Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3211/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 14 avqust 1974-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. X1 30 yanvar 1998-ci il tarixdə anadan olmuşdur. Hazırda onunla birlikdə yaşayır. İ qrup əlildir. Əlilliyinin müəyyən olunması meyarı kimi etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F-79) qoyulmuşdur. Həmçinin daim kənar şəxsin köməyinə ehtiyacı olması bildirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqların realizəsinə mane olur. Göstərilənlərə əsasən 30 yanvar 1998-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan XX-ЖГ № 445908 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 yanvar 1998-ci ildə Yardımlı rayonu, Astanlı kəndində doğulmuş, atası X5, anası Ərizəçidır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il arayışdan görünür ki, X4 müddətsiz olaraq 1-ci qrup əlildir. Diaqnoz: ağır dərəcəli əqli gerilik, oliqofreniyanın kəskin inbesillik dərəcəsi və psixopatabənzər davranışla. Etiologiyasından asılı olmayaraq, dərin və ağır kəmağıllılıq, həmçinin anadagəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 xx.xx.2023-cü il tarixli, 1648 №-li rəyindən görünür ki, X3 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş tramvası ilə anadan olması, körpəlik dövründə qızdırmalı hal keçirməsi, bununla əlaqədar müalicələrdə olmuş, yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi tək-qeyri-aydın olmaqla, tək-bir sözlərdən ibarət olması, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi “Uşaq serebral iflici, ətrafların tetraparezi, psixomotor inkişafdan geri qalma. Müstərək daxili çəpgözlük. Ümumi nitq geriliyi. Polielyisit anemiya” diaqnozu ilə Sumqayıt Uşaq Xəstəxanasında qeydiyyatda olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul edir. Xəstəliyi ilə əlaqədar fizioloji ifrazatları ilə natəmiz olması, yersiz danışması, gülməsi, “Ağır dərəcəli əqli gerilik. Oliqofreniyann kəskin imbesillik dərəcəsi və psixopatabənzər davranışla” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – X3 uşaq serebral iflicinin qalıq əlamətləri, ağır əqli geriliklə müəyyən edilir. İİ və İİİ- X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1998-ci il təvəllüdlü X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi:
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva