Məhkəmə qərarları › İş №2(060)-3584/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3584/2023

29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3584/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixində tərtib olunmuş 032109 R №-li akta əsasən hesablanmış 1206.38 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton zavod ərazisi, 1 saylı İnşaatçı Məhəllə Komitəsi, Sənaye məhəlləsində yerləşən 173/A saylı fərdi yaşayış evi faktiki olaraq onun istifadəsindədir. Cavabdeh qurumun əməkdaşları tərəfindən istifadəsində olan ünvana xidmət edən elektrik sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və 032109 R №-li akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, guya “sayğacdan kənar xətt” istifadə olunur. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və ona 1206.38 manat məbləğində cərimə hesablanmışdır. Sayğac evdən kənarda yerləşir və o, ödənişləri vaxtı-vaxtında ödəmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın giriş xəttini zədələyərək “Kənar xətt” qoşaraq X1 olunur. Kənar xətt 4 mm2 aliminium məftildən ibarətdir. Naqilin qoyuluş gücü 6.1 kvt-dır. xx.xx.2023-cü il tarixli, NDM 032109 saylı akt əsasında 1235.92 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Aktın qeyd hissəsində kənar xətt ləğv edilsin qeydiyyatı aparılmışdır. Kənar xəttin ləğv olunmasına dair xx.xx.2023-cü il tarixli 431691 №-li protokol tərtib edilmişdir. Kənar xəttin aşkar olunması zamanı videoçəkiliş aparılmışdır. Bu da ona əsas verir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı Məhəllə Komitəsinin 212 №-li arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 173 saylı fərdi yaşayış evində yaşayır. - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nın pozulmasına görə akta əsasən 1235.92 manat borc mövcuddur. - Həmin sənəddən sözügedən mənzildə 2020-ci ildə 276.43, 2021-ci ildə 233.51, 2023-cü ilin yanvar-mart aylarında 13.36 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. Həmçinin, kənar xəttin ləğvindən (xx.xx.2023) sonra iyul ayında 16.16; avqustda isə 14 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. - İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2023cü il tarixli aktdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə 173№-li evdə yaşayır. Lakin, evi aldığı gündən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər evdə yaşayış olmamışdır. - 032109 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın giriş xəttini zədələyərək “Kənar xətt” qoşaraq X1 olunur. Kənar xətt 4 mm2 aliminium məftildən ibarətdir. Naqilin qoyuluş gücü 6.1 kvt-dır. - "xxxx" ASC-nin 431691 №-li protokolundan görünür ki, abonent kodu **********00823 olan ünvanda xx.xx.2023-cü ildə kənar xətt ləğv olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə iddiaçının sahibliyindəki 173№-li evə aid ona məxsus abonent koduna “X1 Qaydaları”nın pozulmasına (kənar xətdən istifadə) görə akta əsasən 1235.92 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Sözügedən mənzildə 2020-ci, 2021-ci və 2023-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 276.43; 233.51 və 13.36 manat dəyərində elektrik enerjisi sərf olunmuşdur. Həmçinin, kənar xəttin ləğvindən (xx.xx.2023) sonra iyul ayında 16.16; avqustda isə 14 manat dəyərində elektrik enerjisi istehlak edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, iddiaçı xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək müddətdə həmin evdə yaşamadığını bildirsə də, məhəllə komitəsinin möhürlədiyi arayışdan başqa bu faktı təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim etmədi. Əksinə abonent haqqında çıxarışdan görünür ki, kənar xəttin ləğv olunduğu xx.xx.2023-cü ildən sonrakı dövrdə, iyul və avqust aylarında 16.16 və 14 manat dəyərində, yəni əvvəlki aydan (0.88 man.) 15-18 dəfə artıq elektrik enerjisi istehlak edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı mayın 1-dən evdə yaşamağa başladığını bidlirsə də, may ayında 3.68 manat, özünün dediyinə görə artıq yaşayış olan iyun ayında isə cəmi 0.88 manatlıq elektrik enerjisi sərfiyyatı olmuşdur. Bu fakt iddiaçının kənar xətdən istifadə edilmədiyi, yaşayış olmadığından elektrik enerjisindən az istifadə olunması barədə dəlilinin həqiqətlə uzlaşmaması nəticəsinə gəlməyə əsas verir. Bununla belə məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. Belə ki, aidiyyəti saldodan sözügedən mənzildə 2020-ci ildə 276.43, 2021-ci ildə 233.51, 2023-cü ilin yanvar-mart aylarında 13.36 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, 265 gün deyil, 90 gün müddəti üzrə cərimənin hesablanması reallığı əks etdirər, ədalətli nəticəyə gətirib çıxarar. Bu məbləğin formalaşması üçün digər parametrlər iddiaçının tətbiq etdiyi normalara uyğun götürülməlidir. Çünki bu tarif və əmsallar mübahisələndirilmir və Qaydalara uyğundur. Qanunvericilik pozuntuya yol verilən zaman elektrik enerjisinin dəyərinin “on iki aydan çox olmayan müddətdə” hesablanmasını müəyyən etməklə, bu dövrün yalnız maksimum həddini göstərmiş, minumum zaman kəsiyini isə məhdudlaşdırmamışdır. Ona görə də 933.60 manat iddiaçının cərimə borcundan silinməlidir (2.1 kvt x (0.7) x 24 saat x 90 gün = 3175. Kvts; 2000 kvts x 0.08 manat = 160 manat; 1000 x 0.09 manat = 90 manat; 175.2 x 0.13 = 22.78 manat; cəmi 272.78 manat. 1206.38 – 272.78 = 933.60 manat) Belə olduqda, iddiaçı 272.78 manat cərimə ödəməlidir ki, bu da həmin evdə bir il ərzində istehlak olunan elektrik enerjisi sərfiyyatının dəyərinə (276.43; 233.51 man.) mütənasibdir. Belə ki, Qaydalarda cərimənin on iki aydan çox olmayan müddətdəki sərfiyyatın dəyərinə uyğun hesablanması nəzərdə tutulmuşdur. Odur ki, iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********00823 olan ünvana hesablanmış 933.60 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin əhatə etdiyi ərazidə yerləşən 173№-li ev üzrə qeydiyyata alınmış **********00823 saylı abonent koduna hesablanmış 933.60 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar