Məhkəmə qərarları › İş №2(060)-329/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-329/2025

25.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-329/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçılar İddiaçı və X5 Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən ünvan 2 ərazisində qanunsuz olaraq tikilmiş sanitar qovşağın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra iddiaçı X5 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6397/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X2 və X3 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin iddiaçı X3 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” hissəsində geri qaytarılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar :

4. İddia onunla əsaslandırılmışdır ki, birgə iddiaçılar - xx xxxx 1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş İddiaçı və 06 iyun 1959-cu il tarixdə Ağdam rayonunda anadan olmuş X5 hazırda müvafiq olaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/20, mənzil 46 və ünvan 1 ünvanında yaşayırlar. Hazırki iş üzrə Cavabdeh qeyd olunan hadisələr baş verənə kimi tanımamış, heç bir münasibətləri olmamışdır. Belə ki, cavabdeh tərəfindən ünvan 2 ərazisində qanunsuz olaraq sanitar qovşağı tikilmişdir. Həmin sanitar qovşağın istər etik cəhətdən, istərsə də qanuni cəhətdən heç bir əsası yoxdur. Tamamilə özbaşınalıqla və qanunsuz olaraq tikilmişdir. Həmin tikilinin söküntüsü ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etsə də heç bir nəticəsi olmamışdır. Həmin sanitar qovşağın hesab edirik ki, heç bir sənədi yoxdur, olsa da belə heç bir tikinti normasına əməl edilməmiş və bina sakinlərinin ciddi narazılığına səbəb olmuşdur. Sanitar qovşaq yaşayış binasının daxilində tikilmiş Pub-a məxsusdur və məhz həmin sanitar qovşaq da yaşayış binasının daxilində tikilmişdir. Pubdan içkili vəziyyətdə çıxan müştərilər qeyri-etik hərəkətlər edir, bu hal da yuxarıda qeyd etdiyi kimi ciddi narazılıqlara səbəb olur. Belə ki, sanitar qovşaq başqa şəxs tərəfindən istifadə edildiyi zaman digər müştərilər məhz içkili vəziyyətdə qovşağın yanında öz ehtiyaclarını görürlər. Bu hal nə dərəcədə düzgündür? Orada yaşayan yüzlərlə qız, gəlin, uşağın yanında bu cür hərəkətlər edilməsi etikdirmi? Bu cür hərəkətlərə görə binanın qadınları nəinki həyətə hətta pəncərəyə belə çıxa bilmir. Tək çıxış yolu məhkəmədir. Yuxarıda da qeyd etdiyi kimi bütün bina sakinləri bu vəziyyətdən narazıdır və özləri də məhkəmə iclasında şəxsən şahid qismində iştirak edəcəklərdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəmə müraciət edir. Hesab edir ki, sözügedən qanunsuz tikili sökülməlidir.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, həmin binada 2-ci mərtəbədə yaşayır. Sanitar qovşaq pəncərənin aşağı hissəsindədir. 1-ci mərtəbədə yaşayan sakinlər də bu haldan şikayətçidirlər. Sanitar qovşağın orada yerləşməsi onu və qonşularını narahat edir. Həmin qeyri-yaşayış sahəsindən kafe-bar kimi istifadə olunur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qeyri-yaşayış sahəsi ona məxsusdur. Sanitar qovşaq layihədə var. İcra hakimiyyəti ilə razılaşdırılmışdır. Sanitar qovşağın tikilməsi zamanı "xxxx" ASC-ə müraciət olunmuş, oradan müvafiq icazə alınmışdır.

Tədqiq olunan sübutlar:

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2025-ci il tarixli, 10/9784 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində inşa edilmiş tualet tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarının 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olunmuş, həmin qeyri-yaşayış sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********20-083001 reyestr nömrəli texniki pasportda qeyd edilən sanitar qovşaq nəzərdə tutulmamışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/20, 46 saylı mənzil xx.xx.2012-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 23/19 xx.xx.2021-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları 1.1-ci bəndinə əsasən respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. 1.2-ci bəndinə əsasən bu Qaydalar: hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin; binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin; tikintinin sifarişçisi tərəfindən əsaslı təmir əvəzinə icazəsiz olaraq yenidənqurma və yaxud texniki yeniləşdirmə işlərinin həyata keçirilməsinin; bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının; tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurma həllərinin; yaşayış və ictimai binalarda, piyadaların yeraltı keçidlərində, metropolitenin daxili dəhlizində, xüsusən əhalinin kütləvi toplandığı ərazilərdə neqativ amillərin olmasının, sanitar-gigiyenik, hərəkət təhlükəsizliyinin və ekoloji norma tələblərinin pozulmasına, yanğın, təbii fəlakət, kütləvi əhali qırğınına gətirib çıxara biləcək halların qarşısının alınması, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. 3.1-ci bəndinə əsasən dəyişikliklər aparılacaq sahəyə inventarlaşdırma işlərini görən layihə təşkilatları, firmalar və mütəxəssislər cəlb edilməklə mövcud obyektin ilkin layihə sənədləri nəzərdən keçirilib, bina və ya qurğu müayinə edilməlidir. Mövcud bina və ya qurğunun kateqoriyası və konstruktiv sxemi layihə təşkilatı tərəfindən təyin edilməlidir. Dəyişikliklərin aparılmasının mümkünlüyünü müəyyən etmək üçün mövcud bina və ya qurğuya müvafiq qaydada vizual və instrumental baxış keçirilməlidir. 3.2-ci bəndinə görə mövcud bina və ya qurğunun ilkin layihə sənədlərinin müəllifindən onlarda dəyişikliklərin aparılması barədə müvafiq razılıq alınmalı və dəyişikliklər ediləcək işlər üçün hazırlanmış layihə həmin müəllif ilə razılaşdırılmalıdır. 3.3-cü bəndinə əsasən dəyişikliklər ediləcək sahənin layihə sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır. 3.4-cü bəndinə əsasən genişləndirmə, yenidənqurma işlərinə aid layihə-smeta sənədlərinin işlənməsi zamanı qüvvədə olan tikinti norma və standartlarının tələbləri nəzərə alınmalıdır. 3.5-ci bəndinə əsasən nəzərdə tutulmuş konstruktiv dəyişikliklərin həllinin mümkünlüyü hesabat əsasında dəqiqləşdirilməli və lazım gəldikdə, mövcud konstruksiyaların gücləndirilməsi üçün layihə təşkilatının rəyi alınmalıdır. 3.6-cı bəndinə görə obyektə dəyişikliklərin edilməsi müsbət həllini taparsa, bu məqsədlə hazırlanmış layihə-smeta sənədləri görüləcək işlərə aid memarlıq-planlaşdırma, konstruksiyaların gücləndirilməsi və mühəndis hesabatları üzrə həlləri özündə əhatə etməlidir. 3.7-ci bəndinə əsasən dəyişikliklərin aparılması ilə əlaqədar işlənmiş layihə sənədləri müvafiq qaydada ekspertizadan keçirilməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

12. Belə ki iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/20, 46 saylı mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzilin qonşuluğunda Cavabdeh özünə məxsus qeyri yaşayış sahəsinin çıxışında qanunsuz olaraq tikinti işləri aparmış və sanitar qovşaq inşa edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin sökülməsini məhkəmədən xahiş edir. Həmin qeyri-yaşayış sahəsi çoxmənzilli binanın zirzəmisində yerləşir. İnşa edilmiş sanitar qovşaq isə zirzəminin çıxışında binanın xarici divarına bitişik inşa edilmişdir.

13. Cavabdehin bildirməsinə görə həmin qeyri-yaşayış sahəsindən oyun mərkəzi kimi istifadə edir, iddiaçı isə cavabdeh tərəfindən həmin sahənin kafe-bar olaraq istifadə edildiyini bildirir.

14. Məhkəmə ilk növbədə iddiaçının cavabdehə məxsus qeyri yaşayış sahəsində yerləşən sanitar qovşağın söküntüsünü tələb etmək hüququna malik olub-olmaması ilə bağlı məsələyə qiymət verilməsini zəruri hesab edir.

15. Məhkəmə iddiaçının ona məxsus mənzilin həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi binaya bitişik olmaqla yanında yerləşməsini, sanitar-gigiyenik qaydalara riayət edilib-edilməməsi, pis qoxuların yayılması, səs-küyün, natəmizliyin olması nəticəsində yaşayış şəraitinin pisləşməsinə səbəb olması baxımından həmin sanitar qovşağın söküntüsü ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüququnun mövcud olması qənaətinə gəlir.

16. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən sözügedən qeyri-yaşayış sahəsində inşa edilmiş sanitar qovşağın həmin obyektin Texniki pasportunda nəzərdə tutulub-tutulmaması, sanitar qovşaq inşa edilən zaman sanitar və ictimai qaydalara riayət edilib-edilməməsi, həmin sanitar qovşağın qeyd edilən ərazidə inşa edilməsinin sanitariya qaydaları baxımından onun yerləşdiyi binada yaşayan sakinlərin mənafelərinə uyğun olub-olmaması, sözügedən qeyri-yaşayış sahəsinin başqa hissəsində sanitar qovşağın inşasının (kanalizasiya xətlərinin çəkilməsi baxımından) mümkün olubolmaması barədə rəy verilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

17. Məhkəmənin həmin qərardadının icrası olaraq məhkəməyə daxil olmuş 26 may 2025-ci il tarixli, 10/9784 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində inşa edilmiş tualet tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarın 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən olunmuş, həmin qeyri-yaşayış sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********20-083001 reyestr nömrəli texniki pasportda qeyd edilən sanitar qovşağın nəzərdə tutulmadığı qeyd edilmişdir.

18. Beləliklə ekspert rəyi əsasında sözügedən sanitar qovşağın qeyri-yaşayış sahəsinin texniki pasportunda öz əksini tapmadığı, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarın 3-cü və 4-cü bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Nazirlər Kabinetinin qeyd edilən qərarının yuxarıda qeyd edilən normalarına görə bina və qurğularda dəyişikliyin edilməsi zamanı mövcud bina və ya qurğunun ilkin layihə sənədlərinin müəllifindən onlarda dəyişikliklərin aparılması barədə müvafiq razılıq alınmalı və dəyişikliklər ediləcək işlər üçün hazırlanmış layihə həmin müəllif ilə razılaşdırılmalı və dəyişikliklər ediləcək sahənin layihə sənədlərini hazırlayarkən memarlıq, şəhərsalma, yanğın təhlükəsizliyi və sanitar normalarının tələbləri mütləq nəzərə alınmalıdır.

19. Hazırki halda sözügedən sanitar qovşaq qeyri-yaşayış sahəsinə məxsus texniki pasporta öz əksini tapmamaqla həmin tikilinin tikilməsi məqsədilə, başqa sözlə qeyri-yaşayış sahəsinin mövcud layihəsinə dəyişiklik edilməsi məqsədilə müvafiq orqanların razılığı da alınmamışdır. Eyni zamanda qeyd edilən tikili binanın qarşısında antisanitar vəziyyətin yaranmasına, səs-küyə səbəb olmuşdur ki, bu da iddiaçının hazırki iddianı qaldırmaqda haqlı olduğu qənaətinə gəlməyə əsas vermişdir. Qeyd edilən hallar (anti-sanitar vəziyyət, səs-küy) məhkəməyə təqdim edilmiş video disk və foto şəkilər əsasında da öz təsdiqini tapmışdır.

20. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/20, 46 saylı mənzilin qonşuluğunda Cavabdeh tərəfindən inşa edilmiş tikili (sanitar qovşaq) onun öz vəsaiti hesabına sökülməlidir. Məhkəmə xərcləri:

21. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-6397/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

22. 10.06.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

23. Məhkəmə hesab edir ki, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

ünvan 3 ünvanında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikili (sanitar qovşaq) onun öz vəsaiti hesabına sökülsün. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar