Məhkəmə qərarları › İş №2(060)-3517/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3517/2023

06.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3517/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına dair əsassız hesablanmış itirilmiş qazın bərpası məqsi ilə tələb olunan 410 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına dair ayrı-ayrı vaxtlarda 151 manat 20 qəpik və 259 manat 20 qəpik məbləğində olmaqla ümumilikdə 410 manat 40 qəpik borc hesablanmışdır. Cavabdeh iddia edir ki, sayağaca müdaxilə olunmuşdur. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədən də görünür ki, sayğaca hər hansı kənar təsir olmamış, istismar müddəti başa çatmışdır. Bu səbəbdən də cavabdehin tələb etdiyi borc əsassızdır və ədalətli məhkəmə araşdırması nəticəsində silinməlidir. İddiaçı məhkəmə iclasında bildirdi ki, yaşadığı ev fərdi yaşayış evidir. Belə ki, qaz sayğacı evin həyətindən bayırda yerləşir. Sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən işə cavbdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, Gədəbəy rayonu turşsu kəndində qeydiyyatdadır. 21 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Xəzri” MK, Qızılağac küçəsi, ev 258 də yaşayır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, G-4 markalı sayğaca baxış keçirildi. Xətalar normaya uyğun deyil. Plasmas qapağın yan tərəfində iz olduğundan plomb açıldı. Sayğacın hesablama mexanizminin qapağı deşilib. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya 1512 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2018-ci il tarixli akt əsasında 151,20 manat borc hesablandığı göstərilmişdir. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağı alt hissədən çatlayıb. Sayğacın yaddaş arxivi oxundu. İsitsmar müddəti ərzində “Alarm 1” rejimi aşkar edilməyib. Sayğac istismara yararsızdır. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2023-cü il tarixli akt əsasında 259,20 manat borc hesablandığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış ümumilikdə 410 manat borcun silinməsini xahiş etmişdir. Müəyyən edilir ki, əslində həmin aktlar əsasında iddiaçıya hesablanmış borc 410,4 manat təşkil edir. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçıya həmin aktlar əsasında hesablanmış 410 manat borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar əsasında hesablanmış ümumilikdə 410 (dörd yüz on) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar