Məhkəmə qərarları › İş №2(060)-3372/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3372/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3372/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Sumqayıt şəhəri, 42-ci məhəllə, 12 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı X2 ilə rəsmi olaraq ailə həyatı qurduqdan sonra Sumqayıt şəhərində yaşamışdır. DOZ-X4 tərəfindən iddiaçının həyat yoldaşı, mərhum X1 Sumqayıt şəhərinin, 42-ci məhəlləsində, ev-12, mənzil-1 ünvanında ev verilmişdir. 1985-ci ilin may ayından iddiaçı göstərilən ünvanda yaşayır. İddiaçının həyat yoldaşı 1992-ci ilin avqust ayının 20-də vəfat edəndən sonra Sumqayıt şəhəri, 42-ci məhəllə, ev-12, mənzil-1 iddiaçının adına rəsmiləşdirilmiş və iddiaçı bu evin qanuni mülkiyyətçisi olmuşdur. Müraciət etdiyi hazırki iddia ərizəsində cavabdehlər sırasında göstərilən şəxslər iddiaçının öz övladları, biri isə iddiaçının qız nəvəsidir. İddiaçının övladlarının hər biri ailə həyatı qurmış və müxtəlif ünvanlarda öz ailələri ilə birlikdə yaşayırlar. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Bu da, müxtəlif çətinliklərlə rastlaşmağa səbəb olmuşdur. Belə ki, iddiaçının övladları ailələri ilə faktiki olaraq özlərinə mənsub mənzillərdə yaşayırlar. Seçkilər zamanı səs vermək üçün məcburiyyət qarşısında qalaraq xeyli yol qət etməli olurlar və ya bu səbəbdən seçkilərdə iştirak edə bilmirlər. Cavabdehlərin iddiaçının mənzilində formal qeydiyyatda olmaları iddiaçının da öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə müəyyən maneələr yaradır. Belə ki, iddiaçı bankdan kredit götürmək istədikdə uşaqların banka gəlmələri xeyli vaxt aparır. İddiaçı cavabdehlərin pasport qeydiyyatından çıxarılması ilə bağlı dövlət sturukturlarına müraciət etsə də, müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. 31.03.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onlar iddia tələbini qəbul edirlər. Ona görə də, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, onlar iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, 12 saylı evin, 1 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Sumqayıt şəhəri 3 saylı Notariat Ofisində verdikləri ərizələrdən görünür ki, onlar qeydiyyatda olduqları İddiaçı məxsus olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 12 saylı evin, 1 saylı mənzildən və pay hüquqlarından imtina etmişlər, pasport qeydiyyatından çıxmalarını öz öhdələrinə götürmüşlər, gələcəkdə göstərilən mənzilə dair heç bir iddiaları olmayacağı və hər hansı bir mübahisə yaranarsa özləri cavabdehlik daşıyacaqlarını bildirmişlər. İş materiallarında olan ******* nömrəli, 22.02.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Sumqayıt şəhəri, 42-ci məhəllə, 12 saylı evin, 1 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, 12 saylı evin, 1 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Sumqayıt şəhəri, 42-ci məhəllə, 12 saylı evin, 1 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar