Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3464/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4300 manat əsas, 215 manat faiz, 1290 manat cərimə, cəmi 5805 manat və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2019-cu il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətindəki “Lada Granta” markalı **-PD- *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC-nin arasında bağlanmış 2019-cu il 25 fevral tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASCdən “Lada Granta” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobili lizinqlə 45 ay müddətinə icarəyə götürmüşdür. Ona verilmiş ödəniş cədvəli üzrə 2019-cu ilin mart ayından başlayaraq lizinq alan hər ay lizinq verənə 430 manat icarə haqqı ödəməlidir. Lizinq alan Cavabdeh 2021-ci ilin sentyabr ayı daxil olmaqla ödəniş etdikdən sonra icarə haqqını ödəməkdən boyun qaçırır. xx.xx.2020-ci il tarixinə Cavabdeh 4300 manat əsas borcu vardır. Bundan əlavə, lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən: “Lizinq alan ona verilmiş aylıq ödənişin cədvəli üzrə 2 ay dalbadal ödənişləri etməsə, hər gecikdirilmiş gün üçün aylıq ödənişlərin 1 faizi həcmində cərimə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq, borcun məbləğinin illik 5 faizi həcmində faiz borcunu ödəməlidir.” 2022-ci il mayın 01-i vəziyyətinə borcun 4300 manatın illik 5 faizi həcmində hesablanmış 215 manat faiz borcu vardır. Bir aylıq ödənişin 1 faizi həcmində cərimə bir günü 4,30x300gün=1290 manat cərimə ödəməlidir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə müqavilə bağlamış, sonra pandemiya ilə əlaqədar ödəniş edə bilməmişdir. Daha sonra müəyyən məbləğdə ödəniş etməsinə baxmayaraq ona etibarnamə verilməmişdir. Müqavilə ləğv olunsa belə maşın üçün xeyli məbləğdə pul ödəmişdir. Buna görə də maşının qaytarılmasına razı deyil. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 25 fevral 2019-cu il tarixdə İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən lizinq verən 1 ədəd “Lada Granta” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobili lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq İddiaçı ASC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lizinq obyektinin sahibi İddiaçı ASC-dir. Məhkəmə iddia ərizəsinə nəzər yetirərək iddiaçının iddia tələbinin əsasının alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin təşkil etdiyini müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3-cü maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki, tərəflər arasında alqısatqı müqaviləsinin əsasını uzun müddətli (daxili lizinq) müqaviləsindən irəli gələn şərtlər təşkil edir. Odur ki, tərəflər arasında yaranmış mübahisənin həllində lizinq müqaviləsinə aid olan normalar tətbiq edilməlidir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı mübahisəli avtomobil üzərində ödənişlərin tam başa çatmasına qədər mülkiyyət hüquqlarını saxlayır. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında etməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə görə əgər ödənişlərdə gecikmə olarsa hazırkı iş üzrə iddiaçı avtomobilin geri qaytarılmasını tələb edə bilər. Bu zaman ödənilmiş vəsait geri qaytarılmayacaqdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəsinə ödənişlər etməyi götürsə də, öhdəliyi lazımınca icra etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməkdə və gecikmə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin tutulması barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyib və öhdəliyin icrasını gecikdirib iddiaçı ondan dəbbə pulu tələb etməkdə haqlıdır. Lakin Mülki Məcllənin 467-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsində göstərilən 1290 manat cəriməni tənasübsüz surətdə yüksək olduğuna istinad edərək həmin məbləğin 50 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə eyni zamanda iddia tələbinin avtomobilin geri qaytarılmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, avtomobil cavabdehin sahibliyində olduğundan, iddiaçı avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobilin cavabdehdən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia qeyd edilən hissədə əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2019-cu il tarixli uzun müddətli (daxili lizinq) müqaviləsi ləğv edilməli, “Lada Granta” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı ASC-yə təhvil verilməli, Cavabdeh 4300 manat məbləğində əsas, 215 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 4565 manat pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 79 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 79 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Xəzər-Lada” ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2019-cu il tarixli uzun müddətli (daxili lizinq) müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan “Lada Granta” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh əsas borca görə 4300 manat, faiz borcu üzrə 215 manat, cərimə pulu üzrə 50 manat olmaqla, cəmi 4565 (dörd min beş yüz altmış beş) manat pul vəsaiti və 79 (yetmiş doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3464/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3464/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver