Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3343/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən sahəsi 0,25 ha olan 2723 saylı bağ torpaq sahəsi 1965-ci ildən iddiaçının mərhum həyat yoldaşı X2 istifadəsində olmuşdur. Sonuncu dəfə iddiaçının həyat yoldaşı ilə Sumqayıt şəhər keçmiş XDS İKnin Bağlar Təsərrüfatı İdarəsi arasında torpağın icarəyə verilməsinə dair 02 avqust 1985-ci il tarixdə 1193 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. İddiaçının həyat yoldaşı X4 18 iyul 2022ci il tarixində vəfat etmişdir. İddiaçı həyat yoldaşının ölümündən sonra sözügedən bağ torpaq sahəsini mərhumun vərəsəsi olaraq miras əmlak kimi faktiki qəbul etmişdir. Qeyd edilən bağ sahəsi qanunvericiliyə əsasən iddiaçının mərhum həyat yoldaşının əvəzsiz mülkiyyətinə verilmiş torpaqdır. Ancaq iddiaçı mərhum həyat yoldaşının sağlığında torpaq sahəsinin mülkiyyəti kimi sənədləşdirilməsi üçün müraciət etməmiş və bağ torpaq sahəsi mülkiyyət hüququ əsasında mərhum həyat yoldaşının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçməmişdir. İddiaçının həyat yoldaşı X4 vəfat etdikdən sonra yuxarıda qeyd edilən bağ torpaq sahəsinin sənədlərini qaydaya salmaq və mülkiyyət hüququna dair sənəd əldə etmək məqsədi ilə aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin İddiaçı mərhum X2 vərəsəsi olaraq vərəsəlik hüququna dair şəhadətnamə əldə etmədiyindən, onun torpağın sənədləşdirilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı həyat yoldaşının faktiki mülkiyyyəti kimi qəbul edilən torpaq sahəsini miras əmlak kimi öz adına keçirmək üçün vərəsəlik hüququ barədə şəhadətnamə almaq məqsədi ilə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etdikdə, ona vərəsəlik hüququ barədə şəhadətnaməsin verilməsindən imtina olunmuşdur. Belə ki, müraciətinə sözügedən qurumun notariusu Ə.M. Əmirəliyevin imzası ilə verilmiş 11 aprel 2023-cü il tarixli, 901 saylı cavab məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü və mirasın qəbulu üzrə qanunvericiliklə müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı verilmiş bu cavabı tamamilə əsassız və qanunsuz hesab edir. Belə ki, iddiaçının 85 yaşı vardır və onun hüquqi savadı olmadığından, həyat yoldaşının vəfatından sonra notariat ofisinə müraciət etməli olduğunu bilməmişdir. Eyni zamanda yaşı ilə əlaqədar onun səhhətində olan problemlər də vaxtında notariat ofisinə müraciət etməyinə imkan verməmişdir. Həyat yoldaşının ölümündən heç bir il keçməmişdir və o, miras əmlakını faktiki idarə edərək onu qəbul etmişdir. İddiaçı mirasın qəbulu üçün müddəti buraxmışsa da, bu hal üzrlü səbəblərdən baş vermişdir və onun bununla bağlı notariat ofisinə cəmi bir neçə ay gec müraciət etməyi vərəsə olaraq hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Bütün bu sadaladığı halları nəzərə alaraq və notariat orqanının imtinası nəticəsində ailənin uzun illərdir istifadəsində olmuş və mərhum həyat yoldaşından miras olaraq qalmış bağ torpaq sahəsi üzərində öz hüququnu dövlət qeydiyyatından keçirə bilmədiyindən məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçının mərhum həyat yoldaşı X2 icarəsində olmuş Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən 2723 saylı bağ torpaq sahəsinin miras kimi iddiaçı tərəfindən qəbul edilməsi və vərəsəliyinin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum həyat yoldaşı X2 icarəsində olmuş Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən 2723 saylı bağ torpaq sahəsinə dair vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddətinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəməyə müraciət edilərək, məhkəmə iclasına iştirakları olmadan baxılması xahiş edilmişdir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt şəhəri VVADQ şöbəsi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş İ-ИE № 418624 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X4 ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1957-ci il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir.
9. İş materiallarında olan Sumqayıt şəhər XDS İK-nin Bağlar Təsərrüfatı İdarəsi ilə X4 arasında bağlanmış xx.xx.1985-ci il tarixli, 1103 saylı icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən sahəsi 0,25 ha olan 2723 saylı bağ torpaq sahəsi xx.xx.1995-ci il tarixədək X3 icarəyə verilmişdir.
10. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 285823 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
11. İş materiallarında olan Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 11 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X2 xx.xx.2022-ci ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmışvə miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə 03 yanvar 1957-ci il tarixdə X4 ilə ailə həyatı qurmuşdur, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Saray bağları ərazisində yerləşən 2723 saylı bağ torpaq sahəsinin həyat yoldaşından miras qaldığını iddia edir və mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılmasını iddia edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
14. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
15. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
16. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
17. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
18. Eyni Məcəllənin 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
19. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
20. Qeyd olunan Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
21. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
23. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
24. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X4 öldükdən sonra həyat yoldaşı İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də, miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir.
26. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir.
27. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mirasının açıldığı məqamda miras əmlak onun istifadəsində olmuş və mirasqoyanın vərəsəsi tərəfindən qeyri-rəsmi üsulla qəbul olunmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə isə, mirası qəbul etmə müddətinin ötürülməsi (buraxılması) vərəsənin miras əmlaka, vərəsəliyə olan hüququnun itirilməsi ilə nəticələnir. İddiaçının həyat yoldaşının mirasını vaxtında qəbul etməməsi üzrlü səbəblərdən baş vermişdir.
28. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər.
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, mərhum X1 miras qalmış əmlakın-Sumqayıt şəhər, Saray bağları ərazisində yerləşən 2723 saylı torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 miras qalmış əmlak - Sumqayıt şəhər, Saray bağları ərazisində yerləşən 2723 saylı torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva