Məhkəmə qərarları › İş №2(060)-3207/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3207/2021

25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3207/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsinə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 4'Cavabdeh” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.16 ha torpaq sahəsində yerləşən 33/14 nörməli binanın 2-ci girişinin l-ci mərtəbəsində 107.79 kv.m ümumi, 68.91 kv.m əsas, 38.88 kv.m köməkçi sahədən ibarət qeyri yaşayı sahəsinə dair əsassız olaraq hesablanmış 3617,34 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospektində istifadədə olan 0.16 ha torpaq sahəsində yerləşən 33/14 nörməli binanın 2-ci girişinin 1-ci mərtəbəsində 107.79 kv.m ümumi, 68.91 kv.m əsas, 38.88 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində 07.12.2006-cı ildə qeydiyyata alınmış və bu barədə ona çıxarış verilmişdir. 01.11.2002-ci il tarixli müqaviləyə əsasən həmin qeyri yaşayış sahəsinə su sayğacı quraşdırılmışdır. Müqavilə bağlanan zaman həmin qeyri-yaşayış sahəsi gözəllik salonu kimi fəaliyyət göstərmişdir. Müqavilə fiziki şəxs Vəliyev Xanlar “Almas” müəssisəsi ilə bağlanmışdır. Hazırda müqavilə və abunə kodu həmin şəxsin adınadır. 27 may 2018-ci ildə həmin qeyri-yaşayış sahəsinə dair X2 ilə icarə müqaviləsi bağlanmışdır. 23.01.2020-ci ildə həmin şəxslə bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. 11.07.2019-cu il tarixli 06539/0045591 saylı rəyə əsasən sayğaca guya müdaxilə aşkar olunduğundan 3617,34 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca tərəfindən hər hansı bir müdaxilə olunmayıb. Bununla əlaqədar olaraq məhkəməyə müraciət edir və əsassız hesablanmış borcun silinməsini tələb edir. Çünki borc qanunsuz və əsassız hesablanıb. Sayğaca tərəfindən hər hansı bir müdaxilənin olunması barədə sübut yoxdur. Rəy formal olaraq yazılıb və əsassız olaraq cərimə yazılıb. Su sayğacı dəyişdirilib yenisi ilə əvəz olunması üçün çıxarılıb, laboratoriyaya aparılıb və müəyyən olunub ki, guya sayğaca müdaxilə var. Bütün bunlar isə onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Əgər sayğaca hər hansı bir müdaxilə aşkarlansaydı o zaman cavabdeh orqanın əməkdaşları akt tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya verməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. Bildirir ki, 150892 saylı müqavilə üzrə fiziki şəxs Vəliyev Xanlar adına “Almas” gözəllik salonunun 01.05.2021-ci il tarixə debitor borcu 3480 manat təşkil edir. Belə ki, 2019-cu ilin iyulunda abonentin sudan qeyri-qanuni istifadə etdiyi aşkarlanmışdır. Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə nəticəsində “AR Nazirlər Kabinetinin X3nın” 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq bir il müddətə hesabat aparılır. Hesablama nəticəsində 3620 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Yaranmış borc məbləğindən abonent tərəfindən 140 manat ödəniş edilmişdir. Bu barədə məhkəməyə arayış təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: 19.06.2020-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında 3480,34 manat borc vardır. 15 aprel 2021-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanında 3480,34 manat borc vardır. Cavabdeh ASC tərəfindən tərtib olunmuş “27smart-kart tipli su sayğacının dəyişdirilməsi” barədə rəydən görünür ki, obyektin su sayğacının elektron hissəsi işləmədiyinə görə abonentin şəxsi vəsaiti hesabına quraşdırılan Abşeron ÇSS-20K (********) saylı sayğac plombalanaraq abonentə təhvil verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(060)-3207/2021 saylı soğusuna əsasən Cavabdeh ASC-nin 15 aprel 2021-ci il tarixli 01/4/01-7/6/5147 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən, müqavilə nömrəsi 150892 olan obyektin su xətti üzərində 12.11.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-15 markalı, 50106539 nömrəli smart tipli su sayğacı 10.07.2019-cu il tarixdə çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün Cavabdeh ASC-nin X5 İdarəsinə aparılmışdır. Laboratoriyanın 11.07.2019-cu il tarixli 06539/0045591 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminə müdaxilə aşkar olunduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 6.15 bəndinə əsasən 1098 m3 əlavə sərfiyyat hesablanmışdır. Su xətti üzərinə yeni 195644 nömrəli, Smart CSS-20 markalı smart tipli su sayğacı quraşdırılmışdır. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı istismarda olduğu müddət ərzində (12.11.2012- 10.07.2019) 1092 m3 olmuşdur ki, bunun da 712 m3 istifadə olunmuş, lakin dəyəri ödənilməmiş sərfiyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 380 m3 yüklənmişdir. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sayğac göstəricisi 38m3 olmaqla obyektin hesabında yaranmış borc 3480,34 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın: 2.1.3-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 6.9-cu bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların göstəricilərinə sərbəst şəkildə baxılmasına şərait olmalıdır və həmin cihazların üzərindəki plomblar onların toxunulmazlığının təmin edilməsi məqsədi ilə STKM tərəfindən örtüklə örtülməlidir. 6.10-cu bəndinə əsasən zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 6.16. Su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17. Tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi suölçən cihaza baxış keçirilməsi ilə bağlı müvafiq aktın məhkəməyə təqdim edilməsi təklif olunsa da cavabdehin nümayəndəsi tərəfindən akt təqdim edilməmişdir. O cumlədən iddiaçı tərəfə aktın bir nüsxəsi verilməmişdir. Halbuki qanunun tələbinə görə texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifəsidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, abonentin sudan qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş və bununla bağlı Qaydaların 8.7-ci bəndinə əsasən ziyan hesablanmışdır. Qaydaların 8.6-cı bəndinə əsasən Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7-ci bəndə əsasnə Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaya etiraz edilərək qanunsuz qoşulma nəticəsində borcun hesablandığı göstərilsə də qanunsuz qoşulma halları aşkar edildiyini və STKM tərəfindən bununla bağlı su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədi. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdeh təşkilat məhkəmə sorğusuna verilən cavabda fərqli mövqe bildirərək su sayğacına müdaxilə olunduğunu aşkar edildiyini və Qaydaların 6.15-ci bəndinə istinad edərək zərərin hesablandığı göstərmişdir. 6.15-ci bəndə əsasən Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini müəyyənləşdirir. Göründüyü kimi cavabdeh tərəfindən borcun yaranma əsasları fərqli şəkildə izah edilmiş və bu qeyd olunanları təsdiq edən heç bir sübut-akt məhkəməyə təqdim edilməmişdir. Belə ki, Qaydaların 8.7-ci bəndinin tələbi qanunsuz qoşulma ilə bağlı, 6.15-ci bəndi isə cihaza müdaxilə və s. ilə bağlı olmaqla fərqli hüquqi nəticələri nəzərdə tutur. Məhkəmə hesab edir ki, qanunsuz qoşulma ilə bağlı və ya cihaza müdaxilə ilə bağlı hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən dəymiş ziyana görə hesablanmış borc ləğv olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borcun məbləği 3617,34 manat göstərilsə də, məhkəmə araşdırması zamanı iddiaçının hazırki dövrə 3480,34 manat borcu olduğu və həmin borc məbləğinin yalnız 2196 manatının (sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə qeyri-əhali - 2x1098 m3) sayğacın yararsız hala düşməsi nəticəsində hesablanmış əlavə sərfiyyatın dəyəri olduğu, digər hissəsinin, yəni 712 manatının (712m3) isə istifadə edilmiş su və çirkab suların axıdılması xidmətlərinə əsasən hesablanması öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən silinməli olan məbləğ 2196 manat həcmində müəyyən edilməlidir. Göstərilən məbləğ 1098m3 əlavə sərfiyyatı görə yaranmış məbləğdir. Belə ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə əsasən su təchizatı və tullantı sularının axıdılmasına görə 1m3 suyun qiyməti qeyri-əhali üçün 1 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.16 ha torpaq sahəsində yerləşən 33/14 nörməli binanın 2-ci girişinin lci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2196 manat borc onun abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, Heydər Əliyev prospektində istifadəsində olan 0.16 ha torpaq sahəsində yerləşən 33/14 nörməli binanın 2-ci girişinin l-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 2196 (iki min bir yüz doxsan altı) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar