Məhkəmə qərarları › İş №2(060)-356/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-356/2023

10.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-356/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı2, iddiaçı (digər İddiaçı4 nümayəndəsi) İddiaçı3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra - iddiaçılar) Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum ataları İddiaçı5 Alı oğlundan miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ ataları İddiaçı5 Alı oğluna məxsus olmuş və o da xx.xx.2002-ci ildə dünyasını dəyişmişdir. Onlar atalarının qanun üzrə 1-ci növbə vərəsələridirlər. Atalarının vəfatından sonra onlar miras əmlakı faktiki qəbul etmiş və bu bağ onların istifadələrində olmuşdur. Lakin mirasın qəbulu ilə bağlı sənədləri qaydasında olmadığı üçün (belə ki, iddiaçılardan İddiaçı1 və S.Baxşəliyevanın doğum haqqında şəhadətnamələri itmişdir) məhkəməyə müraciət olunmuş, qətnamələr qəbul edildikdən sonra həmin vərəsələr yeni doğum haqqında şəhadətnamə almış və qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin verilməsi ilə bağlı cavabdehə müraciət etmişlər. Lakin Notariat kontoru tərəfindən idiaçılara imtina məktubu verilmiş və izah olunmuşdur ki, mirasın qəbulu ilə bağlı müddət tərəflərindən ötürülmüşdür. İddiaçı (digər İddiaçı4 nümayəndəsi) İddiaçı3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçılar İddiaçı1 onun qatrdaşı, İddiaçı4 və Qunşa Quliyeva onun bacıları, İddiaçı5 isə vəfat etmiş qardaşı Vidadi İsmayılovun oğludur. Ataları 2003-cü ildə vəfat edib. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsində işləyən bir tanışına müraciət etmiş və bağ evinə çıxarış almaq istədiyini bildirmişdir. Həmin şəxsin köməkliyi ilə fərdi yaşayış evinə təkcə öz adına çıxarış almış, torpağa dair isə sənəd verilməmişdir. Bundan sonra o, "xxxx" BOKT MMC-dən kredit götürmüş və evi ipotekaya qoymuşdur. Krediti ödəyə bilmədiyi üçün ev hərraca çıxarılmış və "xxxx" BOKT MMC evi almışdır. Lakin, hərrac evlə bağlı keçirilib. Torpağın isə sənədi olmadığı üçün onunla bağlı hərrac keçirilə bilməzdi. 2011-ci ildə yanğın baş vermiş və ev yanmışdır. Sığorta şirkətindən dəymiş zərəri tam ala bilməmişlər. Hal-hazırda kredit təşkilatına 90 000 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, bağ evinin qardaşı tərəfindən ipotekaya qoyulmasından xəbərsiz olmuşdur. Atasının vərəsəsi kimi evə hüququ vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından göründüyü kimi İddiaçı1 xx.xx.1950-ci ildə, Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı2 xx.xx.1958-ci ildə, Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı3 xx.xx.1954-cü ildə, Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. İddiaçı5 isə xx.xx.2002-ci ildə anadan olmuşdur. Doğum şəhadətnamələri ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 İddiaçı5 Alı oğlunun övladlarıdır. İddiaçı5 isə İddiaçı5 Alı oğlunun xx.xx.2014cü ildə vəfat etmiş oğlu X1 övladıdır. Bağ evinin uzunmüddətli icarəsi haqqında xx.xx.1977-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ (bundan sonra – mübahisəli bağ evi) İddiaçı5 Alı oğluna icarəyə verilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı5 Alı oğlu xx.xx.2002-ci ildə vəfat etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı5 Alı oğlunun ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə arxiv məlumatları xx.xx.2002-ci ilədək olan dövrə aid “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı5 Alı oğlunun nikahı haqqında akt qeydi aşkar olunmamışdır. xx.xx.2002-ci ildə vəfat etmiş İddiaçı5 Alı oğlunun ölümü xx.xx.2002-ci il tarixdə 846 nömrəli akt qeydi ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4834 ünvanındada yerləşən bağ evi üzərində "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 07/06 nömrəli hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında “TBC KREDİT" BOKT MMC-nin mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarına açıq hərracın keçirilməsinə dair 1 nömrəli bildiriş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4834 ünvanındada yerləşən bağ evinin qiymətləndirilməsi barədə hesabat əlavə edilmişdir. İddiaçılar miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdehin xx.xx.2022-ci il tarixli məktublarında mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mirasın qəbul edilməsi üçün qanunvericilik altı ay müddət müəyyən etmişdir. Həmin müddət ötürüldükdən sonra mirasın qəbul edilməsi üçün mirasın qəbul edilmə müddəti məhkəmə tərəfindən üzrlü sayılaraq uzadıla bilər. Bu halda vərəsə mirası həmin müddətdə qəbul etməsinə hansı üzrlü halların mane olduğunu əsaslandırmalı və bununla bağlı sübutlar təqdim etməlidir. Göründüyü kimi iddiaçılar Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ evinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin uzadılmasını xahiş edirlər. Öncə qeyd edilməlidir ki, mübahisəli bağ evinin icarədarı olan İddiaçı5 Alı oğlu 2002-ci ildə vəfat etmişdir. İddiaçılar isə onun vəfatından təxminən 20 il sonra mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmişlər. Ötən bu müddət ərzində mirası qəbulu üçün notariat orqanına müraciət etməmələrinin səbəblərini əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, iddiaçılardan İddiaçı3 mübahisəli bağ evini öz adına sənədləşdirərək ipoteka kreditinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Sonradan krediti ödəyə bilmədiyi üçün evə tutma yönəldilmiş və ev “TBC KREDİT" BOKT MMC-nin mülkiyyətinə keçmişdir. İddiaçı3 öz izahatında mübahisəli bağ evi ilə bağlı hər hansı vərəsəlik işinin açılmadığını, bir tanışının vasitəsilə evi öz adına sənədləşdirdiyini bildirmişdir. Bütün bu prosedurlardan digər iddiaçıların ötən müddət ərzində məlumatsız olmaları məntiqli və inandırıcı görünmür. Həmçinin mübahisəli bağ evi hal-hazırda “TBC KREDİT" BOKT MMC-nin mülkiyyətindədir və digər bir şəxsin mülkiyyətində olan əmlakla bağlı mirasın əqbul edilməsi müddətinin uzadılması qanuni hesab edilə bilməz. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı miras kütləsinə daxil olan və mərhum ataları İddiaçı5 Alı oğlundan miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi iddiaçılar tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar