Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3518/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, üçüncü şəxs X3 iştirakı ilə, iddiaçı X6 cavabdeh Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxs - X7) mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 (bundan sonra - iddiaçı) Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X2 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ ilə qeydə alınmış (qeydiyyat nömrəsi **********) daşınmaz əmlaka dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt «Asan xidmət» mərkəzinin notariat ofisinə atası X2 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Sumqayıt «Asan xidmət» mərkəzinin notariat ofisi ərizənin təmin olunmasından imtina etmişdir. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, atasından qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2022-ci ildə Sumqayıt «Asan xidmət» Mərkəzinin Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. İşə məhkəmədə baxılarkən X7 (bundan sonra – üçüncü şəxs) iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 öz izahatında bildirmişdir ki, iddiaçının bacısıdır. Ataları rəhmətə getməzdən öncə iddiaçının miras əmlak kimi iddia etdiyi torpağı ona bağışlayıb. Bununla bağlı ona çıxarış da verilib. Sözügedən ünvanda əvvəl bir mərtəbəli, yarımçıq tikili var idi. Qardaşı və gəlinləri orada yaşayıblar. Həmin evə əşyalar da almışdır. Lakin onlar o əşyaları da məhv etdilər. Daha sonra öz o, öz evini satıb mübahisəli ünvana gəlmiş və burada təmir işləri görmüşdür. Hal-hazırda həmin evdə özü yaşayır. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1976-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Üçüncü şəxs Sevil Sultanova xx.xx.1975-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X8 xx.xx.2014-cü ildə vəfat etmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən X4 iddiaçının atasın olması müəyyən edilir. 4 saylı Abşeron ərazi dairəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2010.2011-ci il tarixdə **********79 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə xx.xx.2014-cü il taixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestridən arayış verilmişdir. Həmin torpaq sahəsinin özgəninkilədirilməsi barədə məlumat yoxdur. xx.xx.2014-cü il tarixli torpaq sahəsini bağışlama müqaviləsinə əsasən X8 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha. torpaq sahəsini üçüncü şəxsə bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 adına xüsusi mülkiyyət kimi xx.xx.20225-ci il tarixində qeydə alınmışdır. İddiaçılar miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdehin xx.xx.2022-ci il tarixli, 49 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli Sərəncamına əsasən X1 Daşınmaz Əmlakı AN-İ ******* saylı, 30 iyul 2011-ci il tarixli alqı-satqı Müqviləsi ilə Saray qəsəbəsi ərazisində ona məxsus 0,07 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında bir mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarına torpaq sahəsinin plan və ölçüsü, eskiz layihəsi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Göründüyü kimi iddiaçı iddia ərizəsində atası X2 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlaka dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasını xahiş edir. Lakin, üçüncü şəxsin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixli torpaq sahəsini bağışlama müqaviləsinə əsasən X8 tərəfindən üçüncü şəxsə bağışlanmışdır. Yəni, həmin torpaq sahəsi hələ Adil Sultanovun sağlığında bağışlandığından hal-hazırda miras əmlak hesab edilə bilməz. Mülki Məcəllədə həmçinin göstərilir ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs , əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır (1200). Göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixində bağışlanmışdır. Belə olan halda iddiaçı həmin torpaq sahəsinə dair mirasda məcburi payını üçüncü şəxsdən tələb edə bilər. Həmin əmlaka dair mirasın qəbul edilməsi müddətinin uzadılması isə mümkün deyildir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X6 cavabdeh Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı mərhum atası X2 miras qalmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X4 adına mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlaka dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək uzadılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3518/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3518/2022
23.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver