Məhkəmə qərarları › İş №2(060)-3408/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3408/2023

10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3408/2023 10.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 10 iyul 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən ona məxsus **********00040 saylı abonent koduna xx.xx.2022-ci il tarixində ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş akt əsasında hesablanmış dəymiş zərərə görə 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X2» tərəfindən xx.xx.2022-ci il tarixində ******* saylı Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur, həmin aktda əsasən ona dəymiş zərərə görə 172,80 manat borc hesablanmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borc ilə razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, sayğaca müdaxilə etməyib. Sayğac blokda əlçatmaz yerdə yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlı iclasında iştirak etmiş Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iddia tələbi ilə bağlı bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının mənzilinə məxsus sayğaca baxış keçirilmiş, sayğaca müdaxilə olunduğu və nəticədə sayğacda hesablanma getmədiyi müəyyən edilmişdir. Bununla bağlı labarotoriya rəyi də var. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1440 m3 müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ünvan 1 ünvanında məişət qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın sərfini qeydə almaması müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03042-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin SOCAR**********30991710x-03042-1 saylı, xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış G-4 markalı, İfron tipli, 11202AQ**********5 sayğac Zenner tipli, G-4 markalı, **********9 nömrəli sayğacla əvəzlənmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 172.80 manat borc hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 172.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********00040) hesablanmış 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar