Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-347/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına "xxxx" ASC-nin əməkdaşları tərəfindən cərimə aktları tərtib edilib. İddiaçı 031121 və 293059 saylı yazılmış aktlardan şikayətçidir. Aktlar tərtib ediləndə iddiaçının heç birindən xəbəri olmamışdır. Abonent kodu **********01790-dir. 031121 saylı akta görə iddiaçıya 752,73 manat cərimə yazılıb. Elektrik sayğacı alt hissəsi yanıb kül olub və ərizəyə baxan nəzarətçi-mühəndisin bundan xəbəri olub. Evə müvəqqəti yeni sayğac qoyulanadək elektrik enerjisi ilə təmin olunub. Bu aktda özləri də qeyd ediblər ki, sayğacın giriş və çıxışları ərimişdir. Naqilin faktiki en kəsiyi 6 mm olduğu halda, 2x18 m qeyd edilib. Bu akt 21 fevral 2023-cü il tarixində tərtib edilib. 04 mart 2023-cü il tarixində smart kart ilə işləyən sayğac quraşdırılıb. Həmin karta pul yükləyəndə sayğaca toxundurduqda kartda olan pulun məbləği sayğaca yüklənir və həmin vəsaitləri elektrik enerjisi istifadəsinə sərf olunur. 05 mart 2023-cü il tarixində karta pul yüklədi, amma sayğacın balansına pul yüklənmədi, kartda problem yaşandı. Həmin gün bazar günü olduğundan Sumqayıt Elektrik Şəbəkəsi işləmirdi. İddiaçı "xxxx" ASC-nin 199 nömrəsinə zəng etdi ki, işıqsız qaldığı vəziyyəti bildirsin. Onlar da iddiaçının müraciətini 644048 nömrəsi ilə qeydə almışlar. Əraziyə baxan montyoru göndərdilər ki, iddiaçıya müvəqqəti işıq versinlər. İddiaçı 06 mart 2023-cü il ödəniş kartını işıq idarəsində bərpa etdirdi. Dəfələrlə həmin montyora zəng etsə də, gəlib sxemi bərpa etmədilər. Bundan sonra, 06 aprel 2023-cü il tarixində iddiaçıya 293059 saylı akt tərtib ediblər və akt naqilin en kəsiyi 2x2,5 qeyd olunub. Bu 2-ci akta görə, iddiaçıya 402,46 manat cərimə yazıblar. İddiaçı bu yazılan aktlardan şikayətçidir. Bu iki aktda birincidə naqilin en kəsiyi 2x18 və ikinci aktda 2x2,5 geyd edirlər. Aluminium naqil 1-ci sayğac qoyulandan çəkiləndir, heç dəyişməyib. Yazılan bu iki aktlar bir birinə ziddir. Aktlar düzgün yazılmayıb. Bu cərimə aktlarına görə hesablanmış 752,73 manat və 402,46 manat ilə razı deyildir. İddiaçının aylıq sərfiyyatı 30-70 manat arasıdır. İddiaçı bu yazılan 1155,19 manat məbləğ ilə razı deyildir. İddiaçının evində heç bir ilə işığa bu qədər sərfiyyat olunmur, bu qədər pul ödəmir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının iddiaçıya əsassız olaraq yazdıqları 1155,19 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan "xxxx" ASC-nin NDM № 031121 saylı, 21 fevral 2023-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Sumqayıt şəhəri, Saray qəsəbəsi ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus giriş, çıxış və fəza qrifləri ərimişdir, sayğacın giriş və çıxış xətləri birləşdirilməklə sayğac dövrədən kənarlaşdırılmışdır.
7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş NDM № 031121 saylı akta əsasən hesablanmış “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, Sumqayıt şəhəri, Saray qəsəbəsi ünvanında quraşdırılmış elektrik sayğacına 6,1 kvt x (0,7) x 24 saat x 60 gün-233 kvts = 5916 kvts ; Tarif (0,08 man) -200 kvts x 0,08 = 13,40 man.; Tarif (0,09 man)- 200 kvts x 0,09 = 18,00 man.; Tarif (0,13 man) -5549 kvts x 0,13 = 721,40 man, cəmi 752,80 manat cərimənin hesablanması qərara alınmışdır.
8. İş materiallarında olan "xxxx" ASC-nin R № 293059 saylı, 06 aprel 2023-cü il tarixli aktından görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə Sumqayıt şəhəri, Saray qəsəbəsi ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonent sayğacın uçot dəstini pozaraq sayğacdan kənar elektrik enerjisindən istifadə edir.
9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş R № 293059 saylı akta əsasən hesablanmış “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, Sumqayıt şəhəri, Saray qəsəbəsi ünvanında quraşdırılmış elektrik sayğacına 4,4 kvt x 24 saat x (0,7) x 44 gün = 3252 kvts; 259 kvts x 0,08 = 23,20 man.; 145 kvts x 0,09 = 13,05 man.; 2817 kvts x 0,13 = 366,21 man, cəmi 402,46 manat cərimənin hesablanması qərara alınmışdır.
10. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********01790 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, ünvan 3 ünvanına sayğac oxunması üzrə 2400,90 manat, aktlar bölməsi üzrə 1616,15 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 960,41 manat təşkil edir.
11. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanına NDM № 031121 saylı, xx.xx.2023cü il tarixli akta əsasən 752,73 manat (721,37+18+13,36) və R № 293059 saylı, 25 aprel 2023-cü il tarixli akta əsasən 402,46 manat (366,21+13,05+23,20) ümumilikdə 1155,19 manat cərimə hesablanmışdır.
12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2015-ci il tarixdə 130 saylı reyestr kitabının 19 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Saray qəsəbəsi, Fuad Qasımzadə küçəsi, ev 56A ünvanında quraşdırılmış elektrik sayğacının abonent kodu İddiaçı adına qeydiyyatdadır. İddiaçı məlum olmuşdur ki, həmin mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1155,19 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
16. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
18. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.
19. Qaydaların 7.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir.
20. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
21. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
22. Qaydaların 7.10-cu bəndinə görə yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır.
23. Qaydaların 7.11-ci bəndinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
24. Məhkəmə iş materiallarında olan NDM № 031121 saylı, 21 fevral 2023-cü il tarixli aktla bağlı qeyd edir ki, həmin akta əsasən fərdi yaşayış evinə məxsus giriş, çıxış və fəza qrifləri ərimiş olduğu, sayğacın giriş və çıxış xətləri birləşdirilməklə sayğacın dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd olunan nöqsanı müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisindən sərfiyyata görə 752,73 manat cərimə hesablamışdır. Halbuki, yuxarıda istinad edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
25. Belə olan halda iddiaçı NDM № 031121 saylı, 21 fevral 2023-cü il tarixli akta əsasən hesablanmış 752,73 manat borcun silinməsini tələb etməklə haqlı olmuşdur.
26. Məhkəmə iş materiallarında olan R № 293059 saylı, 06 aprel 2023-cü tarixli aktla bağlı qeyd edir ki, həmin akta əsasən abonentin sayğacın uçot dəstini pozaraq sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi müəyyən edilmişdir. Akta əsasən iddiaçıya (4,4 kvt x 24 saat x (0,7) x 44 gün = 3252 kvts; 259 kvts x 0,08 = 23,20 man.; 145 kvts x 0,09 = 13,05 man.; 2817 kvts x 0,13 = 366,21 man) 402,46 manat cərimə hesablanmışdır.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
28. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
29. Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
30. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay elektrik enerjsinin sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin verilməsini dayandıra bilər.
31. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərə baxış keçirərək iclasında müəyyən edilmişdir ki, qeyd olunan mənzilin elektrik sayğacına qanunsuz müdaxilə olmuş, lakin müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir.
32. Məhkəmə hesab edir ki, enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxslərinin qanunla üzərlərinə qoyulmuş vəzifələri lazımınca yerinə yetirməməsi, yəni elektrik sayğacına vaxtında, lazımi qaydada baxış keçirərərək, qanunsuz müdaxiləni aşkar etməməsi iddiaçının ziyanına şərh oluna bilməz.
33. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesabat dövrü kimi 44 gün, 24 saat əsas götürülmüşdür. Lakin göründüyü kimi hesabat dövrünün 44 gün götürülməsi qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, günlük iş rejimi 16 saat, hesabat müddəti 30 gün əsas götürülməlidir.
34. Belə olan halda məhkəmə hesab edir ki, R № 293059 saylı, 06 aprel 2023-cü tarixli akta əsasən hesablanmış 230,57 manat (4,4 kvt x 16 saat x 0,7 x30 gün=1478,4 kvts; 1478,4 kvts – 435 kvts (290 kvts + 145 kvts) = 1043,4 x 0,13=135,64+23.2+13,05=171,89 manat; 402,46-171,89) məbləğində borc silinməlidir.
35. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmni edilməli, "xxxx" ASC tərəfindən NDM № 031121 saylı, 21 fevral 2023-cü il tarixli (abunə haqqında arayışda xx.xx.2023-cü il qeyd edilmişdir) akt əsasında hesablanmış 752,73 (yeddi yüz əlli iki manat, yetmiş üç qəpik) manat, R № 293059 saylı, 06 aprel 2023-cü il tarixli (abunə haqqında arayışda xx.xx.2023-cü il qeyd edilmişdir) akt əsasında hesablanmış 230,57 (iki yüz otuz manat, əlli yeddi qəpik) manat, ümumilikdə hər iki akt üzrə hesablanmış 983,3 (doqquz yüz səksən üç manat, otuz qəpik) manat məbləğində borc İddiaçı **********01790 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Nəticə hissəsi:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən NDM № 031121 saylı, 21 fevral 2023-cü il tarixli (abunə haqqında arayışda xx.xx.2023-cü il qeyd edilmişdir) akt əsasında hesablanmış 752,73 (yeddi yüz əlli iki manat, yetmiş üç qəpik) manat, R № 293059 saylı, 06 aprel 2023-cü il tarixli (abunə haqqında arayışda xx.xx.2023-cü il qeyd edilmişdir) akt əsasında hesablanmış 230,57 (iki yüz otuz manat, əlli yeddi qəpik) manat, ümumilikdə hər iki akt üzrə hesablanmış 983,3 (doqquz yüz səksən üç manat, otuz qəpik) manat məbləğində borc İddiaçı **********01790 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva