Məhkəmə qərarları › İş №2(060)-345/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-345/2024

16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-345/2024 16.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzilinə əsassız hesablanmış 3675.88 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərəfindən onun yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzilinə 3675.88 manat məbləğində borc hesablanmışdır. Həmin borc məcburi köçkün kimi mənzildə yaşamış X1 məcburi köçkün borcudur. Dəfələrlə həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. O, cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. İddiaçı məhkəmədə iştirak etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Sumqayıt şəhəri, 89-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Abunə haqqında çıxarışdan görünür ki, 3675.88 manat silinməli qaçqın borcu mövcuddur. Abonent kodu X1 adınadır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzilinə xx.xx.2016-ci ilə kimi hesablanmış sərfiyyat borcu 3675.88 manat təşkil edir. Həmin məbləğ dondurulmuş məcburi köçkün borcudur. Abonent kodu X1 adınadır. İddiaçı mənzili xx.xx.2023-cü ildə əldə etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» Qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, sözügedən ünvan üzrə hesablanmış məcburi köçkün borcu abonent X2 aid olduğundan elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun iddiaçıdan tələb edilməsi sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İddiaçı, onun mənzili əldə etməsindən əvvəlki dövrə aid borcu ödəmək öhdəliyinin daşıyıcısı olmadığından iddia əsaslıdır. Belə ki, iddiaçı cavabdeh qarşısında istifadə etmədiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyini daşımır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********03965 olan ünvana hesablanmış 3675.88 manat borc silinməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 12/13 saylı evin 53 saylı mənzili üzrə qeydiyyata alınmış **********03965 saylı abonent koduna hesablanmış 3675.88 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar