Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3282/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçilər Ərizəçi1 nümayəndəsi Nümayəndə,Ərizəçi2 və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən övladları – 10 sentyabr 2014-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışdır ki,onlar 2014-cü il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdurlar.Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2021-cı il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X7 adlı 4 övladları olmuşdur. İlk övladları xx.xx.2014-cü il təvəllüdlü X6 1 yaşından etibarən ağır dərəcəli əqli gerilikdən əziyyət çəkir.Belə ki,uzun müddətdir ki, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatdadır.Dəfələrlə müayinə olmuş,ambulator müalicələr də almışdır.Həmçinin Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublikas 1 saylı Psixiatriya Xəstəxanasında həkim qəbullarında olmuş,daimi olaraq müayinələr almışdır.Hər zaman başqasının köməyinə ehtiyacı vardır.Belə ki, o başını sərbəst saxlaya bilmir,oturmur,gəzmir. Özünü heç bir şəkildə idarə edə bilmir. Öz hərəkətlərini idarə edə və onların mənasını dərk etmək iqtidarında deyildir.Övladları anadan olma nəzarətlərindədir. Habelə oğullarının xəstəliyi ilə bağlı onun birinci dərəcəli əlilliyi müəyyən edilmişdir.Oğulları birinci dərəcəli əlil kimi qeydiyyatda olsa da, o özü şəxsən ev növbəsinə düşə bilmir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ana-ata kimi onlar onun qəyyumu hesab edilməlidir. Buna görə də ilkin addımlar ataraq məhkəməyə onun fəaliyyət qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsi tələbi ilə müraciət etməyə məcbur olmuşdurlar. Bundan başqa yaşı artdıqca da müəyyən əqdlərin bağlanmasında,pensiya və sosial müavinətlərin alınması ilə bağlı övladlarının imzası gərəkəcəkdir. O isə bunu etmək qabiliyyətində deyildir. Belə ki, onun xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur,onun sağlamlıq imkanları məhduddur. Odur ki, onun fəaliyyət qabiliyyəti olmayan sayılması zərurəti vardır. Bu faktı məhkəmədən kənar qaydada həll etmək mümkün deyil. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 nümayəndəsi Nümayəndə, Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.Əlavə olaraq qeyd etdi ki, ekspert rəyi var və etiraz etmir. Məhkəmə, ərizəçi və maraqlı şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki,X2 birinci dərəcəli əlilliyi var. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik,qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu qoyulmuşdur. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyac var. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsizdir. -Azərbaycan Respublikası TƏBİB PHŞ Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 23 may 2025-ci il tarixli,176 nömrəli arayışdan görünür ki, 47-ci məhəllə ev 2, mənzil 49 ünvanında yaşayan xx.xx.2014-cü il təvəllüdlü X6 1 nömrəli Ailə Sağlamlıq Mərkəzində qeydiyyatdadır. Uşaq uşaq autizmi, kanner sindromu diaqnozu ilə dispenser qeydiyyatda olmuşdur. Mütəmadi olaraq nevropatoloqun və psixiatrın müalicəsini almışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında müayinə olunmuş, uşaq autizmi, kanner sindromu,ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu qoyulmuşdur, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacə var diaqnozu qoyulmuşdur.Uşaq sağlamlıq imkanı məhdudluğuna görə müavinət alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2014-cü il təvəllüdlü X6 ərizəçlərin oğludur. Oğlunun ağır dərəcəli əqli geriliyi var və İ qrup əlildir. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 2280 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 uşaq autizmi nəticəsində yaranan əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Bu Məcəllənin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bu Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Bu Məcəllənin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan xx.xx.2014-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan ana və atası Ərizəçi1, Ərizəçi2 ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən verilmiş ərizə təmin edilsin. 10 sentyabr 2014-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. 10 sentyabr 2014-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi onun üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3282/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3282/2025
22.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver