Məhkəmə qərarları › İş №2(060)-3576/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3576/2023

11.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3576/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 11 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı Akt əsasında ona hesablanmış 4358 manat əsassız borcun silinməsi və akt tərtib edildikdən sonra ondan əsassız olaraq tutulmuş pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onundur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə evinə baxış zamanı sayğacdankənar xətt aşkar edilmiş və bu barədə Akt tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən həmin qaz xəttinə görə ona itirilmiş qazın bərpası üçün borc hesablanmışdır. Bu barədə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmiş və orada göstərilmişdir ki, “Qaz sayğacının nominal qaz sərfı 4kub.metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin”. Bu hesbalama nəticəsində onun guya 1 il ərzində 35040 kub.metr ( 4x24x365=35040) qaz istifadə etdiyi nəticəsinə gəlinmiş və buna görə ona 4358 manat borc hesablanmışdır. Həmin tarixdən onun qaz üçün ödədiyi puldan 50% borca hesablanaraq çıxılır. O, cavabdehin qaz itikisinin hesablanması qaydası ilə razılaşmır və bunu qanunsuz hesab edir. Belə ki, o, həmin qaz xəttini cəmi 1 ay idi ki, çəkmişdi və cavabdeh yalnız bu ay üçün ona borc hesablaya bilərdi. Amma cavabdeh bunu bir il hesablamışdır ki, onun bir il qazdan qanunsuz istifadə etdiyini təsdiq edən hər hansı bir sübut yoxdur. Bundan əlavə, onun evi adi evdir və ikigözlü qaz plitəsi işlədir. Bu qaz plitəsinə görə saatda 4 kub.metr qaz hesablamaq və bunu bütün gün ərzində 24 saata və bunu da öz növbəsində bir ilə vurmaqla ona sərfıyyat hesablamaq qanunsuz olmuşdur. Əvvəla, heç kim evində 24 saat fasiləsiz qaz işlətmir, yalnız zərurət olanda cəmi 1-2 saat yemək bişirmək və ya çay qaynatmaq üçün istifadə edir. Bundan əlavə, bütün il ərzində onun qazdan qanunsuz istifadə etməyini təsdiq edən hər hansı bir sübut yoxdur. Həmin il ərzində onlar ailəlikcə yaşma bağlarında yaşamışdırlar və yalnız oktyabr ayında bir neçə gün, bir də dekabr ayında artıq soyuqlarla əlaqədar evilərinə qayıdıb yaşamışdırlar. Bundan əlavə, hətta bir il ərzində olsa da belə, cavabdehin tətbiq etdiyi qayda qanunsuz olmuşdur. Evinə dair qaz sərfıyyatına dair əvvəlki illərə dair cədvəldən də görünür ki, hər ay o, maksimum qız aylarında 300-500 kub.metr arası, isti aylarda isə cəmi 30-50 kub.metr qaz işlətmişdir, il ərzində isə cəmi 2600 kub metr qaz işlətmişdir. Amma cavabdehin hesablamasına görə ona illik faktiki işlətdiyindən 10 dəfə çox qaz sərfıyyatı hesablanmışdır ki, bu da onun bir vətəndaş kimi hüquqlarını pozur və onu ağır maddi duruma salır. Ona görə də o, cavabdehin hesablama qaydasını qanunsuz hesab edərək belə hesab edir ki, itmiş qazın bərpası üçün bu illər ərzində işlətdiyi qazın orta qiyməti miqdarında hesablanmalı idi. Ona görə də cavabdehin hesabladığı əsassız borc onun hesabından silinməlidir və bu vaxta qədər ondan tutulmuş artıq məbləğlər ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırılır ki, ünvan 2 ünvanına əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "Sayğaca baxış keçirildı. Sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə (rezin boru) təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur ( şəkillər və video görüntü əlavə edilir). Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, oıta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x365=35040m3 x 0,12qəpik= 4204,80 (dörd min iki yüz dörd manat səksən qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Dövlət təşkilatı kimi X2 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci bəndinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər kəs qaz xəttinə müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədərsə bu da öz növbəsində dövlətə maliyyə cəhətdən zərər vurar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq 2(060)-3576/2023 saylı mülki iş üzrə İddiaçı “əsassız hesablanmış borcun silinməsı” tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, akt tərtib edilən zaman o, evdə olmamışdır. Əslində onlar həmin ünvanda yaşamırdılar, daha sonra oraya köçmüşdürlər. Anası xəstədir, vəziyyəti yaxşı deyil. 1 ay müddətinə xətt çəkib qazdan istifadə etmişdirlər. Cavabdeh isə 1 ay üçün deyil, 1 illik kənar xəttdən istifadəyə görə cərimə hesablayıb. Bununla bağlı İdarəyə gedib bir ay üçün bu məbləğdə cərimə yazılmasının düzgün olmadığını bildirsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edir ki, kənar xətti oğlu çəkmiş, onun səhv addım atdığını etiraf edir. Kənar xəttədn onlar uzun müddət istifadə etməmişdirlər. Belə bir hal olsaydı, cavabdeh tərəf bunu görüb akt tərtib edə bilərdi. Belə ki, çəkilmiş kənar xətt görünən yerdədir. Hazırda o, kənar xəttdən bir aylıq istifadə üçün nəzərdə tutulan cərimə hesablanmasını istəyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-ninetibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 etiraza uyğun izahat verərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, daxil təlimata əsasən istehlakçının mənzilində aşkar edilən kənar xətt üçün cərimə 360 gün nəzərə alınmaqla hesablanmışdır. Qeyd edir ki, smart kart tipli sayğaclara 3 aydan bir, mexaniki sayğaclara isə hər ay baxış keçirilir. Abonentə məxsu saldoya baxarkən 2022ci il üçün ümumiyyətlə sərfiyyat olmadığı müəyyən edilir. İddiaçının əvvəlki illər üçün də qazdan istifadəyə görə kommunal xərci çox olmayıb, təxminən 350 manat dəyərində olub. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, K.Pereküşkül küçəsi, ev 56 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla, itirilmiş qazın həcmi 35040 m3 müəyyən edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, iddiaçıya məxsus Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, K.Pereküşkül küçəsi, ev 56 ünvanında olan sayğaca baxış keçirilmiş, sayğaca kənar xəttin qoşulduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında İddiaçı adına xx.xx.2021-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 4204,80 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, K.Pereküşkül küçəsi, 56 saylı evdə cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçı sözügedən mənzilə quraşdırılmış qaz sayğacına müdaxiləsi nəticəsində sayğacdan kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi halı ilə əlaqədar iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında İddiaçı 4204,80 manat borc hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Qaydaların 5.2-ci bəndinə (mübahisəli akt qəbul edilərkən qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 6.5-ci bəndinə (mübahisəli akt qəbul edilərkən qüvvədə olan redaksiyada) əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya mübahisələndirilən akta əsasən 4204,80 manat cərimə hesablandığı halda, İddiaçı ona hesablanmış 4358 manat borcun silinməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış 153,20 (4358- 4204,80) manat borc qazdan istifadə ilə əlaqədar yarandığından həmin hissədə iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas yoxdur. xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış borca gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunmuş videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli mənzildə qazdan kənar xətt vasitəsilə istifadə edilmişdir. Bu halı iddiaçı da məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir. Lakin videodiskdə olan görüntülərdən müdaxilənin nə zamandan bəri davam etdiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən də bu davamiyyətin hansı müddəti əhatə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında iddiaçının qazdan kənar xətt vasitəsilə istifadə edilməsi müddətinə dair hər hansı sübut olmadığı təqdirdə, vurulmuş ziyanın cavabdeh tərəfindən 365 gün müddətinə hesablanması ağlabatan deyil. Əks yanaşma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olardı. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hesabatın 30 gün müddəti üçün aparılması daha ədalətli və qanunidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi olaraq həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyan 30 gün müddətinə hesablanmaqla (4m3 x 24 x 30 gün= 2880 m3 x 12 qəpik=345,60 manat) təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan həmin məbləğdə (345,60 manat) borcun tələb edilməsi əsaslıdır, 3859,20 (4204,80-345,60) manat borcun tələb edilməsi hissəsində isə əsaslı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə (3859,20 manat) iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli akt tərtib edilərkən və cavabdehə dəymiş ziyan hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nda qazpaylayıcıya dəymiş ziyanın hesablanma qaydası, müddəti və s. barədə hər hansı müddəa olmamışdır. Lakin həmin Qaydalara xx.xx.2023-cü il tarixli qanunla müvafiq dəyişikliklər edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na 6.5-1-6.5-4-cü bəndlər əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı akt tərtib edildikdən sonra ondan əsassız olaraq tutulmuş pul vəsaitinin ona qaytarılmasını xahiş etsə də, akt tərtib etdikdən sonra etdiyi ödənişlərin məbləği və bununla əlaqədar ondan tutulmuş məbləğə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Eyni zamanda məhkəmə bu nəticəyə gələrkən iddia tələbinin tam (498,80 manat hissəsində) təmin edilmədiyini də nəzərə alır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı Akt əsasında hesablanmış 3859,20 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00560) xx.xx.2022-ci il tarixli ******* saylı Akt əsasında hesablanmış 3859,20 (üç min səkkiz yüz əlli doqquz manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar