Məhkəmə qərarları › İş №2(060)-3326/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3326/2024

09.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3326/2024 09.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 Cavabdehna qarşı “miras əmlakın qəbulu müddətinin bərpası” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 Cavabdehna qarşı iddia qaldıraraq, mərhum X2 miras qalmış əmlak Sumqayıt şəhəri, Saray bağları massivi, 4034D ünvanında yerləşən, sahəsi 0,095 ha olan bağ torpaq sahəsinin tərəflərindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağları massivi, 4034D ünvanında yerləşən, sahəsi 0,095 ha olan bağ torpaq sahəsi qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 avqust 2017-ci il olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən X1nın mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. X1 19 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Analarının ölümündən sonra sözügedən bağ sahəsi vərəsələri olaraq onlar tərəfindən miras əmlak kimi faktiki qəbul edilmişdir. Bir müddət əvvəl yuxarıda qeyd edilən torpaq sahəsinin sənədlərini qaydaya salmaq və mülkiyyət hüququna dair hüquq müəyyənedici sənəd əldə etmək məqsədi ilə mərhum analarının mülkiyyyəti kimi dövlət qeydiyyatından keçirilmiş torpaq sahəsinə dair miras əmlak kimi vərəsəlik hüququ barədə şəhadətnamə almaq məqsədi ilə ünvan 3 müraciət etdikdə, onlara vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Belə ki, etdikləri müraciətlərə cavab olaraq sözügedən qurumun notariusu R.Haqverdiyevin imzası ilə verilmiş 04 aprel 2024-cü il tarixli, 711, 742 və 743 saylı arayışlarda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü, mirasın faktiki qəbul edilmədiyi, bu səbəbdən vərəsəlik hüququ barədə şəhadətnamələrin verilə bilmədiyi bildirilmiş və mirasın qəbulu üzrə qanunvericiliklə müəyyənləşdirilmiş müddətinin bərpası üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Onlar verilmiş bu cavabları tamamilə əsassız və qanunsuz sayırlar. Belə ki, mərhum analarının ölümündən bir ilə yaxın müddət keçmişdir və onlar arayışlarda yazılanların ziddinə olaraq miras əmlakını faktiki idarə edərək onu qəbul etmişdirlər. Mirasın qəbulu üçün müddət buraxılmışdırsa da, bu hal üzrlü səbəblərdən baş vermişdir. Çünki onlar həmin bağdan faktiki istifadə edirlər. Mirası faktiki qəbul edərək ondan istifadə etdikləri üçün hesab etmişdirlər ki, miras tərəflərindən artıq qəbul edilmişdir. Bununla bağlı notariat ofisinə yazılı şəkildə bir neçə ay gec müraciət etməkləri vərəsə olaraq hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Sözügedən bağ sahəsi faktiki olaraq 0,30 ha olmaqla mərhum analarının mülkiyyətində olmuş, sonradan bağışlama müqaviləsi əsasında bölünərək övladlarına bağışlanmışdır. Yalnız 0,095 ha hissəsi analarının mülkityyəti kimi saxlanılmışdır. Başqa sözlə miras əmlak olan 0,095 ha torpaq sahəsi iddiaçılar İddiaçı1 və Nümayəndə mülkiyyətində olan bağ sahəsinin daxilində yerləşir ki, bu hal həmin torpağın miras olaraq tərəflərindən qəbul edilməsini mümkünsüz edir. Bütün bu sadalanan halları nəzərə alaraq və notariat orqanının imtinası nəticəsində ailələrinin uzun illərdir istifadəsində olmuş və mərhum analarından miras olaraq qalmış bağ torpaq sahəsi üzərində öz hüquqlarını dövlət qeydiyyatından keçirə bilmədiklərindən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdırlar. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi X1 öldükdən sonra övladları olaraq onlar vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsələr də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmiş, həmin torpağın vergisini ödəmişdirlər.

Tərəflərin mövqeləri:

3. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı və İddiaçı3 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2 qardaşı və 1 bacısı vardır. Anası rəhmətə getdikdən sonra başı qarışdığı üçün müraciət edə bilməmişdir. Bağ sahəsi anasının adına idi.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, atası vəfat etdikdən sonra anası onun yanında qalmışdır. Anası 2019-cu ildə vəfat etmişdir. Mübahisəli torpaq sahəsi atasından miras qalmış və anasının mülkiyyətinə keçmişdir. Hər birinə bağışlanan əmlak olmuşdur. Qardaşı İddiaçı3 də payı müəyyən edilmişdir. Rusiya Federasiyasının vətəndaşı olduğu üçün miras əmlakı qəbul edə bilməmişdir. Buna görə də qanunla müəyyən edilmiş 6 aylıq müddət ötürülmüşdür. Bacısı payının müəyyən edilməsini istəyirsə qanunla onun da payı notariusda müəyyən ediləcəkdir. Torpaq sahəsinin bölünməsi ilə əlaqədar mübahisə yoxdur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən X9 izahatında bildirdi ki, ailə üzvlərindən biri evin varisidir. Notariusda etiraz etdiyi üçün məhkəməyə müraciət etmişdirlər. Torpaq sahəsi atasına aiddir. Atası vəfat etdiyi üçün torpaq sahəsi anasının mülkiyyətinə keçmişdir. Qardaşı torpaq sahəsini hər kəs üçün bölmüşdür. Anasına da 0,095 ha torpaq sahəsi qalmışdır. Notariusa çağırıldığı zaman doğulduğu evdə payının müəyyən olunması şərti ilə razılıq verəcəyini bildirmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. AZ-İİ 334742 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 fevral 2023-cü il tarixdə ölmüşdür.

8. RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4034D ünvanında yerləşən 0,095 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 04 avqust 2017-ci ildə qeydiyyata alınmışdır.

9. Vİİ-ЖГ ******* saylı, İİ-ИE 160478 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən və İİİ-ЖГ 342828 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.1981-ci ildə, İddiaçı1 xx.xx.1961-ci ildə, Nümayəndə xx.xx.1959-cu ildə anadan olmuşdur. X4, anaları isə X5r.

10. Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli 696 saylı, 04 aprel 2024-cü il tarixli, 711 saylı, 08 aprel 2024-cü il, 742 saylı, 08 aprel 2024-cü il tarixli, 743 saylı arayışlardan görünür ki, X9, İddiaçı1, Nümayəndə və İddiaçı3 Saray bağlar massivi, 4034D ünvanında yerləşən 0,095 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və miras əmlakı faktiki qəbul etməmişlər.

11. İddiaçı1 tərəfindən 01 mart 2024-cü il tarixdə, X9 tərəfindən 03 mart 2024-cü il tarixdə, Nümayəndə tərəfindən 08 aprel 2024-cü il tarixdə və İddiaçı3 tərəfindən 08 aprel 2024-cü il tarixdə notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, onlar miras əmlak qəbul etmələri ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişlər.

12. Nümayəndə, 01 mart 2024-cü il tarixdə, İddiaçı3 01 mart 2024-cü il tarixdə və X7 01 mart 2024-cü il tarixdə ünvan 3 ünvanladıqları ərizələrdən görünür ki, mirası faktiki qəbul etmədiklərini və etmək fikrində də olmadıqlarını bildirmişlər.

13. Nümayəndə 08 aprel 2024-cü il tarixli ərizə ilə notariusa müraciət edərək 01 mart 2024-cü il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisindı 8İ-1724 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsinin qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün əhəmiyyətsiz hesab edilməsi səbəbindən ərizədən imtina etdiyini bildirmişdir.

14. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 4 mart 2024-cü il tarixli, 555 nömrəli arayışdan görünür ki, X6 vəfat etdiyi gündən bu günədək ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən, 4034D saylı 950 kv.m torpaq sahəsinə görə torpaq vergi borcunu oğlu İddiaçı1 ödəyir.

Məhkəmə baxışının hədləri:

15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçılar mərhum X3 övladlarıdır. X8 19 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, Saray bağlar massivi, 4034D ünvanında yerləşən 0,095 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun övladları iddiaçılar Nümayəndə və İddiaçı3 xx.xx.2024-cü il tarixdə miras əmlakdan imtina etmələri ilə bağlı ərizə ilə notariat orqanına müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə Nümayəndə 01 mart 2024-cü il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisindı 8İ-1724 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsinin qanunla müəyyən edilmiş müddətdə verilmədiyi üçün əhəmiyyətsiz hesab edilməsi səbəbindən ərizədən imtina etdiyini bildirmişdir. xx.xx.2024cü il tarixdə İddiaçı1, xx.xx.2024-cü ildə Nümayəndə və İddiaçı3 miras əmlakı qəbul etmələri ilə bağlı ərizələrlə notariat orqanına müraciət etmişlər. Sumqayıt şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 711 saylı, 08 aprel 2024-cü il, 742 saylı, 08 aprel 2024-cü il tarixli, 743 saylı arayışları ilə onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

19. Hazırda İddiaçı1, Nümayəndə və İddiaçı3 mərhum analarından miras qalmış Sumqayıt şəhəri, Saray bağlar massivi, 4034D ünvanında yerləşən 0,095 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılmasını məhkəmədən xahiş edirlər. İddiaçılar mərhum X1nın birinci növbədən olan vərəsələridirlər.

20. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

21. Hazırki mübahisəli işin hallarından göründüyü kimi, miras qoyan X6 19 fevral 2023-cü il tarixdə ölmüşdür. Miras əmlakın qəbul edilməsi ilə bağlı müddətin bərpa olunması tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Belə olanda məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı hazırki mübahisəyə şamil olunmayacaqdır. Belə olanda İddiaçı miras əmlakı faktiki qəbul edilib-edilməməsi araşdırılmalıdır.

22. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.

23. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı).

24. Mirasın qəbulu qaydalarını nəzərdə tutan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

25. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı).

26. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur.

27. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər.

28. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır.

29. Məhkəmə qeyd edir ki, hazırki işin materialları ilə miras əmlakla bağlı verginin İddiaçı1 tərəfindən ödənildiyi, bununla da onun tərəfindən miras əmlakın faktiki qəbul edildiyi müəyyən olunur. Eyni zamanda miras əmlakın bölünməsi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Yəni hər bir vərəsə miras əmlakın aralarında bölünməsinə razıdırlar. İddiaçılar miras əmlakın qəbulu ilə bağlı ərizə ilə notariat orqanına gec müraciət etmələrinin səbəbi kimi qardaşları İddiaçı3 Rusiya Federasiyasında olduğunu, eyni zamanda analarının vəfatı ilə bağlı gec müraciət etdiklərini bildirmişlər.

30. Məhkəmə Nümayəndə və İddiaçı3 notariat orqanına təqdim edilmiş miras əmlakdan imtina etmələrinə dair ərizələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Göründüyü kimi miras əmlakın qəbulundan imtinanın müddəti qanunvericiliklə konkret olaraq tənzimlənmişdir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Lakin hazırki işdə iddiaçı Nümayəndə və İddiaçı3 tərəfindən mirasın qəbulundan imtina ilə bağlı ərizələr qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra verildiyindən hər hansı bir hüquqi qüvvəyə malik deyildir.

31. Hazırki iş üzrə vərəsələrdən İddiaçı1 mirası faktiki qəbul etməsi, digər iddiaçılarında həmin əmlaka gedib-gəlmələrini bildirmələri, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətlərin onların iradəsindən asılı olmayan səbəblərdən ötürmələrinə dair dəlilləri ağlabatan olmaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlir və iddiaçıların istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış edir. Məhkəmə qeyd edir ki, müvafiq hal müəyyən edilərkən həmçinin vərəsələr arasında miras əmlakla bağlı mübahisənin olmaması, iddiaçıların mirasın qəbulu müddətinin uzadılması tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun mirasın qəbulu ilə bağlı müddətlərin uzadılmasına dair hüquqi mövqeyi nəzərə alınmışdır.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 tərəfindən mərhum X2 miras qalmış Sumqayıt şəhəri, Saray bağları massivi, 4034D ünvanında yerləşən, sahəsi 0,095 ha olan torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı1, Nümayəndə və İddiaçı3 tərəfindən mərhum X2 miras qalmış Sumqayıt şəhəri, Saray bağları massivi, 4034D ünvanında yerləşən, sahəsi 0,095 ha olan torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar