Məhkəmə qərarları › İş №2(060)-3269/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3269/2023

03.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3269/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 03 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 (abunə kodu: **********256; ünvan 1 ünvanına dair 514 manat məbləğində hesablanmış köhnə barmek borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Bildirmək istəyir ki, hazırda ona məxsus mənzilin 514 manat məbləğində köhnə barmek borcu vardır. Qeyd edir ki, mənzil daha əvvəl atasının mülkiyyətində olmuş, vəfat etdikdən sonra isə onun mülkiyyətinə keçmişdir. Mənzili mülkiyyətinə keçirdikdən sonra kommunalları da öz adına rəsmiləşdirmək istəsə də, köhnə barmek borcunun olduğuna görə işığı rəsmiləşdirmək mümkün olmamışdır. Belə ki, həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etsə də, nəticəsi olmamış və ona məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur. Çünki həmin köhnə barmek borcları silinməli olsa da cavabdeh həmin borcları silmək əvəzinə qanunsuz olaraq dondurmuşdur. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən borc Azərenerjinin dövründə yaranmışdır. Həmin borc abonentlərdən tələb edilməsə də, onların abonent kartında öz əksini tapır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 28/19, 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, ünvan 3 ünvanına quraşdırılmış sayğaca əsasən 514 manat borc "xxxx"dən gələn borcdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 4 ünvanına elektrik enerjisindən istifadəyə görə hesablanmış 514 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 4 İddiaçı mülkiyyətindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2015cü il tarixdə həyata keçirilmişdır. İddiaçının 514 manat məbləğində borcu "xxxx" ASC-nin dövründə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görəelektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (8.2).Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır (8.4). İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (8.9). Həmin qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununa əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektirik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektirik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, "xxxx" ASC-nin dövründə yaranan və hal-hazırda cavabdeh ASC tərəfindən ödənilməsi iddiaçıdan tələb edilməyən borc məbləğinin iddiaçıya məxsus abonent məlumatlarında öz əksini tapması iddiaçının bir istehlakçı kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus ünvan 3 (abunə kodu: **********256; ünvan 1 ünvanına hesablanmış 514 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 3 (abunə kodu: **********00256; ünvan 1 ünvanında elektirik enerjisindən istifadəyə görə hesablanmış 514 (beş yüz on dörd) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar