Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3264/2023 18.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 03 noyabr 2000-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 avqust 1971-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Oğlu, X7 03 noyabr 2000-ci il tarixdə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda onunla birlikdə yaşayır. İİİ dərəcəli əlilliyi vardır. Orta dərəcəli əqli gerilik, davranış pozuntuları, həmçinin qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. Qeyd edir ki, əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsizdir. Həmçinin daim kənar şəxsin köməyinə ehtiyacı olması bildirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsində mane olur. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə dair izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X1 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İ 141501 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2000-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X3r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1967 saylı rəyinə əsasən, X6 Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqi zəif inkişaf etməsi, Bakı şəhər X4 müalicədə olması, psixi vəziyyəti ilə əlaqədarona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, əqli inkişafdan geri qalması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, ara-sıra əsəbiliyi, “Orta dərəcəli əqli gerilik (İQ-41), davranış pozuntuları ilə. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə ona müddətsiz İİİ qrup əlillik təyin edilmıəsi, davranış pozuntuları və narahatlığı ilə əlaqədar hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrınin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallar üzrə: X6 Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, 1967 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 noyabr 2000-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 noyabr 2000-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3264/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3264/2023
18.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver