Məhkəmə qərarları › İş №2(060)-3550/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3550/2022

04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3550/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 04 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə akta görə hesablanmış 1857 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən xx.xx.2012-ci il tarixdən onun şəxsi mülkiyyətindədir. Bu illər ərzində o, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona məxsus olan mənzilə 1857 manat hesablanmışdır. Bu da qanunvericiliyin tələbinə ziddir. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Qeyd edir ki, onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh “Azəriqaz” İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o, heç bir məsuliyyət və cavabdehlik daşımır. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, 17 saylı mənzilə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar olunmamışdır. Buna görə də «Azəriqaz» İB tərəfindən xx.xx.2018-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Eyni zamanda iddiaçının sayğacı mənzilin daxilində olmuşdur. Bu baxımdan hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, 17 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında G-2.5 markalı qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi qeyd edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 9288 m3 (20 qəpikdən hesablanmaqla) müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 1857,60 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış G-2.5 markalı, Belarus tipli 035182 nömrəli sayğac Smart tipli, G-4 markalı, 1802A**********321 nömrəli sayğacla əvəzlənmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, MSK-29/1710-01091-3 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x01091 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən xx.xx.2018-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, sayğacın iddiaçıya məxsus mənzilin daxilində yerləşməsi təklikdə sayğaca onun tərəfindən müdaxilə edildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, «Qazdan istifadə Qaydaları»nda da sayğacın mənzilin daxilində və ya xaricində yerləşməsindən asılı olmayaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 1857,60 manat borc hesablanmış (iş materiallarında olan abonentin saldosuna əsasən), lakin iddiaçı 1857 manat borcun silinməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 1857 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********20170) hesablanmış 1857 (bir min səkkiz yüz əlli yeddi) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar