Məhkəmə qərarları › İş №2(060)-3270/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3270/2023

26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3270/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 4204 manat 80 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. İşin faktiki halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evinə heç bir əsas olmadan qanunsuz 4204 manat 80 qəpik borc hesablanmışdır. Belə ki, cavabdeh iddia edir ki, iddiaçıya məxsus olan fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bildirir ki, cavabdehin bu iddiası tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qaz xəttininin iddiaçının evinə heç bir aidiyyəti yoxdur. Cavabdehin iddia etdiyi həmin xətt iddiaçının həyətindən keçsə də iddiaçıya yox, qonşuya aiddir. Bununla bağlı video görüntülər də vardır. Həmin görüntülərdə qaz xəttinin iddiaçının evinə aidiyyəti olmadığı açıq-aydın görsənir. Qeyd edilən halları cavabdehə bildirsə də cavabdeh məsələni tam araşdırmadan əssasız olaraq borc hesablamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir, hesab edir ki, ədalətli məhkəmə araşdırması nəticəsində həmin borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayənədəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış keçirilməsi nəticəsində kənar xətt aşkar olunaraq həmin ünvana 4204,80 manat cərimə hesablanmışdır. Bu cərimə də xx.xx.2022-ci il tarixinə aiddir. Bundan başqa, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində də qanunsuz qoşulma ilə bağlı akt tərtib olunmuşdur. Belə ki, qanunsuz qoşulma halı dəfələrlə təkrar olunur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evinə baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. - xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına barədə tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 70 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6720 m3 müəyyən olunmuşdur. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Zenner G-4 markalı, **********4 №li sayğac İtron tipli G-4 markalı 1102AQ**********4 №li sayğacla əvəz edilmişdir. - İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş diskdən görünür ki, diskdə 2 fotoşəkil və 1 videoyazı mövcuddur. İddiaçının dediyinə görə, fotoşəkillər və videoyazı onun tərəfindən çəkilmişdir. Diskdə olan fotoşəkillərdə evin darvazası və qaz xətti əks olunmuşdur. Diskdə olan videogörüntüdə isə bir şəxs (iddiaçının deməsinə görə özü) qaz xəttini göstərərək Cavabdeh İB-nin işçiləri tərəfindən həmin qaz xəttinə baxılaraq ona cərimə yazıldığını, lakin həmin qaz xəttinin ona məxsus olmadığını, evin darvazasını açıb içəri keçərək, qonşu evlə onun evi arasında olan divarı göstərərək həmin hissədə qonşunun 20 sm-lik yeri olduğunu, həmin yerin ona məxsus olmadığını, şlanqın divar boyunca çəkilərək hasarın o biri üzündə yerləşən evə getdiyini, şlanqın onun tərəfindən çəkilmədiyini bildirmişdir. - Cavabdeh tərəfindən təqdim edilən diskdən görünür ki, diskdə 3 fotoşəkil və 1 videoyazı əks olunmuşdur. Cavabdehin nümayəndəsinin dediyinə görə, fotoşəkillərdəki ev İddiaçı evidir, sayğac da İddiaçı məxsusdur və sayğacdan kənar şlanq vasitəsilə qeyriqanuni xətdən istifadə olunur. Diskdə olan videogörüntüdə bir şəxs ünvan 1 ünvanında İddiaçı məxsus sayğac nömrəsi 11 ** AQ *** 00195204 olan sayğacın qeyri-qanuni xətdən istifadə etdiyini, evi, evin darvazasını göstərərək sayğacdan kənar qeyri-qanuni xətdən istifadə edildiyinin göründüyünü bildirir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evində “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bunun əsasında xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 70 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6720 m3 hesablanmış və 4204,8 manat dəymiş zərər iddiaçıdan tələb olunmuşdur. Aşkar olunmuş kənar xəttin məhz iddiaçının evinə daxil olduğu müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evinə (Abonent:**********34950) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4204,8 (dörd min iki yüz dörd manat, səksən qəpik) manat borc silinməlidir. Belə ki, disklərə baxış zamanı məlum olmuşdur ki, kənar xətt mövcud olsa da, həmin kənar qaz xətti İddiaçı evinə deyil, naməlum ünvana istiqamətlənir. İddiaçı kənar qaz xəttindən istifadə etməsi sübuta yetirilmədiyindən, hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 443.7 əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda “30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi” məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 4204,8 (dörd min iki yüz dörd manat, səksən qəpik) manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 62,05 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, kanalqırağı ərazi ünvanında yerləşən 495 saylı fərdi yaşayış evinə (Abonent:**********34950) xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4204,8 (dörd min iki yüz dörd manat, səksən qəpik) manat borc silinsin. İddianın verilməsinə görə 62,05 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar