Məhkəmə qərarları › İş №2(060)-3480/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3480/2022

17.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3480/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadəyə görə hesablanmış 882,22 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun yaşadığı ünvan 1 ünvanına 882,22 manat borc yazılmışdır. Göstərilən bu borc 882,22 manat elektrik enerjisindən istifadəyə görə hesablanmışdır. O, maddi imkanı olmadığı üçün həmin borcu ödəyə bilmir. İşləmir, heç bir qazancı, gəliri yoxdur, himayəsində xəstə, qoca anası vardır. Borcu ödəmədiyindən elektrik enerjisindən istifadəsinə qadağa qoyulmuşdur. O, qonşunun elektrik xəttindən istifadə edir. Bu qeyd olunanların nəzərə alınmasını və borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçınun "xxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2008-ci il tarixdə abonent qeydiyyatına alınıb. xx.xx.2011ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2005,18 manat elektrik enerjisindən istifadə etdiyi halda 485 manat və məcburi köçkün ödənişi olaraq 637,96 manat ödəniş olunmuşdur. Abonentin enerjitəchizatçı təşkilata sayğac əsasında 882,22 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixədək aylıq ödənişləri vaxtı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtı-vaxtında, şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş cavabdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********00902 saylı kodla xx.xx.2008-ci il tarixindən İddiaçı adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2011-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 5166,75 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil. Mənzilin 2017-ci tarixə 981,09 manat, 2018-ci il tarixə 706,08 manat, 2019-cu il tarixə 16,52 manat və 2020-ci il tarixə 74,64 manat borcu vardır. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata 882,22 manat sayğac borcu vardır. Abunə haqqında 07 iyun 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı istehlak edilmiş elektrik enerjisinə görə 882,22 manat borcu vardır. Beləliklə, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı tərəfindən ona məxsus yaşayış sahəsində elektrik enerjisindən istifadə edilmiş, sərf edilmiş elektrik enerjisinin dəyəri ödənilməmişdir. Məhkəmə iclasında dindirilən iddiaçı izahatında həmin xüsusatı təsdiq edərək borcunun olduğundan məlumatlı olduğunu, maddi vəziyyətinin pis olması ilə əlaqədar həmin məbləği ödəyə bilmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə hüquqdan suiistifadə xüsusən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı 02 fevral 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı 02 fevral 2005-ci il tarixli Qərari ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normaların əsasən qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınun cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar