Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3268/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Sumqayıt şəhəri, “Yaşıldərə” massivi, 8-ci məhəllə ünvanında yerləşən 278 saylı fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 4147.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 4147.20 manat məbləğində borc hesablanmışdır. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, sayğacdan kənar qaz xəttindən istifadə edilmiş, lakin bu hal cəmi 10 gün davam etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Abonent təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyriqanuni istifadə edir.” qeyd olunmuşdur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 müəyyən olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********02780 olan ünvana akta görə 4147.20 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh təşkilat tərəfindən təbii qazla təchiz edilmiş və **********02780 nömrəli abonent kodu verilmişdir. Yoxlanış zamanı cavabdeh tərəfindən sayğacdan kənar qoşulma aşkar edilmişdir. Bu hal xx.xx.2023-cü il tarixli, ******* №-li aktla aktlaşdırılmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin 4147.20 manat cərimə məbləği ilə razı deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq təbii qazdan istifadə qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçının etirafı ilə yanaşı , müvafiq akt və mövcud qüsurun mövcudluğuna dair fotoşəkillər də cavabdehin yaşadığı evdə sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Bununla belə, məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. Belə ki, aidiyyəti abonent saldosunun təhlilindən görünür ki, fevral və mart ayları ərzində təbii qazın sərfi əks olunmamış, eləcə də əvvəlki müvafiq dövrdə, yəni 2022-ci ilin fevral ayında 83.40 m3, martında isə 41.70 m3 təbii qaz istehlak edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, iddiaçı 2023-cü ilin fevral, mart ayları ərzində və aprelin 7-dək (akt tərtib edildiyi vaxt) təbii qazın qanunsuz sərfiyyatına yol vermiş və bu istehlakın təxmini həcmi 140 m3 olmuşdur (83.40 m3 + 41.70 m3 + 13.9 m3 = 139 m3). Məhkəmə sərfin həcminə dair nəticəyə gələrkən qanunvericiliyə uyğun olaraq qanunsuz qoşulmanın müddəti, ilin mövsümü, əvvəlki dövrün orta qaz sərfinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, aprel ayının 7 günü üzrə qaz sərfini isə mart ayının istehlak həcminin 1/3-i hissəsində (yəni 10 gün) müəyyən olunması daha real və ağlabatandır. Belə olduqda, iddiaçının qanunsuz istehlak etdiyi təbii qazın həcmi təxminən 140 m3, dəyəri isə 17 manat (140 x 0.12 man = 16.8 ≈ 17 manat) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia 4130.20 manat borcun silinməsi həcmində əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, qanunvericiliyin tələbinə əsasən 61.30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abonent kodu **********02780 olan ünvana hesablanmış 4130.20 manat borc silinməli və iddianın verilməsinə görə 61.30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, “Yaşıldərə” massivi, 8-ci məhəllə ünvanında yerləşən 278 saylı fərdi yaşayış evinə hesablanmış 4130.20 manat (abonent kodu: **********02780) borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 61.30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3268/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3268/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver