Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-319/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh1 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh1 ASC və Cavabdeh2 qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona məxsus olan ünvan 1-ya sudan istifadəyə görə əsassız olaraq hesablanmış 276,35 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini və ünvan 1-ya sudan istifadəyə görə hesablanmış 276,35 manat məbləğində borcun Cavabdeh2 aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bildirir ki, ona məxsus mənzil 1993-cü ildən Qubadlı rayonundan olan məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Həmin mənzilə dair 276,35 manat məbləğində borc hesablanmışdır. Məcburi köçkün ailəsini 2022-ci ilin sentyabr ayında evdən çıxarmışdır. Hesab edir ki, mənzilə dair hesablanmış borc silinməlidir. Çünki yuxarıda qeyd etdiyi kimi mənzil 1993-cü ildən Qubadlı rayonundan olan məcburi köçkün ailəsi tərəfindən zəbt olunmuşdur. Məcburi köçkün olduqlarına görə həmin dövr üçün sudan istifadəyə görə ödənişlər Qaçqınkom tərəfindən ödənilirdi. Yəni cavabdeh təşkilata borc yarana bilməzdi. Həmin borc əsassız olaraq hesablanmışdır. Ona görə də hesab edir ki, həmin borc silinməlidir. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 ASC məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı “Azərsu’’ ASC-yə qarşı 276,35 (iki yüz qırx yetmiş altı manat, otuz beş qəpik) manat məbləğində borcun silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, ünvan 1-da Cavabdeh1 ASC-nin “Sumqayıt Sukanal” idarəsinin abonent bazasında abonent kimi xx.xx.2002-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə (N°********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda xx.xx.2022-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 282,35 (iki yüz səksən iki manat, otuz beş qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb Cavabdeh1 ASC-nin əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda xx.xx.2002-ci il tarixdə kod açılaraq 3 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Göstərilən ünvanda 2012-ci ilin may ayından 2017-ci il tarixədək məcburi köçkünlər üçün nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. Ünvanda xx.xx.2018-ci il tarixdə sayğac quraşdırılmışdır. xx.xx.2016-cı il tarixdən “su təchizatı xidmətindən” istifadənin dəyəri əhali qrupu üçün 0,50 qəpik, xx.xx.2021-ci il tarixdən isə 1 manat təşkil edir. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri-AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262N°-İi qərarı ilə təsdiq edilmiş “Sudan istıfadə qaydaları” ilə tənzim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262NQ-İİ qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Mübahisəli borc məbləğinin yaranacağı dövrdən su təchizatı müəssisəsi tərəfindən vətəndaşa göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinə uyğun olaraq vergi orqanına mütəmadi olaraq vergi (ədv) ödənilmişdir. Odur ki, sözügedən borcun silinməsi Cəmiyyətin maliyyə vəziyyətinə mənfi təsir göstərməklə abonentlərin qanunvericiliklə nəzərdə tutulmuş öhdəliyini vaxtında icra etməməsi və işə baxan məhkəmələr tərəfindən eyni məzmunlu iddia tələblərinin təmin edilməsi vətəndaşlar arasında qanunun tələbinə riayət edilməsi istiqamətində hüquq düşüncəsinin formalaşmasına imkan yaratmayacaqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı əsassız olaraq hesablanmış 276,35 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 və onun ailəsi məcburi köçkün kimi ona məxsus evi zəbt etmişdir. Cavabdeh2 və ailəsi onun evində 30 il yaşamışdırlar. O, avqust ayında öz mənzilinə daxil olmuş və 30 ildən sonra, yəni 2022-ci ilin sentyabr ayının sonlarında onları mənzilindən çıxarda bilmişdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh2 və ailəsi mənzillə təmin olunmuşdurlar, bildiyinə görə onlar Sumqayıt şəhəri, 22 saylı bağçaya yerləşdirilib. Cavabdeh isə borc olduğuna görə onun mənzilinə suyun verilməsini dayandırmışdır. Mənzilə dair bütün kommunal xidmətlərdən məcburi köçkünlər istifadə etmiş, həmçinin evini yararsız hala salmışdırlar. Ona görə də hesab edir ki, indiyə kimi sudan istifadəyə görə hesablanmış borcu da onlar ödəməlidirlər. Onun yaşdığı dövrdən sonra cavabdeh tərəfindən hesablanmış borcu isə ödəməyə razıdır. Bir sözlə o, əslində zərərçəkən tərəfdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Azərsu ASC ancaq evin mülkiyyətçisi ilə müqavilə bağlayır. Cavabdeh təşkilat həmin evdə məskunlaşmış məcburi köçkünləri tanımır, amma mənzildə məcburi köçkünlərin yaşaması barədə İdarəyə məlumat veriləndə sudan istifadə haqqı hesablanarkən nəzərə alınır. Bildirir ki, 2012, 2013, 2014 və 2015-ci illərdə 3 nəfər məcburi köçkün limitindən istifadə olunmuşdur. 2019-cu ildə isə artıq müəyyən ödəmə olmuşdur. Tələb olunan borc məbləği 2017-2018-ci illərə aiddir. 2017-ci ilin yanvar ayında məcburi köçkünlərlə bağlı limit ləğv olunmuşdur. Bildirir ki, həmin müddətə kimi isə limitdən istifadə olunmuş, hətta artıq ödəmələri də edilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh in iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Köçüb” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda elektron informasiya sistemində cavabdehin adına olan yeganə mobil nömrəyə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsinin 793 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə 1993-cü ildən etibarən ünvan 1 ünvanında məskunlaşmışdır. İşdə olan MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 39 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin kartından görünür ki, ünvan 1 ünvanında İddiaçı adına xx.xx.2002-ci il tarixdə açılmış sayğaca əsasən sudan istifadəyə görə 276.35 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 ailə üzvləri ilə birlikdə 1993-cü ildən etibarən iddiaçıya məxsus ünvan 1 ünvanında məskunlaşmışdır. Cavabdeh1 ASC-nin iddia tələbinə etiraz ərizəsi də (mübahisəli mənzildə məcburi köçkün limitindən istifadə olunmasının qeyd edilməsi) bu halı təsdiq edir. Cavabdeh1 ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış və 1993-2022-ci illəri əhatə edən borcun 276.35 manat hissəsi isə ödənilməmişdir. İddiaçı cavabdehin mübahisəli mənzildən 2022ci ilin sentyabr ayının sonlarından yaşamadığını bildirərək həmin borcun Cavabdeh2 aid edilməsini xahiş edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən silinməsi xahiş edilən 276.35 manat borc məbləğinin 270.35 manat 2022-ci ilin oktyabr ayına kimi, 6 manat hissəsi isə ondan sonrakı tarixlərdə yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 ASC tərəfindən ünvan 1 ünvanına hesablanmış borcun 270.35 manat hissəsi Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1ya sudan istifadəyə görə hesablanmış 276,35 manat məbləğində borcun 270,35 manat hissəsi Cavabdeh2 aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1-ya sudan istifadəyə görə hesablanmış borcun 270,35 (iki yüz yetmiş manat otuz beş qəpik) manat hissəsi Cavabdeh2 aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-319/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-319/2023
13.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver