Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-355/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil2, Cavabdeh və onun vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş hasarın, çəpərin sökülməsi və yolun açılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun faktiki istifadəsində və sahibliyində olan ünvan 4-ə gedən yolun girişində inşa etdiyi daş hasarın və setka çəpərin onun öz vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması və yolun açılaraq əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. Cavabdeh iddiaçının atasının ikinci həyat yoldaşıdır. O, iddiaçı ilə qonşuluqda, ünvan 1 ünvanında yaşayır. İddiaçının atası vəfat etmişdir. Atasının vəfatından sonra cavabdeh iddiaçının yolunu bağlamış, daşdan hasar çəkmiş və dəmir setkadan çəpər çəkmişdir. İddiaçı dəfələrlə ondan yolunun açılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Yol bağlandığı üçün onun həyətinə avtomobil girə bilmir. Fərdi evin heç bir sənədi olmasa da, faktiki olaraq ev iddiaçının istifadəsində və sahibliyindədir. Eyni ilə cavabdehin də öz evinə dair heç bir sənədi yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, ona məxsus evin həyətinə gedən yol əvvəllər enli idi. Belə ki, həyətə avtomobil rahat daxil ola bilirdi. Atasının vəfatından sonra cavabdeh həyətləri ayıran tor çəpəri onun həyətinə tərəf çəkərək ona məxsus ərazini zəbt etmişdir. Belə ki, tor çəpər əvvəllər cavabdehin həyət darvazasına bitişik olan tumbaya birləşirdi. Cavabdeh sonradan tumbanın yanında əlavə hasar hörmüşdür. Nəticədə onun həyətinə avtomobil daxil ola bilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil2 məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 4 faktiki olaraq iddiaçının istifadəsi və sahibliyindədir. Cavabdeh iddiaçının mərhum atasının ikinci həyat yoldaşıdır. Onlar qonşuluqda yaşayırlar. Cavabdeh ünvan 1-da yaşayır. Mübahisənin aradan qaldırılması üçün iddiaçı cavabdehə dəfələrsə müraciət etsə də, heç bir nəticə əldə edilməmişdir. Evlərinin heç birinin sənədi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın nümayəndəsi təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, iddiaçının dəlilləri əsassızdır. İddiaçı ilə onun həyət darvazaları arasında daş hasar əvvəlcədən mövcud olmuşdur. Tor çəpər daş hasarın qurtaracağından başlayır. O, çəpərin yerini dəyişdirməmişdir. İddiaçı ona qarşı əsassız iddia qaldırmaqla öz həyətini genişləndirmək istəyir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil3 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflərin istifadəsində olan torpaq sahəsi və evlərin heç bir sənədi yoxdur. İddiaçının hazırkı iddia qaldırmaqda ümumiyyətlə subyektiv hüququ yoxdur. İddiaçının tələbi hər hansı mötəbər sübutla təsdiq edilmir. Qeyd edilənlərə əsasən cavabdehin vəkili iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1964-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, yataqxana-5, məhəllə 76 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1968-ci ildə, Masallı rayonu, Zuvandlı kəndində anadan olmuşdur. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin xx.xx.2022-ci il tarixli, 665 saylı arayışına əsasən iddiaçı ünvan 4 ünvanında yaşayır. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2022-ci ildə vəfat etmişdir. İşin hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən tərəflərin və onların nümayəndələrinin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin yaşadığı evlərin həyətyanı sahələri qonşuluqda yerləşir. Həmin həyətyanı sahələri dəmir tor çəpər ayırır. Cavabdehə məxsus həyətin darvazası ilə həyətləri ayıran tək çəpərə qədər daş hasar inşa edilmişdir. İddiaçıya məxsus həyətin giriş qapısı çıxarılaraq yerə qoyulmuşdur. İddiaçı bildirir ki, cavabdehə məxsus darvaza ilə tor çəpər arasında olan daş hasar sonradan çəkilmişdir. Əslində həmin çəpər cavabdehə məxsus darvazanın kənarından başlayırdı. Cavabdeh isə bildirir ki, daş hasar əvvəlcədən mövcud olmuş və tor çəpər daş hasarın qurtaracağından başlayır. İş materiallarına mübahisəli ərazinin əvvəllər çəkilmiş fotoşəkilləri əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, iddiaçının əvvəllər yaşadığı evdə onunla qonşu olmuşlar. Cavabdehi isə iddiaçının atasının ikinci həyat yoldaşı kimi uzadan uzağa tanıyır. İddiaçının atasının sağlığında da həmin evə gedib-gəlmişdir. Orada ümumi qapı var idi, lakin tor çəpər olmayıb. Həyət də bölünməmişdi. Son dövrlərdə həmin həyətə gedəndə həyətin tor çəpərlə bölündüyünü görüb. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşının bacısıdır. Tərəflərin həyətlərini ayıran tor çəpər olmuşdur. Əvvəllər ididaçıya məxsus evə gedəndə avtomobillə həyətə rahat daxil ola bilirdi. Sonuncu dəfə təxminən 5 ay öncə iddiaçıgildə olmuşdur. Həmin vaxt isə həyətə gedən yolun daraldığını görmüşdür. İddiaçının darvazası ilə cavabdehin darvazası arasında daş hasar yox idi. Orada yalnız daş tumba var idi və tor çəpər həmin tumbaya birləşirdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, cavabdeh atasının ikinci həyat yoldaşıdır. İddiaçı isə onun bacısıdır. Tərəflərə məxsus həyətyanı sahələri ayıran tor çəpər əvvəldən olmuşdur. Həmin şəpəri hələ ataları sağ olarkən çəkdirmişdi. Tor çəpər əvvəl hansı vəziyyətdə olmuşsa, indi də həmin vəziyyətdədir və yeri dəyişdirilməyib. Darvazalar arasında tumba və daş hasar da əvvəldən olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, cavabdeh atasının ikinci həyat yoldaşıdır. İddiaçı isə onun bacısıdır. Sözügedən daş hasar və setka çəpərin vəziyyəti atalarının sağlığında necə idisə, indi də elədir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, iddiaçı bacısı, cavabdeh isə atasının ikinci həyat yoldaşıdır. Sözügedən ərazidə vəziyyət atasının sağlığında necə idisə, indi də elədir. Cavabdehin darvazası ilə iddiaçıya məxsus olan darvaza arasında hörülmüş divar var idi. İddiaçının həyətinə avtomobil daxil ola bilmirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (159). Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər (166.3.). Hazırkı iddiasında iddiaçı ona məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirir və hüququnun qorunmasını tələb edir. Qeyd edilməlidir ki, tərəflərin hər ikisinin istifadəsində olan torpaq sahələri və həmin torpaq sahəsində inşa edilmiş tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin torpaq sahələri üzərində tərəflərin heç birinin mülkiyyət və ya digər qanuni istifadə hüquqları mövcud deyildir. Belə olan halda isə iddiaçı ona məxsusluğu müəyyən edilməyən bir torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri tələb edə bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4.). Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə ifadə vermiş şahidlərdən X9 ümumiyyətlə tərəflərin həyətlərini ayıran çəpərin əvəllər mövcud olmadığını bildirmişdir. X7 istisna olmaq digər şahidlər isə tərəflərin həyətlərini ayıran tor çəpərin yerinin dəyişdirilmədiyini qeyd etmişlər. X2 tor çəpərin yerinin cavabdeh tərəfindən dəyişdirildiyini bildirsə də, onun ifadəsi digər şahidlərin ifadələri ilə təkzib olunduğu və həmin şəxsin iddiaçının qohumu olmaqla onun xeyrinə ifadə verməkdə maraqlı olduğu nəzərə alınmaqla məhkəmə həmin şahidin ifadəsinə tənqidi yanaşır. Eyni zamanda iş materiallarına əlavə edilmiş X1 çəkdirdiyi fotoşəkillərdə də tərəflərə məxsus həyətlərin darvazaları arasında daş hasarın mövcud olduğu və həyətləri ayıran tor çəpərin daş hasarın sonuna birləşdiyi görünür. Bu isə iddiaçının atasının vəfatından sonra tor çəpərin yerinin cavabdeh tərəfindən dəyişdirilməsi ilə bağlı dəlilinin əsassız olduğunu göstərir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən onun faktiki istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, Karvansaray küçəsi, ev 124-ə gedən yolun girişində inşa etdiyi daş hasarın və setka çəpərin onun öz vəsaiti hesabına sökülməsi, maneələrin aradan qaldırılması və yolun açılaraq əvvəlki vəziyyətə qaytarılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-355/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-355/2023
28.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver