Məhkəmə qərarları › İş №2(060)-3277/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3277/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3277/2023 10.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evi faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşayır. İddiaçı yaşadığı ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evinin qaz sayğacına baxış keçirilmiş və baxış zamanı iddiaçının sayğacdankənar qeyri-qanuni qazdan istifadə etdiyi müəyyən olunmuşdur. Ona görə də xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Həmin akta görə isə iddiaçıya 2073,60 manat məbləğində cərimə hesablanmışdır. xx.xx.2023-cü ildə faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evinə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında ******* saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü ildə isə faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evinə Zenner G4T smart tipli **********886 saylı sayğac quraşdırılmışdır. İddiaçı törətdiyi əməli səmimi şəkildə etiraf edir. Belə ki, sayğac quraşdırılan gün, yəni xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi o, sayğacdankənar qeyri-qanuni qazdan istifadə etmişdir (56 gün). Dəymiş ziyanı bərpasına dair tələbnamədən görünür ki, cavabdeh orqan 180 gün üçün ziyan hesablayıb. İşdə olan abonentin saldosundan görünür ki, onun aylıq ödənişləri təxminən 80-100 manat arası olub. Bu da o deməkdir ki, ona hesablanan cərimə əsassızdır. Çünki iddiaçı 56 gün sayğacdankənar qeyri-qanuni qazdan istifadə etmişdir. 56 gün üçün və onun aylıq ödənişləri nəzərə alınmaqla ona cərimə tətbiq olunmalı idi. Çünki yuxarıda qeyd etdiyi kimi xx.xx.2023-cü ildə faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evinə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında ******* saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü ildə isə faktiki olaraq onun istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evinə Zenner G4T smart tip **********886 saylı sayğac quraşdırılmışdır. Yəni həmin tarixdən qabağa onun sayğacdankənar qeyri-qanuni qazdan istifadə etməmişdir. xx.xx.2023-cü ildə isə onun sayğacdankənar qeyri-qanuni qazdan istifadə etməyi müəyyən olunub. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, BTZ bağları, 141 saylı bağ evinə dair əsassız olaraq hesablanmış 2073,6 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat (4x24x180=17280m3 x 0,12 qəpik=2073,6) aparılmışdır. İddiaçı iddia ərizəsində sayğaca kənar xətt quraşdırmaq yolu ilə 56 gün müddətində qazdan qeyriqanuni istifadə etdiyini etiraf etmişdir. İddiaçı iddia ərizəsində sözügedən cərimənin 56 gün üçün deyil, 180 gün üçün hesablanmasını mübahisələndirmişdir. Belə ki, cərimənin 180 günlük istifadə üçün hesablanmasına səbəb iddiaçının qazdan qanunsuz olaraq 56 gün istifadə etməsi barədə heç bir sübut təqdim etməməyindən irəli gəlir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş və kənar xətt ləğv edilmişdir.

7. İş materiallarında olan «Azəriqaz” İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında fərdi evdə «Qazdan istifadə qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 17280 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 2073,6 manat məbləğində borc yazılmışdır.

8. İş materiallarındakı İddiaçı adına olan **********00780 saylı abonentin saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, təbii qaza görə 2023-cü il tarixdə 2073,6 manat borcu yaranmışdır, ünvan üzrə sayğac Zenner G4T Smart tiplidir, quraşdırılma tarixi xx.xx.2023-cü ildir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən İddiaçı 12780 kub metr əlavə sərfiyyat hesablanaraq 2073,6 manat borc yazılmışdır. Hazırda iddiaçı 56 gün kənar xətdən istifadə etdiyini etiraf edərək, borcun silinməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

12. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

13. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən kənat xətt vasitəsilə təbii qazdan istifadə edilmişdir.

14. Belə ki, məhkəmə iclasında iddiaçı kənat xətt vasitəsilə təbii qazdan 56 gün istifadə etdiyini təsdiqləmişdir.

15. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

16. Lakin məhkəmə təbii qazdan kənar xətt vasitəsi ilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır.

17. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 56 gün müddəti üçün aparılmasını qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

19. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı – PQ-4 maksimal saatlıq qaz sərfi 4 m3/saat, günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla, 4x24x56=5376m3 x 0,12 qəpik=645,12 manat məbləğində borc hesablanmalıdır.

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 645,12 manat məbləğində borcun tələb edilməsi əsaslıdır.

21. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 1428,48 manat (2073,6 manat – 645,12 manat = 1428,48) məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi:

27. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00780 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023cü il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 1428,48 (bir min dörd yüz iyirmi səkkiz manat, qırx səkkiz qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar