Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-344/2025 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı əmlakın hərraca çıxarılması və pay hüquqlarına kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh qarşı əmlakın hərraca çıxarılması və pay hüquqlarına kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər,1-ci mikrorayon,ev 13/31, 6 saylı mənzil hərraca çıxarılaraq satıldıqdan sonra paylarına müvafiq olaraq hər birinə 1/3 hissədə bölünməklə kompensasiya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər,1-ci mikrorayon,ev 13/31, 6 saylı mənzil mərhumə anası X2 mülkiyyətində olmuşdur.Həmin evdə onlar anası ilə birlikdə yaşayaraq təsərrüfat aparmışdırlar. Mərhumə anası rəhmətə getdikdən sonra qardaşı yəni Cavabdeh anasının ölümündən sonra onları mənzildən çıxararaq bir daha mənzilə buraxmamışdır.Sözü gedən mənzilin giriş-çıxış qapısının açarlarını dəyişmişdir və bununlada onların mülkiyyət hüquqlarını pozmuşdur.Ataları ilə analarının münasibətləri çoxdan sağlığında pozulmuşdur.Anaları xx.xx.2022-ci il tarixdə rəhmətə getdikdən sonra aidiyyatı üzrə Notariat Kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi əldə etmişdirlər.Vərəsəlik şəhadətnaməsindən sonra payları müştərək qaydada bölünsə də, qardaşları Cavabdeh öz razılığını bildirməmişdir.Ona görə də onun payı açıq qalmışdır.Bundan sonra onlar AR DƏDRX-nin **********80-05101-093059 daşınmaz əmlakın reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində çıxarış verilmişdir.Qardaşları Cavabdeh mülkiyyətlərində olan mənzilin satılaraq paylarına uyğun olaraq pulun bölünməsini təklif etsələr də,sonuncu bundan imtina etmişdir.Ona görə də məcbur qalaraq həmin mənzilin hərraca çıxarılaraq satılması və paylarına müvafiq olaraq kompensassiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair məhkəməyə müraciət etməyə məcbur qalmışdırlar. İddiaılar İddiaçı2 və İddiaçı1 daşınmaz əmlakın bölünməsi üsuluna dair təkliflər və iradların təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdirlər ki, cavabdehə 2 varinatda təklif göndərmişdirlər. Birinci variant (Prioritet təklif): Onlar, iddiaçılar olaraq, Cavabdeh mülkiyyət payına düşən hissəsini, yəni, 25.333 (iyirmi beş min üç yüz otuz üç) manat məbləğində pul kompensasiyasını ona ödəməyə hazırdırlar. Bu halda, cavabdeh həmin məbləğı qəbul etməli, mənzildəki qeydiyyatdan çıxmalı və mənzili tamamilə onların istifadələrinə verərək mülkiyyət hüququndan imtina etməlidir.İkinci variant: Əgər cavabdeh birinci variantla razılaşmırsa və mənzildə qalmaq niyyətindədirsə, o zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin vicdanlılıq prinsipinə uyğun olaraq, onların (iki iddiaçının) payına düşən 2/3 hissəsini yəni, 50.666 (əlli min altı yüz altmış altı) manat məbləğində kompensasiyanı onlara ödəməlidir. Bu halda onlar mülkiyyət hüquqlarından imtina edərək mənzili cavabdehin tam sərəncamına verməyə hazırdırlar.Hesab etmişdirlər ki, təklif edilən bu üsul tərəflərin hüquq bərabərliyini təmin edən, əmlakın faktıkı dəyərinə əsaslanan və məhkəmə çəkişməsını yekunlaşdıran an optimal hüquqi həll yoludur. Cavabdehin hər iki variantdan imtina etməsi, onun mülkiyyət hüququndan sui-istifadə etməsi və mübahisənin həllini süni şəkildə uzatması kimi qiymətləndirilməlidir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, irəli sürülən iddianı tam əsassız hesab edir. Belə ki, barəsində iddia qaldırılan mülkiyyət növü xüsusi olan mənzilin 29.09 2022-ci il tarixdə vəfat edan anası X2 mülkiyyətində olması nəzərə alınaraq, xx.xx.2022-ci il tarixli 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən "Notariat ofisinə" müraciəti əsasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinə müvafiq olaraq miras əmlak üzərində Vərəsəlik işi açılmış və qanunvericiliklə nəzərdə tutulan müddətdə mərhumun qanun üzrə birinci növbəli vərəsələrinin (3 övlad) hər biri tərəfindən miras əmlakın qəbul edilməsi həyata keçirilərək, hər biri üçün 1/3 hissə olmaqla, bərabər əsaslarla paylar müəyyənləşdirilmişdir. Həmçinin, onu da qeyd edir ki, ona məxsus olan pay üzərində mülkiyyət hüququ qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə ona təqdim edilən notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Daşınmaz əmlakla bağlı əməliyyatlar və onların qeydiyyatı xidmətinə müraciət etmiş və qeydiyyat xx.xx.2023-cü il olan ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********80-05101-093059 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı əldə etmişdir. Beləliklə, qeyd olunan faktlardan aydın olur ki, anası X1 miras qalan və qeyd edilən iddia ilə mübahisələndirilən mənzil ümumi paylı mülkiyyətdə olan əmlak hesab edilir ki, bu hal da mənzildən istifadə hüququna xitam verilməsini istisna edir.Belə ki, Mülki Məcəllənin 220.1-ci bəndinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci və 220.3-cü bəndinə müvafiq olaraq isə paylı mülkiyyətin mülkiyyətçisi yalnız öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümümi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Buradan da aydın olur ki, onun mülkiyyətində olan daşınmaz əmlakdan (mənzil) istifadə hüququma xitam verilməsi tam olaraq qanunaziddir. Ona qarşı irəli sürülən iddianın predmeti olan məsələ Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənir ki, həmin maddənin 228.1-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, onun ümumi paylı mülkiyyətdə olan əmlak üzərində mülkiyyət hüququ mövcuddur və bu hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir. (Daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır). Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir.Mülki Məcəllənin 228.2-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bu bənddən də aydın olur ki, mülkiyyətçilərdən biri o olduğu halda isə digər 2 vərəsə istisna olmaqla, yalnız onun razılığı əsasında mənzil üzərində digər şəxsin istifadə hüququ yarana bilər, mülkiyyətçinin istifadə hüququ isə digər payçılar tərəfindən məhdudlaşdırıla bilməz və birmənalı olaraq toxunulmazdır. Belə ki, Məcəllənin 228.4-cü bəndinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.Məlumat üçün bildirir ki, mərhum anasına qulluq, müayinə və müalicə xərclərinin qarşılanması, sosial-məişət şəraiti qayğısına qalınması, mənzilin kommunal xərclərinin ödənilməsi (hətta vəfatından sonra da) və s. yalnız onun hesabına təmin edilmişdir. Anası isə yalnız 350 AZN-ə yaxın məbləğdə aylıq əmək pensiyası ilə təmin edilirdi ki, bu da onun müalicə xərclərinin çox cuzi hissəsini təşkil edirdi.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarının həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Onun xx.xx.2024-cü il tarixdə rəsmi qaydada nikaha daxil olmağı nəzərə alınaraq, həyat yoldaşı ilə müvafiq mənzildə yaşamağı tam qanunamüvafiqdir.Məlumat üçün onu da bildirir ki, xx.xx.2023-cü il tarixdən etibarən əmək faəliyyəti ilə əlaqədar olaraq yaşayış şəhərindən kənarda-Salyan şəhərində məskunlaşmış və müntəzəm olaraq orada yaşayır. Eyni zamanda onu da bildirir ki, anası X2 vəfatı tarixindən indiyə qədər paylı mülkiyyətdə olan əmlakın saxlanması xərcləri onun hesabına ödənilməkdə davam edir. Belə ki, Mülki Məcəllənin 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir. Lakin miras qoyanın vəfatından, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınması tarixindən indiyə qədər bütün zəruri və yaşamaq ehtiyacının təmin edilməsinə əsas verən xərclər İddiaçılar tərəfindən deyil, onun tərəfindən ödənilmişdir. Hətta, iddiaçılardan birinin (İddiaçı1) yaşayış yeri üzrə qeydiyyat ünvanının fərqli olması və uzun illər müvafiq yaşayış sahəsindən kənarda yaşaması, sosial-məişət şəraitinin aşağı səviyyədə (qənaətbəxş olmaması) zəruri xərclərin onun tərəfindən ödənilməsini mümkünsüz edir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və birtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Onu da bildirir ki, Mülki Məcəllənin 226.1-ci bəndinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Qeyd olunan hallara istinad edərək, eyni zamanda Mülki Məcəllənin 215.1 və 215.2-ci və 215.3 bəndlərini prioritet tutaraq bildirirəm ki, onun tərəfindən digər paylı mülkiyyətçilərin (iddiaçılar) mənzil üzərində sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsinə dair hüquqları heç bir qaydada məhdudlaşdırılmamış və buna yönəli hərəkətə (və yaxud hərəkətsizliyə) yol verilməmişdir. Onun uzun müddət müntəzəm olaraq yaşayış yeri üzrə qeydiyyat ünvanımdan kənarda yaşamağı halı bunu təsdiq edir. Qeyd olunan halı bina sakinləri də təsdiq edə bilər. Məcəllənin 215.6-cı bəndinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Bir daha vurğulayır ki, müvafiq səlahiyyətlərə və ixtiyara malik olan mülkiyyətçinin istifadə hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikasının ən ali qanunvericilik toplusu olan Konstitusiyanın tələblərinin (Mülkiyyət hüququ) pozulması deməkdir.Yekun olaraq bildirir ki, Mülki Məcəllənin 234-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.Təkliflər qardaşındadır,heç bir münasibət bildirməmişdir. İddiaçı1, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı, 254497 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı2 atası X6, anası X4r. İş materiallarında olan İ-ЖГ seriyalı, 323408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı1 atası X12, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda olan xüsusi mülkiyyətin 1/3 hissəsi X7, 1/3 hissəsi İddiaçı1 məxsus, 1/3 hissəsi Cavabdeh məxsusdur. İddiaçı2 və İddiaçı1 adına xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 308993 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X5 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 10 ayının 05 günündə 24 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyiynin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/361 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzilin planda yerləşməsini, yəni 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşməsini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir sanitar qovşaq olduğunu nəzərə alaraq, həmin mənzilin İddiaçı1 payı 1/3 hissədə, İddiaçı2 İbiş qızının payı 1/3 hissədə olmaqla naturada ayrılmasının "AzDTN 2.7-2 "Yaşayış Binaları Layihələndirmə Normaları"-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və "Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması" metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 176 nömrəli, 25 noyabr 2025-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzilin hazırki likvid (satış) dəyəri 68000 manat, bazar dəyəri 76000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 350 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli,********** nömrəli qəbzdən görünür ki, İddiaçı2 iddia qaldırmaq üçün Sumqayıt şəhər Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1/3 hissədə İddiaçı1, İddiaçı2, 1/3 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. İddiaçı paya uyğun kompensasiya ödənilməsi, mümkün olmadığı təqdirdə hərracda satılaraq vəsaitin paylara uyğun olaraq bölünməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir. Yəni paylı mülkiyyətçilər arasında paylarına mütənasib bölgü ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün ardıcılıqlara əməl edilmiş,payın naturada ayrılmasının mümkünsüzlüyü ekspert rəyi ilə müəyyən edilmiş, həmçinin iddiaçının mənzildə yaşamasının mümkünlüyü müzakirə edilmiş, cavabdeh tərəfindən açarın dəyişdirilməsi və sair hallar qeyd olunmaqla, payın naturada bölgüsü mümkün olmamış, iddiaçının mülkiyyət hüququnun təmini üçün ardıcıl olaraq ikinci mərhələ olaraq kompensasiya məbləği müzakirə edilərək araşdırılmış, cavabdeh məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq təklif olunan kompensasiya məbləğinin iddiaçılara verilməsinə dair təklifi qəbul etməmişdir. Məhkəmənin qənaətinə görə üçüncü mərhələyə keçidlə bağlı heç bir mane olmadığından paylı mülkiyyətçilərin payları açıq hərracda satılmaqla, paylarına uyğun bölünməli, buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 4 aprel tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin qərardadın 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Həmin qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Həmin qərardadın 25-ci bəndinə əsasən məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Həmin qərardadın 28-ci bəndinə əsasən bununla belə nəzərə alınmalıdır ki, qanunvericilikdə bu kateqoriya işlər üzə məcburi şəkildə mərhələli həll qaydası müəyyən edilmişdir. Həmin qərardadın 29-cu bəndinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin qərardadın 30-cu bəndinə əsasən bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli 02/2024 qərardadından görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Həmçinin həmin qərada qeyd edilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü və əşyanın məhkəmə qərarı ilə hərracdan satılması həyata keçirilə bilər. Tərəflər arasında mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamış, iddiaçıların kompensasiya təklifinə cavab verilməmişdir (İş materiallarında olan cavabdehə təklifin çatdırılması ilə bağlı xəbərnaməli bildiriş). Bu səbəbdən də növbəti mərhələyə keçid edilməli, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzil hərracda satılmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzil açıq hərracdan satılmalıdır. "xxxx" MMC-nin 176 nömrəli, 25 noyabr 2025-ci il tarixli hesabatını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzilin ilkin satış qiyməti (bazar dəyəri) 76.000 (yetmiş altı min) manat müəyyən edilməlidir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzil açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait payçıların paylara mütənasib olaraq aralarında bölünməlidir. Mülki Məcəllənin 228.2-ci maddsəinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən verilmiş iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, 6 saylı mənzil bazar dəyəri müstəqil qiymətləndiricinin rəyinə əsasən 76.000 (yetmiş altı min) manat müəyyən edilməklə, mənzil açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait payçılar İddiaçı1 1/3 hissədə, İddiaçı2 1/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarına uyğun bölünməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddianın qaldırılması ilə əlaqədar olan 100 manat məbləğində olan dövlət rüsumu ilə bağlı iddiaçılar tərəfindən tələb olmadığından iddiaçılara aid edilməli, həmçinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutulmalı, "xxxx" MMC tərəfindən aparılmış ekspertiza tədqiqatın dəyəri 200 manat da cavabdehdən tutulmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən verilmiş iddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31 ünvanında yerləşən 6 saylı mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31 ünvanında yerləşən 6 saylı mənzilin bazar dəyəri (müstəqil qiymətləndiricinin rəyinə əsasən) 76.000 (yetmiş altı min) manat müəyyən edilsin. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31 ünvanında yerləşən 6 saylı mənzilinin açıq hərracın satışından əldə edilən pul 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi Cavabdeh paylarına uyğun bölünsün. Tərəflərə izah olunur ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Cavabdeh müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-344/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-344/2025
02.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver