Məhkəmə qərarları › İş №2(060)-3280/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3280/2022

06.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3280/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstahsalat Birliyi Sumqayıt Qaz İstismar Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda istifadədə olmuş qaz sayğacına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin 29.03.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 521,92 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, ünvan 1 ünvanda istifadədə olmuş qaz sayğacına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin 29.03.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 521,92 manat məbləğində borcun və sayğacın dəyəri ilə bağlı hesablanmış 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, ünvan 1 ünvanında yerləşən həyət evində yaşayır. 18.01.2022-ci il tarixində "Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən təbii qaz sayğacı dəyişdirilərək yeni sayğac quraşdırılmışdır. 10.04.2022-ci il tarixində mənzilin giriş qapısında “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən bildiriş qoyulduğunu görmüşdür. Bildirişlə tanış olarkən aylıq sərfıyyatdan başqa 521,92 manat məbləğində qalıq borcun olduğunu öyrənmişdir. Bununla əlaqədar olaraq "Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə müraciət etmiş və borcun nə ilə əlaqədar olduğunu maraqlanmışdır. Məlum olmuşdur ki, evdən çıxarılmış sayğaca müdaxilə olunması ilə bağlı və itirilmiş qazın bərpasına görə hesabat aparılmış və nəticədə bu borc yaranmışdır. Belə ki, Metrologiya Departamentinin verdiyi rəyə əsasən Sumqayıt Qaz İstismarı Sahəsi tərəfindən ünvanından çıxarılmış və dövlət yoxlamasına gətirilmiş **********1 nömrəli, G-4 markalı məişət qaz sayğacının çıxış və giriş plastmas borularının deşilməsi aşkar olunmuşdur. Bununla bağlı ******* saylı 29.03.2022-ci il tarixli Akt tərtib olunmuş və həmin akta əsasən dəymiş zərərin ödənilməsi məqsədilə hesabat aparılmışdır. Bundan əlavə olaraq, müdaxilə edilmiş sayğacın dəyəri ilə bağlı 185,73 manat məbləğində borc hesablanmışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Həmçinin, nəzərinizə çatdırır ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələrinə daxil edilməmişdir. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır və onun belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olmağı da qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşımağı da absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə, bu müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Qaz sayğacı kənar müdaxilələrdən qorunmaq üçün xüsusi qutuya heç yerləşdirilməmişdir. Digər tərəfdən həmin qaz sayğacı cavabdeh təşkilatın mütəxəssisləri tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca guya ki, müdaxilə olunması barədə məlumat verilmişdir. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda istifadədə olmuş qaz sayğacına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin 29.03.2022-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 521,92 manat məbləğində borcun və sayğacın dəyəri ilə bağlı hesablanmış 185,73 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 49-cu məhəllə, fərdi ev 1, mənzil 51B ünvanına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, **********1 №-li, G-4 markalı sayğacın çıxış plastmas borusu deşilməsi halı aşkar edilmişdir. Sayğacın klapanı bağlıdır. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə 18.01.2022-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 29.03.2022-ci il tarixli aktla dəyişilmiş qaz sayğacın dəyəri kimi 185,73 manat, akt əsasında 518,40 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Azəriqaz” İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə2 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 29.03.2022-ci il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4320 m3 İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, G.Yusifov və İ.Məmmədovun iştirakları ilə tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” № ******* saylı, 29.03.2022-ci il tarixli “akt”ın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1-ə aid sayğac 29.03.2022-ci il tarixdə Dövlət Yoxlamasına gətirilmiş Metrologiya Departamentinin rəyinə görə G-4 markalı, № **********1 sayğaca baxış keçirimiş, sayğacın çıxış plastmas borusu deşilməsi halı aşkar edilmişdir. Sayğacın klapanı bağlıdır. İş materiallarında olan “Azəriqaz” İB-nin 24 dekabr 2021-ci il tarixli MSK 29/1710- 01251-1 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X01251 saylı, 28 mart 2022-ci il tarixli telefonoqramına əsasən 28 mart 2022-ci il tarixində Sumqayıt QİS-dən Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin mexanika tipli qaz sayğaclarına 29 mart 2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən G-4 markalı, (№**********1) sayğaca baxış keçirimiş, sayğacın çıxış plastmas borusunun deşilməsi halı aşkar olunmuşdur. İş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1yə akta görə 518,40 manat borc hesablanmışdır. İş materiallarında olan 29.03.2022-ci il tarixli “Azəriqaz” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4320 m3. İş materiallarında olan “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən İddiaçı ünvanlandığı 17.05.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı **********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. “X3"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 521,92 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Lakin məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iddiaçı akt əsasında yaranmış borc kimi 521,92 manat göstərsə də, iş materiallarında olan abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı ünvan 1-yə akta əsasən 518,40 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının yaşadığı evə akta əsasən hesablanmış 518,40 manat borc silinməlidir. Bundan əlavə “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən İddiaçı ünvanlandığı 17.05.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı **********1 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X2 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 185,73 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X3”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən İddiaçı məxsus ünvan 1-yə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi tərəfindən İddiaçı məxsus ünvan 1-yə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 185 (bir yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində cərimə silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar