Məhkəmə qərarları › İş №2(060)-3256/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3256/2022

22.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3256/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 958,44 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 9/58, mənzil 5B-də yaşayır, Zəngilan rayonundan məcburi köçkündür. Yaşadığı ev bir otaqlı tikilidir. Həmin tikilidə o, mərhum anası X1 ilə birlikdə yaşamış və bu səbəbdən də abonent kodu mərhum anasının adına olmuşdur. Anası 13 dekabr 2017-ci ildə dünyasını dəyişmişdir. O, həmin evdə yaşamaqla sayğac göstəricisi əsasında ödənişləri vaxtı-vaxtında həyata keçirmişdir. Lakin cavabdeh təşkilatın nümayəndələri xx.xx.2021-ci il tarixdə sayğaca baxış keçirmiş və güya baxış zamanı sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri qanuni istifadə olunması faktını aşkar edərək bu barədə ******* nömrəli akt tərtib etmiş və dəymiş ziyanın bərpası ilə bağlı ziyanın həcmini hesablamaqla 8640 kubmetr əsassız sərfiyyat yazılmış, bunun müqabilində 958 manat 44 qəpik cərimə hesablanmışdır. Belə hesab edir ki, tərtib edilmiş qanunsuz akt əsasında hesablanmış cərimə tam əsassızdır, belə ki, yaşadığı ev birotaqlı olmaqla yalnız bir ədəd qaz peçindən istifadə olunur və heç vaxt tərəfindən sayğacdan kənar qazdan istifadə hallarına yol verilməmişdir, ayrıca qaz xətti quraşdırılmamışdır. Qarşı tərəfin həmin akta əlavə etdiyi fotoşəkildəki tikili onun yaşadığı tikili deyildir, görünür onlar əsassız və qanunsuz əməllərinə haqq qazandırmaq üçün başqa bir şəxsin yaşadığı tikiliyə məxsus olan fotoşəkil əsasında bu cəriməni hesablamışlar. Cavabdehin bu hərəkəti onun bir istehlakçı kimi hüquqlarını pozur. xx.xx.2022-ci ildə isə cavabdeh təşkilatla qazın alqı-satqı müqaviləsi onunla bağlanmış və onu qaz istehlakçısı kimi qəbul etmişlər. Bu cərimənin onun yaşadığı tikiliyə xidmət edən sayğaca görə yazılması onun tikilidən istifadə etmək hüquqlarını da məhdudlaşdırır. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 9/58, mənzil 5B-də yaşayır, Zəngilan rayonundan məcburi köçkündür. Yaşadığı ev bir otaqlı tikilidən ibarətdir. İş materiallarına əlavə edilmiş fotoşəkildəki qaz turbası çəkildiyi əks olunmuş tikili ona məxsus yaşayış evidir, lakin həmin qaz xəttinin çəkilməsindən xəbərsizdir. O, kənar qaz xətti çəkməyib. Odur ki, iddianın təmin edilməsini, cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçıya məxsus yaşayış evinə sayğacdan kənar qaz xətt çəkilməsi əməkdaşları tərəfindən müəyyən edilərək akt tərtib olunmuş və itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Bu halı iş materiallarına əlavə edilmiş fotoşəkildəki məlumatlarda təsdiq edir. İddiaçı özü də həmin fotoşəkildəki evin ona məxsus olduğunu etiraf etdi. Fotoşəkildən də görünür ki, yaşayış evinə kənar qaz xətti çəkilmişdir. Odur ki, iddianı əsassız hesab edir və rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 1 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli, 534 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhər, 20-ci məhəllə ünvanında yerləşən, 9/58 saylı evin, 3B saylı mənzilində yaşayır və Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqısatqısı barədə xx.xx.2022-ci il tarixli 09/6461 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Sumqayıt şəhəri, 20-ci məhəllə ünvanında yerləşən, 9/58 saylı evin, 3B saylı mənzilinə aid qaz sayğacının yoxlanılması zamanı sayğacdan kənar əlavə xəttlə təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Sayğacdan qoşulan kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsi abonentdən tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, Sumqayıt şəhəri, 20-ci məhəllə ünvanında yerləşən, 9/58 saylı evin, 3B saylı mənzilinə (abonent kodu **********10032) akta görə 961,92 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, əks olunmuş yaşayış evinə kənar qaz xətti çəkilib. İddiaçı məhkəmə araşdırması zamanı fotoşəkildəki yaşayış evinin ona məxsus olduğunu etiraf etdi. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində sayğacdan kənar xətt qoşulması müəyyən edilmiş, bununla bağlı akt tərtib edilərək hesablaşma aparılmışdır. İddiaçı həmin xüsusatı mübahisələndirərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halında şərh olunan hüquq normaların əsasən qiymət verərək hesab edir ki, iddiaçı mülki qanunvericiliyin tələblərini pozaraq istifadəsində olan yaşayış evinə kənar xətt çəkərək qaz şəbəkəsinə qanunsuz qoşulmuş, bununla da cavabdehə qazdan qanunsuz istifadə nəticəsində maddi zərər vurmuşdur. İddiaçı həmin halı mübahisələndirsə də məhkəmə araşdırması zamanı vermiş olduğu izahatında və tədqiq edilmiş sübutlarla iddiaçıya məxsus yaşayış evinə kənar qaz xəttinin çəkilməsi öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar