Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3285/2023 24.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və ölən əri X1 miras qalan Xaçmaz rayonu Qalağan kəndi ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılan 0,10 ha torpaq sahəsinin vərəsəsi kimi iddiaçı tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X3 21 mart 2021-ci ildə ölmüşdür. Ərinə sağlığında Xaçmaz rayonu Qalağan bələdiyyəsinin 15 may 2006- ci il tarixli 007 saylı Qərarı ilə ona Xaçmaz rayonu Qalağan kəndi ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin alınması məqsədi ilə 220 manat vəsait ödənilmiş və qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsində olmuşdur. Ayrılan torpaq sahəsinin koordinatları müəyyən olunmuş, yer quruluşu planı işlənmiş, müvafiq dövlət qurumlarından rəylər alınmaqla 22 may 2006-cı ildə alqı-satqı aktı da rəsmiləşdirilmişdir. Həyat yoldaşı N.Nəsibov öldükdən sonra bu torpaq sahəsi iddiaçının faktiki idarəçiliyində olmuş və iddiaçı tərəfindən torpaq vergisi və rüsumları da ödənilmişdir. İddiaçı miras qoyanın 1-ci növbə qanun üzrə vərəsəsi kimi həmin torpaq sahəsi üzərində hüquqlara dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş, iddiaçıya cavabdeh tərəfindən imtina verilmiş yə həmin imtinanı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı müddət ötürüldüyü üçün həmin müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, əri X3 2021-ci ildə ölmüşdür. Onun adına olan Xaçmaz rayonu, Qalağan kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi miras qalmışdır ki, həmin torpaq sahəsinin iddiaçı tərəfdən vərəsə kimi qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılmasını xahiş edir. Torpaq sahəsini qəbul etmə müddətini ötürməyinin səbəbi bundan ibarətdir ki, başı qarışıq olmuş, belə ki, gəlini ölmüş, gəlininin 2 uşağı da öhdəsində qalmışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Xaçmaz rayon Qalağan bələdiyyəsinin 15 may 2006-cı il tarixli, 07 saylı qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 Qalağab bələdiyyəsinin perspektiv inkişafı üçün saxlanılan torpaqlarından Sumqayıt şəhər sakini X2 fərdi yaşayış mənzili tikmək üçün Xaçmaz rayonu Qalağan kəndinin ərazisindən 1000 kv.m torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Rayon Şöbəsinin 742 saylı rəyinin surətindən görünür ki, DT və XK-si Xaçmaz rayon şöbəsi bildirir ki, fərdi mənzil tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi Qalağan bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahələri Qalağan bələdiyyəsinin perspektiv inkişafa saxlanılan torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. - nikahın bağlanması haqqında şəhadənamənin nnotarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.1976-cı il tarixli, 1093 saylı nikah qeydi vardır. - Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində sol mədəcik çatmazlığı səbəbindən ölmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 485 №-li məktubundan görünür ki, İddiaçı X1 miras qalmış əmlaka mirasın qəbul edilməsi üçün müddət buraxıldığından vərəsəlik şəhadətnamənin verilməsindən imtina edilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X3 öldükdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də, üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 7-ci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 miras qalmış əmlakın İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzürlü hesab olunaraq uzadılmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. X1 miras qalmış əmlakın - Xaçmaz rayonu Qalağan kəndi ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılan 0,10 ha torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3285/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3285/2023
24.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver