Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-329/2022 07.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus 3-cü mikrorayon, ev 62a, mənzil 25-ə dair tərtib olunmuş Akt əsasında əsassız hesablanmış 199,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 62a, mənzil 25-də yerləşən yaşayış sahəsi ona məxsusdur. Həmin mənzildə o, ailəsi ilə birgə yaşayır. Mənzilinə verilən təbii qaza görə vaxtaşırı ödənişlər etmişdir. 08.04.2020-ci il tarixdə ******* nömrəli Akt əsasında pilləkan meydançasında quraşdırılmış mənzilinə məxsus G-2.5 markalı 00200455 nömrəli qaz sayğacı dəyişdirilmiş və yeni sayğac quraşdırılmışdır. Hazırda cavabdehin Sumqayıt filialı 21.07.2020-ci il tarixdə ******* nömrəli, Aktla və 08.10.2021-ci il tarixli məktubla ona müraciət edərək bildirmişdir ki, mənzilinə məxsus əvvəlki qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və AR Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi «sayğacın hesablama mexanizminin daxilində yad əşya (lent) aşkar edildi» kimi rəy vermiş, həmçinin sayğaca kənar təsir izinin aşkar olunmadığını qeyd etmişdir. Ona görə mənzilə görə quraşdırılmış yeni sayğac üçün 1350 kub qaz itkisini hesablayıb ondan 135 manat pul və sayğacın dəyişməsi ilə əlaqədar 64,67 manat, cəmi 199,67 manat pul ödənilməsini cavabdeh tələb etmişdir. Halbuki, «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. «Qazdan istifadə Qaydaları»nm 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qanunsuz olaraq ondan pul tələb olunmasını nəzərə alıb hesab edir ki, o, həmin ödənişi etməməlidir. Göründüyü kimi, onun Azərbaycan Respublikası Konstitusiyası, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, “Qazdan istifadə Qaydalar” və digər qanunlardan irəli gələn hüquqları cavabdeh tərəfindən pozulmuşdur və bunun bərpasını məhkəmədən kənar həll edə bilmir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şeheri, 3-cü mikrorayon, ev 62a, mənzil 25-ə tərtib olunmuş Akt əsasında qaz itkisinə görə əsassız hesablanmış 135 manat borcun və qaz sayğacının dəyişməsi ilə əlaqədar 64,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbi əsassızdır, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus yaşayış evinə aid sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, itirilmiş qazın və sayğacın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 21.07.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, 04.05.2020-ci ildə dövlət yoxlamasına gətirilmiş Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G-2,5 markalı 00200455 nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablanma mexanizminin daxilində yad əşya (lent) aşkar olunmuşdur. 08.10.2021-ci il tarixli “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” arayışdan görünür ki, G-2,5 markalı 00200455 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablanma mexanizminin daxilində yad əşya (lent) aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sayğacın dəyəri 64,67 manatın abonent tərəfindən ödənilməsi tələb olunur. 29.09.2021-ci il tarixdə verilmiş Abonentin Saldosundan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 62a saylı evin, 25 saylı mənzilinə (abonent kodu **********00250) akta görə 135 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi vəquraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mənzili qaz ilə təhciz edilib, qazdan istifadəsi üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyn tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64,67 manat və akta gösrə hesablanmış 135 manat borc **********00250 saylı abonent hesabından silinməlidir. MPM-nin 119-cu maddəsinə əsasən cavabdeh «Azəriqaz» İB-dən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 64,67 (altmış dörd manat, altmış yeddi qəpik) manat borc və akta görə hesablanmış 135 (bir yüz otuz beş) manat borc ləğv edilsin və **********00250 saylı abonent hesabından silinsin. Cavabdeh «Azəriqaz» İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-329/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-329/2022
07.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver