Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3448/2023 10.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 10 iyul 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tələb olunan 1555 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Asfalt zavod ərazisində yerləşən fərdi evdə ailəsi ilə yaşayır. G-4 markalı G PG 13059074 nömrəli məişət qaz sayğacı küçədə quraşdırılmışdır. O, heç vaxt həmin qaz sayğacı ilə maraqlanmamışdır. Qaz nəzarətçisi ayda bir neçə dəfə gələrək paypoint aparatı vasitəsi ilə istifadə etdiyi qazın məbləğini ona söyləmiş, o, da aparıb ödənişi edərək qəbzi özündə saxlamışdır. Bununla əlaqədar onun qaz sayğacına nəinki müdaxilə etməyinə, heç ona tərəf baxmağına ehtiyac olmamışdır. Vaxtaşırı istifadə etdiyi qazın haqqını ödəmişdir. Bu barədə çoxsaylı qəbzləri vardır. 2023-cü ilin əvvəllərində cavabdehin nümayəndələri gələrək mexaniki qaz sayğacının yerləşdiyi qutunun plombunu açaraq qaz sayğacını açmış və sayğacı laboratoriyaya aparmaq istədiklərini bildirmişlər. Sonradan ona xx.xx.2023-cü il tarixli ******* N-li Akt və Dəymiş ziyanın bərpasına dair Tələbnamə təqdim edilmişdir. Aktda qeyd edilmişdir ki, «metrologiya departamentinin rəyinə görə G4 markalı /1502AZ**********96/ 20462033 N-li plomb kəsilərək G4Sm 16732 saylı qutu açıldı. Sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan element və metrologiya plomblarında və plomb yuvalarında kənar təsir izləri var. LCD ekran işlək deyil. Müvəqqəti element və LCD ekran quraşdırıldı. İnformasiya oxunmadı. Əsas çap vərəqəsinin üzərində kənar təsir izləri var. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır.» Sayğac normal işlədiyindən tərəfindən müdaxilə edilmədiyindən sağacın çıxarılıb aparılmasına razılıq vermişdir. Dəymiş ziyanın bərpasına dair Tələbnamədə «dəymiş ziyan həcminin hesablanması bölməsində» qaz sayğacının nominal qaz sərfı 6kub.m./saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə guya 12960 kub.m.qazın itirilməsi hesablanmış və ondan 1555.20 manat məbləğində pul tələb olunur. Hesab edir ki, küçədə quraşdırılmış qaz sayğacı üçün o, hər müdaxiləyə görə cavabdehlik daşımır. Ümumiyyətlə qaz sayğacına müdaxilə edildiyinə də şübhəsi vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi, sayğac çöldədir, ona nəzarət edilməsi mümkün deyil. İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış G-4 markalı, İfron tipli, 1502AZ**********96i sayğac Zenner tipli, G-4 markalı, **********115 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 12960 m3 müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2151-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla Cavabdeh İB-nin 14-2-2/3-5-2151-1 saylı, xx.xx.2023-cü il tarixli telefonoqramına əsasən xx.xx.2023-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 1555.20 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında İddiaçı adına açılmış məişət qaz sayğacının G4 markalı /1502AZ**********96/ 20462033 N-li plomb kəsilərək G4Sm 16732 saylı qutu açıldığı, sayğaca ümumi baxış keçirildiyi, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan element və metrologiya plomblarında və plomb yuvalarında kənar təsir izlərinin olduğu, LCD ekranın işlək olmadığı, müvəqqəti element və LCD ekran quraşdırıldığı, informasiyanın oxunmadığı, əsas çap vərəqəsinin üzərində kənar təsir izlərinin olduğu, xətalar normadan artıq olduğu göstərilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00240) hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3448/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3448/2023
10.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver