Məhkəmə qərarları › İş №2(060)-3432/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3432/2021

03.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3432/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Qaz İstismar İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatın istifadə etmədiyi qaza görə qanunsuz hesabladığı 604,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının razılığı ilə cavabdeh Sumqayıt Qaz İstismar İdarəsi əsl cavabdeh «Azəriqaz» İB ilə əvəz edilmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildən hazırki vaxta qədər yaşadığı mənzildə vaxtaşırı olaraq qaza olan borcunu ödəmişdir. Lakin istifadə edilməmiş qaza görə 604,8 manat borc hesablanmışdır. Bunu araşdırmaq üçün cavabdeh təşkilata müraciət etsə də nəticəsi olmamışdır. Hesab edir ki, hesablanmış borc qanunsuzdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, sayğac evindən kənarda quraşdırılıb və onun tərəfindən saygaca müdaxilə olunmayıb. Saygaca baxış keçirilməsinə iştirak etməyib, ona cavabdeh tərəfindən heç bir məlumat verilməyib. Odur ki, həmin aktı və hesablanmış cərimə borcunu əsassız hesab edir və silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmişdir və bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13.09.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinə aid quraşdırılmış sayğac yoxlaması zamanı məlum olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulan metrologiya plomblarının yuvalarının ətrafı zədəlidir. Sayğac ALARM-1 rejimindədir. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 12.03.2021-ci il tarixli sorğusuna əsasən «Azəriqaz» İB-nin 14 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında quraşdırılmış G-4 markalı, 1402AZ**********04 nömrəli itron tipli qaz sayğacı, qazı buraxmaması səbəbindən, 28.12.2020-ci il tarixində yeni Zenner tipli **********3 zavod nömrəli sayğacı ilə əvəz olunmuşdur. Çıxarılan sayğac Sumqayıt QİSdən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması Laboratoriyasına göndərilmişdir. Dövlət yoxlamasının nəticəsi olaraq 29/1710- 00956-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyünün üzərinə vurulmuş metrologiya plombunun yuvalarının ətrafı zədələndiyindən müdaxilə faktı olaraq istismara yararsız kimi qiymətləndirilmişdir. 13.09.2018-ci il tarixli ******* №li akt tərtib edilərək “Azəriqaz” İB-nin X1 Nəzarət şöbəsinə göndərilmişdir. Bu şöbə tərəfindən hesablama yolu ilə dəymiş ziyanın məbləğinin 604.80 manat olduğu müəyyənləşdirilmişdir. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.5-ci bəndə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin hallarından göründüyü kimi iddiaçının qazdan istifadə etməsi üçün quraşdırılmış qaz sayğacına baxış keçirilməsində iddiaçının iştirakı ilə akt tərtib olunmamış, aktın istehlakçı kimi iddiaçıya təqdim edilməsi təmin edilməmişdir. Bundan başqa, qanunun göstərişinə əsasən qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Buna görə də məhkəmə hesab edir ki, akt əsasında 604,80 manat borcun hesablanması və iddiaçıdan tələb edilməsi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 604,80 manat borc onun abunə hesabından (abonent kodu **********00610) silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 604,80 (altı yüz dörd manat, səksən qəpik) manat borc onun abunə hesabından (abonent kodu **********00610) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar