Məhkəmə qərarları › İş №2(060)-3279/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3279/2022

29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3279/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimə borcunun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı – cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış cəmi 518,40 manat məbləğində cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin evə qaz sayğacı quraşdırılmışdır. İddiaçı sayğac göstəricisi əsasında bütün ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin iddiaçı yaşadığı ünvana cavabdeh tərəfindən göndərilmiş bildirişi aldıqda ona böyük məbləğdə borcun yazıldığını görmüş və iddiaçı bunun səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, yaşadığı ünvana quraşdırılmış sayğac yararsız hesab olunaraq dəyişdirilmişdir. İddiaçı cavabdeh təşkilatda olmuş və ona məlum olmuşdur ki, cavabdeh təşkilat xx.xx.2022-ci ildə iddiaçının iştirakı olmadan ******* nömrəli akt tərtib etmiş və həmin aktda sayğaca müdaxilə edilməsi qeyd olunmuş, sonradan 4320 kub metr sərfiyyat hesablanaraq iddiaçıya 518,40 manat məbləğində cərimə hesablanmış və həmin cərimə hazırda iddiaçıdan tələb olunur. İddiaçı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sayğac yaşadığı evin sol hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olunmuşsa, buna görə iddiaçı cavabdehlik daşımamalıdır. İddiaçı bildirir ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq iddiaçının vəzifəsi deyil, əgər sayğac iddiaçının mənzilinin daxilində olsaydı, onda iddiaçı bu cavabdehliyə cəlb edilə bilərdi. Cavabdehin bu müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. İddiaçı belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 518,40 manat məbləğində cərimə silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 518,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 518,40 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericiliyinin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 2 ünvanı (Abonent kodu: **********01570) üzrə İddiaçı hesablanmış 518,40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar