya verilmişdir. Cavabdeh1 həmin mənzildə iddiaçının ailə üzvləri kimi yaşamış və mənzildən istifadə hüququ əldə etmişdir. Həmin dövrdə qüvvədə olmuş Həmin Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). Eyni zamanda qeyd edilməlidir ki, mübahisəli mənzil 2011-ci ildə iddiaçının adına özəlləşdirilmiş və Cavabdeh1 buna razılıq vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 17-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Mübahisəli mənzil iddiaçının adına özəlləşdirilmiş və Cavabdeh1 bununla bağlı razılığı alınmışdır. Yəni Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ mövcuddur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. İddiaçı cavabdehə 7500 manat məbləğində kompensasiya verməklə onun mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı cavabdehə 10 000 manat kompensasiya vermək imkanında olduğunu bildirmişdir. Eyni zamanda iddiaçıya mübahisəli mənzilin təqribi aylıq kirayə haqqı ilə bağlı məhkəməyə sübut təqdim etmək təklif edilsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği Cavabdeh1 ailə ilə birlikdə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 15000 manat kompensasiya verilməklə, onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi daha ədalətlidir. Cavabdeh2 gəldikdə isə qeyd edilməlidir ki, onunla Cavabdeh1 arasında nikah 2016-cı ildə bağlanmış və o, mübahisəli mənzilə köçmüşdür. Bu səbəbdən Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququ ilə bağlı məsələlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi Cavabdeh2 Ailə Məcəlləsinə əsasən iddiaçıdan özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Bu səbəbdən iddia tələbi onun mübahisəli mənzildən çıxarılması hissəsində təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərlə birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan uşaqları X4 və X6 da mübahisəli mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 15 000 (on beş min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), ev 27-də yerləşən 14 saylı mənzilə istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları X4 və X6 ilə və əmlakları ilə birlikdə həmin mənzildən çıxarılsınlar. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar