Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-354/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixli aktın əsassız olduğu üçün etibarsız hesab edilməsi və onun sayğac üzrə 1280,62 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 1280,62 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev ¾, köhnə yanacaq doldurma məntəqəsinin binasında məskunlaşmışdır. Həmin ev faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, Ağdam rayonundan məcburi köçkün düşmüşdür. xx.xx.2020-ci il tarixdə cavabdeh “xxxx” ASCnin əməkdaşları tərəfindən faktiki olaraq onun istifadəsində və sahibliyində olan evin elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya o, evin elektrik smart sayğacının giriş və çıxış xətlərini birləşdirərək birbaşa kənar qoşulmuşdur. Ona görə də xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona 1280,62 manat məbləğində cərimə hesablanmışdır. O, həmin aktı əsassız hesab edir. Belə ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Bununla əlaqədar cavabdeh təşkilata müraciət edərkən, ona bildirmişlər ki, məhkəməyə müraciət etsin. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. O aktın tərtib olunmasından xəbərsiz olmuşdur. İddiaçı qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə xxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik smart sayğacın giriş və çıxış xətlərini birləşdirərək birbaşa kənar qoşulması halı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı təsdiq edilmiş “X1 qaydaları”-nın 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixli, 001061 saylı akt əsasında 1280,62 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında məlumatdan görünür ki, İddiaçı (abonent kodu **********00697) abunə hesabında akta görə 1280,62 manat borc göstərilmişdir. - Ağdam rayon, Güllücə Ərazi Nümayəndəsinin verdiyi xx xxxxxxx 2010-cu il tarixli 063373 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. - AR Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsinin 1517 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev ¾, köhnə yanacaq doldurma məntəqəsinin binasında yaşayır. -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1939-cu il tarixində Ağdam rayonu, Güllücə kəndində anadan olmuşdur. - “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib 001061 nömrəli, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sözügedən mənzildə elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, elektrik smart sayğacın giriş və çıxış xətlərini birləşdirərək birbaşa kənar qoşulması halı aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsində yerləşən ¾ saylı fərdi evə kənar xətt aşkar olunduğundan 1280,62 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur.Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, akt iddiaçının iştirakı ilə tərtib olunmamış və ona təqdim edilməmişdir. Həmçinin aktı iki hal şahidi imzalasa da, həmin şəxslərin məhkəmə iclasında dindirilməsi cavabdeh tərəfindən təmin olunmadı. Bu da məhkəməyə onların cavabdeh təşkilatın əməkdaşları olması qənaətinə gəlməyə əsas verir. Bundan başqa sayğaca kənar qoşulmanı təsdiqləyən fotoşəkil, videoçəkiliş və ya hər-hansı başqa sübut məhkəməyə təqdim olunmadı Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrəiddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı,“xxxx” ASC tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev ¾, köhnə yanacaq doldurma məntəqəsinin binasında yerləşən fərdi evdə yaşayan İddiaçı istifadəsində olan **********00697 abonent koduna hesablanmış 1280,62 manat borc silinməli və iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. “xxxx” ASC tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev ¾, köhnə yanacaq doldurma məntəqəsinin binasında yerləşən fərdi evdə yaşayan İddiaçı istifadəsində olan **********00697 abonent koduna hesablanmış 1280,62 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-354/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-354/2021
17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver